İnsanlara hürriyət, millətlərə istiqlal!

Talıbovlar banklarda olan milyonlarını daşıyır

2802 11.05.2023 13:22 Gündəm A A

Azərbaycanın 3 bankından qısa müddətdə 2 milyard manatın çıxarılması haqlı suallar doğurur; ekspert: “İndiki halda pulu çəkib çox güman ki, xaricdəki bizneslərinə ötürəcəklər”

Bu ilin yanvarı ilə müqayisədə birinci rübün sonunda Azərbaycanda şirkətlərin banklarda saxladıqları vəsaitlərin həcmi 22 milyard 280 milyon manatdan 20 milyard 214 milyon manata düşüb.

Bu barədə Mərkəzi Bankın açıqladığı məlumatda bildirilir. Baş bankın məlumatlarını təhlil etdikdə ilin əvvəlindən keçən 3 ay müddətində təxminən 2 milyard manat azalmanın olduğu görünür. Faiz olaraq ən böyük azalma “Muğan Bank”da və “Bank Avrasiya”da qeydə alınıb. Şirkətlərin bu banklarda saxladığı vəsaitin həcmi üç ay ərzində, uyğun olaraq, 65 və 52 faiz azalıb.

“Naxçıvanbank”ın da depozit portfeli kəskin azalıb. Bu azalma Vasif Talıbovun Muxtar Respublika Ali Məclisinin sədri vəzifəsini tərk etməsindən və bankın rəhbər heyətinin dəyişməsindən sonra baş verib. 2023-cü ilin ilk üç ayı ərzində şirkətlərin bu bankda saxladığı vəsaitin həcmi 145 milyon manatdan 105 milyon manata düşüb, başqa sözlə, 30 faizə yaxın azalıb. Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankı idi. 2008-ci ildə 10 milyon manatlıq kapitalla təsis olunarkən "Naxçıvanbank» ASC-nin 7 səhmdarı vardı: Talıbov Vüqar İlqar oğlu (10 faiz), Sultanova Sevil Rza qızı (10 faiz), Abbasov Vüqar Zakir oğlu (30 faiz), Emin Uçar Rəsul oğlu (30 faiz), Teymurov Vurğun Bəbir oğlu (5 faiz), Əliyeva Tünzalə Meydan qızı (5 faiz) və Talıbov Rza Vasif oğlu (10 faiz). 

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurası bu ilin yanvarında yenidən formalaşdırılıb. İndiyə qədər şuranın üzvləri olan Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) və Rıfat Mahmudov da vəzifələrindən azad ediliblər. Bəzi iddialara görə, o, həm də bankın səhmdarlarından biri olub.  Vasif Talıbov bu şəxslərin vasitəsilə “Naxçıvanbank”da əhəmiyyətli paya sahib olub.  Hazırda bankın rəsmi internet səhifəsində səhmdarların 3 fiziki şəxs olduğu qeyd edilib. Səhmdarlar haqqında məlumata Baharxanım Talıbovanın istefasından sonra düzəliş edilib.

Üç uşaq atası Vasif Talıbovla bağlı statuslara görə həbs olunub

Məlumatlara görə, Rıfat Mahmudov da bankın səhmdarlarından biridir. Rıfat Mahmudov haqqında məlumatlarda onun Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi olduğu, eyni zamanda Talıbovların biznes strukturlarından olan “Nəqşicahan” şirkətində çalışdığı qeyd edilib. Rıfat Mahmudov Sədərək Gömrük İdarəsinin sabiq rəisi Nicat Mahmudovun qardaşıdır.  N.Mahmudov bu ilin martında Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb. Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib. O, bu posta 2018-ci ildə təyin olunmuşdu. Məlumatlarda “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərovun da bankın səhmdarlarından olduğu bildirilirdi. Bu şəxs də Vasif Talıbova yaxın olduğuna görə Müşahidə Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb.

“Naxçıvanbank” ASC uzun illər qeyri-qanuni olaraq, mənfəət vergisini ödəmədən azad edilmişdi. Bu qərar muxtar respublikanın Nazirlər Kabineti bölgədə “nağd pulla əməliyyatların sayını azaltmaq və kiçik sahibkarlığı dəstəkləməyə təşviq etmək”lə izah edirdi. Bank kreditləri isə Talıbova yaxın məhdud çevrəyə daxil olan müştərilərə verilirdi. Ayrıca götürülmüş bir banka özəl güzəştin verilməsi əlbəttə ki, qanuni  sayıla bilməzdi. Əgər vergiləri ödəməkdə güzəşt tanınırsa, o zaman bölgədəki bütün banklar həmin vergidən azad edilməli idi.

Güman ki, qızının vəzifəsindən uzaqlaşdırılması ilə bu bank da Vasif Talıbovun əlindən çıxıb və paralarını geri çəkirlər, həm də təkcə “Naxçıvanbank”dan yox...

Uzun illər bank sektorunda rəhbər vəzifələrdə çalışmış və bankların “mətbəxindən” xəbərdar olan tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanın 3 bankından 2 milyard manatın qısa müddətdə çıxarılmasının əsas səbəbi məmur sahibkarlığıdır: “Məmurların gəlir bəyannaməsi verməməsi onların sərbəst şəkildə büdcə vəsaitlərini ələ keçirmələrinə geniş imkanlar açır. 18 il əvvəl prezident Nazirlər Kabinetinə tapşırıq verib ki, məmurlar üçün gəlir bəyannaməsinin formasını hazırlasın. Ötən 18 ildə 4 baş nazir olub, amma heç biri bəyannamə formasını hazırlamaq üçün heç bir iş görməyib. Ona görə də məmur sahibkarlığı Azərbaycanda qol-qanad açıb, dərin köklər atıb. Bu baxımdan, hansısa məmura demək olmaz ki, bankdan geri çəkdiyin bu qədər pulun mənbəyini göstər. Pullar geri çəkilən banklar əsasən məmurların özlərinindir və orada saxlanılan pullar da özlərinə yaxın şirkətlərin olur. Vəzifədən gedəndə də öz şirkətləri öz banklarından pulları geri çəkirlər. İndiki halda pulu çəkib çox güman ki, evdə saxlayırlar və ya xaricdəki bizneslərinə ötürəcəklər. Xaricə daşınan pullarla bağlı dövlət hərəkətə keçməlidir. Xaricə pul çıxarmaq olar, amma qanunda göstərilən məhdudiyyətlə. Burada dövlət kimsəyə deyə bilməz ki, niyə öz bankından pulları çıxarırsan? Və ya ümumiyyətlə, bankdan pulun çıxarılmasını kiməsə irad tutmaq olmaz. Azərbaycan banklarından çıxarılan məbləğ böyükdür. Bir müddət sonra çox güman ki, xaricə qaçırılacaq”.

Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk  etnosuna mənsubdur? Bunun özü hələ sualdır...” Pravda.az

Əkrəm Həsənov

Əkrəm Həsənov deyir ki, son dövrdə Azərbaycanda banklardan müştərilər də pullarını geri çəkməyə başlayıblar: “Əsasən xarici müştərilər banklardan pullarını geri çəkirlər. Çünki Azərbaycanda banklar xarici valyutada qoyulan əmanətlərə 1 faiz və daha aşağı faiz verilir. Vaxtilə bu məbləğ daha çox idi. Ona görə də pulları Azərbaycan banklarından çəkib xaricdəki banklara yatırırlar. Digər əsas səbəb isə bütövlükdə Azərbaycanın bank sisteminə etibar yoxdur. Azərbaycanda son 7-8 ildə 20-dən çox bank bağlanıb. Ancaq xarici müştərilər 100 milyonlarla pullarını itiriblər. Əmanətlərin Sığortalanması Fondu həmin bankların ləğvedicisidir. Fondda baş verən qanunsuzluqlardan günlərlə danışmaq olar, ümumiyyətlə isə Azərbaycan banklarında şəffaflıq yoxdur. "Azərbaycan banklarında nə edirlər" sualına cavab yoxdur. Bunu bizimlə yanaşı xaricilər də görür və bilir. Ona görə də Azərbaycana pul qoymaqdan çəkinirlər, bilirlər ki, ölkəyə pul qoymaq təhlükəlidir. Xarici müştərilər şəxsi söhbətlərdə deyirlər ki, dünyanın heç bir ölkəsinin bank sektorunda belə qapalı bazar yoxdur. Anqola bankları heç olmasa nə iş görməsi barədə məlumat verir. Azərbaycanda isə bunu da lazım bilmirlər".

Əkrəm Həsənov deyir ki, Azərbaycanda dövlət məmurlarının gəlir və xərc bəyannaməsi yoxdur deyə, banklardan çəkilən külli miqdarda pulların mənbəyini müəyyən etmək mümkün deyil: “Banka qoyulan və geri çəkilən pulların cinayət yolu ilə, korrupsiyadan əldə olunmasını təsdiqləmək üçün konkret faktlar olmalıdır. Vasif Talıbova bu gün demək olmaz ki, bu qədər pul səndə haradandır? Necə qazanmısan bu pulları? Çünki bütün digər məmurlar kimi Vasif Talıbov vəzifədə olduğu illərdə gəlirləri və xərcləri haqda bəyannamə verməyib. Çünki belə bəyannamə forması 18 ildir ki, Nazirlər Kabineti tərəfindən hazırlanmır. Bunun özü qanunsuzluq, korrupsiyaya yol açmaqdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR