İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran vəd verdi, Bakı isə nəticə gözləyir

892 12.07.2023 09:30 Siyasət A A

Cənub qonşumuz Azərbaycanın tələblərinə əməl edəcəkmi?; nazirlərin Bakı bəyanatlarından sonra dəyişən bir şey yoxdur; ekspertlər də pessimistdir...

İran-Azərbaycan münasibətlərindəki gərginliklər səngimiş kimi görünsə də, hələlik mövcud problemlərin aradan qaldırılması istiqamətində ciddi addımların atıldığı müşahidə olunmur.

Bəzi ekspertlər Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin Bakıda keçirilən iclasında iştirak edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın görüşləri və verdiyi açıqlamaları münasibətlərin tənzimlənməsi istiqamətində mühüm addım hesab edirlər. Qeyd edək ki, iclasda çıxış edən İranın xarici işlər naziri Tehranın Cənubi Qafqaz regionunda mübahisələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevlə görüşdə əmin olub ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatın həyata keçirilməsinə sadiqdir. Abdullahiyan əlavə edib ki, Azərbaycan kommunikasiya və nəqliyyat marşrutlarının açılmasını dəstəkləyir və bu, üçtərəfli bəyanatda öz əksini tapıb. “İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Prezident İlham Əliyevlə görüşü zamanı münasibətləri açıq şəkildə müzakirə etmək imkanı oldu. İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”. Bunu isə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov bildirib. Nazir deyib ki, yaxın günlərdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq. Görüş İranın Astara şəhərində keçiriləcək.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra Prezident İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib. Hücumdan sonra Tehrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb. Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib. Rəsmi Bakı Tehrandakı səfirliyinə hücumun araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. Ekspertlər deyir ki, iranlı nazir, son vaxtlar ölkələrimiz arasındakı münasibətləri dostluq adlandırmaq çətin olduğunu nəzərə alsaq, kifayət qədər diqqətəlayiq bəyanatla çıxış edib. Üstəlik, Abdullahiyan Ermənistan üçün kifayət qədər ağrılı məqama toxunub. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdir. Rəsmi İrəvan hər dəfə Bakının üçtərəfli müqavilənin bəndlərini yerinə yetirmədiyi barədə təbliğat aparır. Ermənistanın ən yaxın müttəfiqi İranın naziri Azərbaycanın üçtərəfli saziş üzrə öhdəliklərini yerinə yetirdiyini bəyan edir, kommunikasiyaların açılması məsələsini önə çəkir. Şübhəsiz ki, bu bəyanat İrəvanı qane edə bilməz. Ekspertlər onu da vurğulayır ki, Azərbaycanda heç bir xüsusi illüziya olmamalıdır. Çünki rəsmi Tehran ritorikasını tez-tez dəyişə biləcək ölkədir. İranla münasibətlərdə dönüş gözləmək olarmı? Nazirin bəyanatı İrəvan-Tehran dostluğunu poza bilərmi?

Sahib Alıyev: Bayrağımızın yandırılması Azərbaycana qarşı dövlət  səviyyəsində yürüdülən nifrət siyasətinin təsdiqidir

 Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, İranın xarici işlər nazirinin üçtərəfli bəyanat haqda açıqlamasında güdülən məqsəd heç də obyektiv mövqe ortaya qoymaq deyil: “Onun sərgilədiyi münasibət imzalanmış sənədin Tehrana da aidiyyəti olduğunu sərgiləmək, fransasayağı regiondakı proseslərdə yer almaq, maraqlarını diktə etmək cəhdidir. İran əgər regionda sülhə xidmət etmək və obyektiv olmaq istəyirsə, ciyərparası Ermənistanı həmin sənəddə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə, ordusunun tör-töküntülərini Qarabağdan çıxarmağa çağırmalıdır. Biz bunu görmürük. Görmədiyimiz üçün də bildiririk ki, İranla Səudiyyə arasında münasibətlərin normallaşmasına yönələn son anlaşmaya birincinin əməl etməməsi haqda Azərbaycanın mövqeyi tehrandakılar üçün nə dərəcədə aktualdırsa, Abdullahiyanın üçtərəfli bəyanat haqda açıqlaması da bizim üçün o qədər aktual və əhəmiyyətlidir. Hətta deyərdim ki, bizim bu haqda fikirlərimiz qarşı tərəf üçün daha aktual xarakter daşımalıdır, çünki Azərbaycan, Səudiyyə və İran eyni qurumun-İKT-nin üzvləridir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın isə İrana heç bir dəxili yoxdur. Və ona kimin necə əməl etməsi məsələsində heç kəs İranı arbitr seçməyib”.

Azərbaycan-İran əlaqələrinin normallaşmasına gəldikdə, S.Alıyev xatırlatdı ki, Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı bizim tələbimiz ən yüksək səviyyədə səsləndirilib: “Rejim ona əməl edəcəkmi? O terrorun təşkilatçıları cəzalandırılacaqmı? Mən nə buna, nə də Tehran rejiminin hər hansı vədinə inanıram. İndiyədək verdiyi açıqlamalardan, "gah nala, gah da mıxa vurmasından" və Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktının təşkilatçılarını çox yaxşı tanıması faktından çıxış edərək Abdullahiyana heç güvənmirəm".

Sahib Məmmədov: “QHT Şurasının vəzifəsi yalnız maliyyə yardımı vermək  deyil” - 22.04.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə iki ölkənin əlaqələrindəki yeni mərhələ ilə bağlı bunları söylədi: “İran xarici işlər nazirinin Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin Bakıda keçirilən toplantısına qatılması və tədbir dövründə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunması ümumən müsbət haldır. Azərbaycan hər zaman qonşu dövlətlərlə, o cümlədən İran İslam Respublikası ilə mehriban qonşuluq, sıx əməkdaşlıq tərəfdarı olub və onun xarici siyasətinin əsas xəttini də öz ərazilərinin qonşu dövlətlərə qarşı nə hərbi, nə iqtisadi, nə ideoloji hücumlar üçün platsdarm rolunu oynamasına imkan verməməsi tutur. İstisna Ermənistandır, o da məlum səbəblərə görə. Ermənistanla da münasibətlər yaxşılaşdıqca, ona da münasibət digər qonşulara olan münasibət kimi olacaq”. S.Məmmədov qeyd etdi ki, hazırda İran üçün əlverişli dövr deyil: “Bu baxımdan, İran Azərbaycanla onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirmək istəmir. Həmçinin İranın məlum ritorikası və anti-Azərbaycan fəaliyyəti əks nəticə verdi. Bu baxımdan, İran Azərbaycanla münasibətləri normallaşdırmağa maraqlı görünə bilər. Lakin İranın hazırkı əməlləri, o cümlədən Ermənistanla strateji müttəfiqlik münasibəti, İrandakı Azərbaycan səfirliyində baş verən terror aktının istintaqının tam qapalı aparılması, Azərbaycanla qarşılıqlı hüquqi yardımla bağlı müqavilə olmasına baxmayaraq, bizim istintaq orqanları ilə bu sahədə əməkdaşlığın olmaması, İran mediasında anti-Azərbaycan fəaliyyətin davam etməsi onu göstərir ki, İran son bəyanatlarında o qədər də səmimi deyil”. STM əməkdaşı qeyd etdi ki, hər halda, münasibətlərdə gərginliyin azalması hər iki tərəfin maraqlarına uyğundur: Azərbaycan tərəfinin təklifləri nəzərə alınarsa, o cümlədən İran səfirliyimizdə baş vermiş terror aktının hərtərəfli araşdırmasını həyata keçirərsə, cinayəti təşkil edənləri və icraçıları cəzalandırarsa, həmçinin Azərbaycanın Ermənistanla münasibətlərinə birtərəfli münasibəti dayandırarsa, bu zaman əlbəttə, münasibətlərimizin yaxşılaşması baş verə bilər. İndiki halda müsbət hal odur ki, iki dövlət arasında iqtisadi münasibətlər davam edir. İran xarici işlər nazirinin üçtərəfli bəyanatın müddəalarının icra olunması ilə bağlı açıqlaması və kommunikasiyanın açılmasına müsbət münasibət bildirməsinin arxasında konkret addımlar olmalıdır. Hələ ki bu addımları görmürük. Bu baxımdan, səsləndirilən fikirlər, sadəcə, açıqlamadır və belə açıqlamalar İrəvanla Tehran arasındakı münasibətlərə xələl gətirməyəcək".

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

“İran XİN rəhbərinin Azərbaycana səfəri, əlbəttə, Azərbaycanla münasibətləri normallaşdırmaq baxımından əhəmiyyətlidir”. Bu sözləri isə qəzetimizə açıqlamasında politoloq Tural İsmayılov söylədi. Ekspertin sözlərinə görə, nəzərə almalıyıq ki, Azərbaycan-İran münasibətlərinin gərgin vəziyyətinin səbəbkarı İrandır: “Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin toplantısı səviyyəsində həyata keçirilən bu səfərdə İran XİN rəhbəri ilə İranın Azərbaycana qarşı atdığı qəbuledilməz addımları müzakirə ediləcək və İran-Azərbaycan münasibətlərində narazılıq yaradan məqamlar, həmçinin iki ölkə arasında münasibətlərin bundan sonrakı vəziyyəti müzakirə predmeti olacaq, amma təbii ki, tək bir səfərlə Azərbaycanla İran arasında İranın ucbatından dağılmış münasibətləri bərpa etmək, tam olaraq dostluq münasibətləri yaratmaq qeyri-mümkündür. Çünki İranın rəsmi mediasında Azərbaycana qarşı dezinformasiyalar və informasiya hücumları bir an belə olsun dayanmır”. Politoloq onu da qeyd etdi ki, bu görüşdən sonra köklü şəkildə iki ölkə arasındakı münasibətlərin düzəlməsi gözlənilmir: “Lakin Azərbaycanla İran arasındakı münasibətlərin bundan sonrakı inkişafı baxımından İran XİN rəhbərinin Bakıya səfərinin və keçirdiyi görüşlərin əhəmiyyəti mövcuddur”.

Cənub qonşumuz vaxtaşırı etimad mühitindən sui-istifadə etdiyi, işğalçı Ermənistanın hələ bəlli olmayan sərhədlərini özünün “qırmızı xətti” saydığı halda, Azərbaycanın ərazi bütövlüyünə qəsdə kəskin reaksiya vermədiyi üçün bu dəfə də çox uzaqgedən nəticələr çıxarmaq üçün əsaslar mövcud deyil. Üstəlik, açıqlamalardan o da aydın olur ki, İran daha çox Arazın üzərindən adlamaqla Naxçıvana gediş-gəliş imkanlarımızın yaranmasında maraqlıdır. Yəni dolayısı ilə Arazboyu uzanacaq Zəngəzur dəhlizinə qarşı çıxış mənasını verir. Gözləyək. Körpülərin tam yandırılmaması İrandan asılıdır, yetər ki, beynəlxalq hüquqa əməl etsin...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR