İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın “qırmızı xətt” siyasətindən dönüşü - 90 dəqiqəlik görüşün pərdəarxası...

3346 07.07.2023 09:45 Siyasət A A

İranlı nazir Prezidentlə görüşdə Zəngəzur dəhlizini müzakirə etdi, dövlət başçısı da koridorun reallaşmasında ən böyük əngəl kimi yalnız Ermənistanı göstərdi; “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyən Tehranın indi “Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik” söyləməsi “U” dönüşüdürmü?

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etmək üçün Bakıya gəlişi münasibətlərin gərginləşməsindən sonra ilk səfər idi.

Tehranın son açıqlamalarından belə aydın olurdu ki, İran əlaqələrin əvvəlki vəziyyətə qaytarılmasını, o cümlədən səfirliyin fəaliyyətinin bərpasını arzulayır. Nazir də qabaqcadan tvitter hesabında qeyd etmişdi ki, Bakı səfəri regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün fürsət olacaq.

“Yeni Müsavat” bildirir ki, bəli, Hüseyn Əmir Abdullahiyan Azərbaycana gəldi, iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda oldu. İranlı nazir ölkəsinin prezidenti İbrahim Rəisinin salamlarını Azərbaycan dövlətinin başçısına çatdırıb. Prezident Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını iranlı həmkarına çatdırmağı xahiş edib. Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik edən İranın XİN başçısı ölkəmizin sədrliyi dövründə hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb. Abdullahian Prezidentin Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini qeyd edib, onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.

İranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu deyib, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb. Görüşdə əsas müzakirə mövzusu təbii ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırması olub. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Prezident öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib. İranın xarici işlər naziri ilə Zəngəzur dəhlizinin açılması da müzakirə edilib. Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olunub.

Görüşdə İranın Zəngəzur dəhlizi ilə bağlı çəkdiyi “qırmızı xətt” siyasətinin müzakirəsi də təqdirəlayiq haldır. Məlumdur ki, bu “qırmızı xətt” siyasəti Zəngəzur dəhlizinin reallaşmasında daha bir maneədir. Maraqlıdır ki, tədbirdəki çıxışında Prezident İlham Əliyev Zəngəzur dəhlizinin reallaşmasında ən böyük əngəl kimi yalnız Ermənistanın adını çəkib. Görüşün digər təfərrüatı açıqlanmır, amma Bakının səfirlik və əlaqələrin əvvəlki səviyyədə bərpası üçün şərtləri məlumdur. Səfirliyin bərpası yalnız terror aksiyasını həyata keçirən və onu sifariş verən şəxslərin ədalət məhkəməsi qarşısında dayanmasından, layiqli cəzalarını almasından və diplomatlarımızın təhlükəsizliyinə əminlik yaradan mexanizmlərlə təminat verməsindən sonra mümkün ola bilər.

Əlbəttə, münasibətlərin pisləşməsində daha bir mövzu İranın xüsusi xidmət orqanlarının Azərbaycandakı radikal qruplar vasitəsilə daxili gərginlik yaratmaq, dövlətimizə qarşı ideoloji təxribatlar da var. Hər halda, İran xarici işlər naziri ilə müzakirələr qonşu dövlətlər arasında münasibətlərin mülayimləşməsi kimi dəyərləndirilə bilər. Amma bəzi ekspertlərə görə, İranda Azərbaycanla bağlı qərarları XİN deyil, güc strukturları - İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. O baxımdan bu görüşlərin davamı olması, İranın Azərbaycana münasibətdə sərt ritorikadan əl çəkməsi  vacibdir. 

Görüşdən sonra nazir deyib ki, ümumi görüşdən sonra Prezident İlham Əliyevlə 90 dəqiqəlik görüş olub. “Danışıqlar bizim anlaşılmazlıqları aradan qaldırmaqda kömək oldu. Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik” - XİN başçısı əlavə edib. Bakı-Tehran  münasibətlərində dönüş gözləməyə dəyərmi? “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyən Tehranın indi “Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik” söyləməsi “U” dönüşüdürmü? Bir müddət əvvəl də münasibətlərdə normallaşma gedirdi, sonra yenidən gərginləşdi. İranlı nazirin gəlişini və çıxışlarını müvəqqəti xarakter daşıyan geri çəkilmə kimi qiymətləndirmək olarmı, yoxsa həqiqətən İran Azərbaycanla barışmaq istəyir?

Daşnaklar sülh müqaviləsinə qarşı çıxdılar

Murad Saddədinov

Politoloq Murad Saddədinov İranın sabit xarici siyasəti olmadığını düşünür. Onun  dediyinə görə, Tehran əvvəlcə problemi yaradır, sonra həllinə çalışır. “İndi anlayırlar ki, Azərbaycan bu məsələlərdə divident qazandı. Hazırda Şimal-Cənub yolunun açılması ilə bağlı danışıqlar gedir. Burada açar dövlət Azərbaycandır və bizim razılıq olmadan mümkün deyil. İran bunu başa düşür və əvvəlki iddialarından geri çəkilməyə başlayıb. Bundan əlavə, İran özünü dünya siyasətində xeyli təcrid edib və onun müttəfiqi Rusiyanın da vəziyyətinin ağırlaşdığını görməkdədir. Ona görə cənub qonşumuzun siyasətində yumşalma getdikcə davam edəcək”, - deyə ekspert belə proqnozlaşdırır. Səfirliyə terrora gəlincə, politoloq İrandan gələn açıqlamaların səmimiyyətinə inanmır: “Çalışırdılar ki, Azərbaycanın günahı olduğunu göstərsinlər. Guya səfirlik terrorçunun arvadını buraxmır. Ancaq açıqlamalar və həmin qatilin efirə çıxarılması göstərdi ki, hər şey ssenariləşdirilib. Ona görə inanmıram ki, terrorun üstünü açsınlar. Yenə də İranın addımlarına baxacağıq”.

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlıya görə, Abdullahianın Bakıya səfəri Qoşulmama Hərəkatının iclası ilə bağlı olsa da, əsasən Bakı-Tehran xəttindəki münasibətlər fonunda diqqət çəkir: “Və bu səfər münasibətlərin normallaşması üçün başlanğıc ola bilərmi sualını yaradır. Gözlənti azdır, çünki nə Bakının istək-tələbi dəyişib, nə də İran rejiminin regional siyasətində korrektlər nəzərə çarpır. Prezident İlham Əliyevin Abdullahianı qəbul edərkən, vurğuladığı iki məsələ də bu fikri gücləndirir: Tehranda səfirliyimizə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin cəzalandırılması. Əliyevin bunu cəm şəklində qeyd etməsi terror aktının İran rejimi daxilindəki qüvvələr tərəfindən sifariş edildiyi mövqeyinin və onların cəzalandırılması tələbinin davam etdiyini göstərir; ikincisi, Zəngəzur dəhlizi: rəsmi məlumatda "Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldığı" qeyd olunur. Bəllidir ki, Prezident Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyini yenidən dilə gətirib və İranın buna qarşı çıxması üzərində müzakirə aparılıb".

Ekspertin fikrincə, hər iki məsələ İran tərəfindən qəbul edilmir, səfirliyimizə qarşı terror aktının arxasında dayanan səbəblərin arasında Zəngəzur dəhlizi layihəsinin olduğu da sirr deyil: “Abdullahianın terror aktının "ciddi şəkildə" araşdırıldığı və Tehranda səfirliyimizin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvar olduğu haqda dedikləri isə sadəcə diplomatik dildir, reallıqda İran nəinki səfirliyimizə qarşı terror aktını araşdırmır, hətta terror aktını törədən şəxsi belə xəstəlik bəhanəsi ilə istintaqdan yayındırıb. Bu baxımdan, Abdullahianın Bakı səfərinin və dediklərinin münasibətlərin normallaşmasının başlanğıcı olacağı inandırıcı görünmür. Bakı-Tehran xəttində “müvəqqəti atəşkəsə” bənzəyən mövcud vəziyyətin davam edəcəyi ehtimalı daha çoxdur".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR