İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanqo festivalı üçün ortaq

451 09.06.2026 18:10 Yazarlar A A

 

Ardıcıl olaraq yenə İçərişəhərə qayıdırıq, mövzu çıxıb, mənlik deyil. Şairin misrası ilə ifadə eləsək: “İçəri şəhər, Biçarə şəhər”.

Ancaq o, əski zamanlarda elə idi, indi İçərişəhər böyüyür, inkişaf edir, dünya arenalarına çıxır. Yaxın illərdə İçərişəhəri uzadıb Biləcəriyə birləşdirmək Bakı şəhərinin perspektiv baş planına daxildir.

Mövzu isə budur: 19-24 iyun tarixlərində İçərişəhərdə “Tanqo festivalı” keçiriləcəkdir.

Gör nə gözəl, sevindirici xəbərdir. Şəxsən mən bunu oxuyanda şortikli gənci söyən məhlə ağsaqqalını xatırlayıb səsli güldüm. Molla Nəsrəddin demişkən, buyur, filin dişisi gəlir... Hər halda, ömründə haçansa tanqo rəqsini izləmiş zəhmətkeşlərimiz nəyə işarə vurduğumu anladılar. Anlamayana da indən belə anlatmağın mənası yoxdur.

Sözgəlişi, bəlkə bu festivalı “20 yanvar” metrosu tərəfdə keçirsələr daha məqsədəuyğun olardı, çünki tək pik saatlarda yox, sutkanın istənilən vaxtı orda zəhmətkeşlərimiz fokstrot, samba, ça-ça-ça, cayv kimi rəqslər oynayırlar. Birdən görürsən, hansısa taksi sürənlə Sumqayıt sakini qol-boyun olub Vyana valsı hərəkətlərini təkrarlayır. Lambada, ləzginka, milli rəqslərimizdən “Nəlbəki” və “Tərəkəmə” də metrolarımızda aktualdır. İndi tanqo festivalı olacaqsa, bunu alqışlayıram. Yaxşı rəqqasa bizdə heç kim və heç nə mane olmur.

Hərçənd, başqa bir populyar məsəldə deyilən kimi, “tanqo üçün iki nəfər lazımdır” və zəhmətkeşlərimizin tanqoya münasibəti hökumətin münasibətinə nisbətdə arxaikdir, köhnəlmişdir. Hökumət deyir, gəlin oynayaq, bunlar isə heç şortikə dözmürlər.

Əlbəttə, İçərişəhər bir günə tikilməmişdir, yavaş-yavaş öyrəşəcəklər. Bir də görəcəyik özləri tanqo oynayırlar – yuxarıdan tapşırıq gəlməsə belə.

Mövzu açıldı, İçərişəhərlə bağlı başqa əhvalat yadıma düşdü. Apreldə qala divarlarının bir hissəsi uçmuşdu, dedilər, yağışa görədir. Ancaq çox adam bir detala fikir vermədi ki, uçan hissə hasarın Azərbaycan Dövlət İqtisad Universitetinin həyətinə açılan tərəfində idi. Məncə bu, simvolik uçqun idi: hasar iqtisadiyyatımızın görünməmiş inkişafına dözməyərək uçmuşdur. Elə hasar iqtisadiyyatı ifadəsi bazar iqtisadiyyatı ilə qafiyəli səslənir, təklif edirəm, AYB üzvləri bu istiqamətdə bir poema yazsınlar. Tanqo festivalında hiss-həyəcanın, ritmlərin təsirindən hasarlar yenə qızışıb kərpic tökə bilər, əlaqədar orqanlar nəzərə alsınlar.

Hasarın filoloji analizi mənə qol-qanad vermişdir və bu biliklərimi kənd təsərrüfatına tətbiq edirəm. Hazırda bağ-bağatı cürbəcür cücülər, həşəratlar məhv etməkdədir, kəndlilər qan ağlayır, deyirlər, məhsul-zad olmayacaqdır. Yağış da ki kəsmək bilmir, elə bil, biz Hollandiyada yaşayırıq. Ağaclara ziyan vuran cücülərdən birinin adına diqqət edin: mənənə! Nə qədər yerində bir cücüdür... Biz hamımız, xalq, hökumət, kəndli, məmur, ziyalı və sairə elə bu prinsiplə yaşamırmı? Xalqın dərdi-səri olanda “mənə nə” demirikmi? Bu əsl bizim, milli, dədə-baba həşəratımızdır. Gənə və yastıcanı, məxmər bağacığını da təhlil edərdim, yerimiz azdır. Hələlik ən sevimli böcəyimiz mənənədir.

Böcək demişkən, bu yaxında şəhəri basan qanadlı qarışqalardan bəhs etmişdim. Qonşumuz onların hücumuna davam gətirməyib evdən qaçmışdı. Pəncərənin bayırında o qədər cücü yığılmışdı ki, lap istəsən topla, kotlet bişir. (Bunu fantaziya kimi yazmıram, bəzi Afrika ölkələrində ağcaqanadlardan kotlet bişirirlər). Əslində bu üsulla ət, mal-heyvan, quzu problemini həll edə bilərik. Hətta uşaqlar ağzı açıq dolaşsalar havayı protein əldə edərlər, bu minvalla uşaq pulu problemi aradan qalxar.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz qarşıdan gələn tanqo festivalı üçün ortaq, tərəf-müqabil tapmısınızmı?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR