İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa qurultayında dünyaya verilən ismarışlar - reaksiyalar

690 26.04.2022 11:00 Gündəm A A

“Beynəlxalq hüquq çərçivəsində öz torpaqlımızı işğaldan azad  etmişik və başımıza gələnlərə inanmayanları tarixi  öz gözləri ilə görməyə dəvət edirik”

Mədəniyyət paytaxtımız Şuşa şəhərində aprelin 22-də növbəti tarixi hadisə baş verdi. Belə ki, ötən həftənin cümə günü Dünya Azərbaycanlılarının V Qurultayı işə başladı və Azərbaycan Prezidenti tarixdə ilk dəfə Azərbaycan diasporunun təmsilçiləri ilə Şuşada görüşdü, onların qarşısında nitq söylədi.

Şuşada iki gün ərzində keçirilən tarixi Zəfər Qurultayına dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsi qatılıb. Şuşanın erməni vandalları tərəfindən dağıdılmış tarixi binalarının qarşısında quraşdırılmış tribunadan həm dünya azərbaycanlılarına, həm ermənilərə, həm də illər boyunca işğalı stimullaşdıran və bu gün də havadarlıq etməkdən çəkinməyən qüvvələrə, paytaxtlara olduqca önəmli mesajlar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayda geniş nitq söyləyərək deyib ki, biz şəhidlərimizin qanını döyüş meydanında aldıq, qisasımızı düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəlli verir: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər Qurultayıdır”.

Nuran Abdullayev: Bu gün Azərbaycan olaraq diaspor fəaliyyətindəki  inkişafın yeni mərhələsinə çatmışıq - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Nuran Abdullayev 

Qurultayla bağlı öz təəssüratlarını “Yeni Müsavat”la bölüşən Almaniya Azərbaycanlıları Alyansının sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bunları deyib:  “Təbii ki, təəssürat möhtəşəm idi. Biz hisslərimizi sözlə ifadə edə bilmirik. Bunun da səbəbi təbii ki, qürur, xoşbəxtlik idi, digər tərəfdən müəyyən formada fərqli hisslərin yaşanması idi. Bu fərqli hisslər nədir? Biz xoşbəxt idik ki, Azərbaycanda idik, işğaldan azad olunmuş torpaqlarımızı görürdük. Bundan əlavə, Qarabağın gözü olan Şuşada şəhidlərimizin qanı ilə alınan, müqəddəsliyin ən yüksək zirvəsi olan Şuşada toplaşmışdıq. Həmin tədbirdə torpaqları işğaldan azad olunmuş bir ölkənin vətəndaşları kimi iştirak edirdik. Bu amil qurultayın özünəməxsusluğu idi, olduqca qürurverici idi. Digər tərəfdən, Zəfər yolu ilə Şuşaya doğru gedəndə digər işğaldan azad olunmuş torpaqlarımızda baş verən erməni barbarlığı, erməni vəhşiliyinin şahidi olduq. Bu da insanı təbii ki, kədərləndirir, fərqli hisslər yaşadırdı. Necə ola bilər ki, insan bu qədər qəddar, barbar olsun, pislikləri etmək istəsin. Bir tərəfdən də orada aparılan abadlıq, yenidənqurma işlərini görüb sevindik. Şəxsən orada çalışan insanlarla təmasda oldum,  bizim qayıdışımızda böyük rol oynayan, orada işləyən, əziyyət çəkən insanlarla söhbət etdim, çox qürurludurlar. ”24 saat fasiləsiz işləmək istəyirik ki, qarşımıza qoyulan məqsədə çataq", deyirdilər. Bu cür yüksək əhval-ruhiyyə ilə işləyən insanları görmək bizi çox sevindirdi, duyğulandırdı".

N.Abdullayev “Qurultay dünyaya hansı mesajları ötürdü” sualına belə cavab verib: “Ümumiyyətlə, postmünaqişə dövrü yeni reallıqlar gətirdi. Bunu hər birimiz bilirik. Bilməliyik ki, bu reallıqlar nəinki siyasi müstəvidə, eyni zamanda Azərbaycan adına görülən bütün fəaliyyət istiqamətlərində özünü göstərəcək. Eləcə də bizim diaspor fəaliyyətimizdə də özünü göstərəcək. Qurultayda diaspor fəaliyyətində görüləcək işlər qeyd edildi. Eyni zamanda Prezident orada prioritetləri açıqladı, nələri etmək vacibdir, bunları öz çıxışında bəlli etdi ki, biz də gələcəkdə bu istiqamətdə hərəkət edəcəyik. Burada da əsas amil İlham Əliyevin dediyi kimi, ləyaqət prinsipi əsas tutularaq, Azərbaycan reallıqları daha da sürətli şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu gün bizim üstünlüyümüz ondan ibarətdir ki, artıq beynəlxalq hüquq çərçivəsində öz torpaqlımızı işğaldan azad  etmişik və başımıza gələnlərə inanmayanları tarixi  öz gözləri ilə görməyə dəvət edirik. Buyursunlar, gəlsinlər, öz gözləri ilə görsünlər. Biz fəaliyyət istiqamətimizdə tariximizi o insanlara göstərəcəyik”.  

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı işini panel  iclasları ilə davam etdirib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Qurultayda spiker kimi çıxış edən ABŞ-ın Florida Azərbaycan İcmasının təsisçisi və rəhbəri Esmira Bayramova da “Yeni Müsavat”a fikirlərini bölüşüb: “İllərdir həsrətini çəkdiyimiz gözəl Şuşa şəhərində Dünya Azərbaycanlılarının 5-ci Qurultayında iştirak etmək çox böyük şərəf oldu. Qarabağın işğaldan azad olunması öncə şərəf və igidlik, sonra ədalət və nəhayət, tarix oldu.  Bu şərəfi Azərbaycan xalqına nəsib edən şanlı ordumuza və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, həmçinin bizə bu işğaldan azad olunmuş torpaqlarımızı ziyarət etmək imkanı yaradan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə bu gün bütün xaricidə yaşayan azərbaycanlılar adından təşəkkür edirəm.  Döyüş nə qədər çətin olursa, zəfər də bir o qədər şanlı olur. Bizim əldə etdiyimiz bu zəfər dünya tarixinə həkk olundu və əbədi yaşayacaqdır.  Biz xaricdə yaşayan azərbaycanlılar da bu şanlı qələbənin tarixlərdə yaşaması üçün əlimizdən gələni edəcəyik”.

c5d591c9-a374-4f92-b984-5d3e13e4.jpg (327 KB)

Esmira Bayramova

“Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunduğunu yada salan E.Bayramova gələcəkdə görüləcək işlərdən danışıb: “Azad edilmiş ərazilərdə qurulacaq ”smart-city", “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası ilk növbədə dünyada baş verən qlobal cağırışlara cavab verəcəyinə və Qarabağ regionunun texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcəyinə inanırıq. Ümumiyyətlə, “smart city” konsepsiyasını işğaldan azad olunmuş ərazilərdə reallığa çevirmək üçün  ilk növbədə davamlı beynəlxalq təcrübələri öyrənmək, növbəti mərhələdə tətbiq etmək üçün əsasən informasiya və kommunikasiya texnologiyaları sahəsində dünyanın  aparıcı şirkətlərində çalışan  həmvətənlərimizin təcrübə və biliklərindən geniş istifadə etmək lazımdır. Xaricdə tech sahəsində böyük uğurlar qazanmış həmvətənlərimizin iştirakı ilə  “ağıllı şəhər”  texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-start up fabrikinə çevirə bilər".

Cavanşir Quliyev də Şuşaya getdi

Cavanşir Quliyev 

Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev isə mediaya açıqlamasında deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayı şanlı Qələbədən sonra çox önəmli vaxtda keçirildi: “Vətən müharibəsindəki Qələbədən əvvəlki qurultaylar başqa mövzulara həsr edilirdi, amma indi artıq yeni mərhələ başlayıb. Zəfərimizi dünyada qəbul etdirməliyik, çünki hələ də bir çox ölkələr, beynəlxalq təşkilatlar bizim Qələbəmizi qəbul etmək istəmirlər. Qurultay bu Qələbəni qəbul etdirmək yolunda görüləcək işlərin müəyyənləşdirilməsinə həsr olunub. Burada bəzi ideyalar ortaya çıxdı, təkliflər edildi. Biz postmüharibə dövründə Azərbaycanın qələbəsini dünyaya qəbul etdirməli, sülh ölkəsi olduğumuzu göstərməliyik. Zəfər hissi sənətkarların beynində, qəlbində müəyyən zaman keçməlidir ki, kök atsın, ideya yaransın. Bilirəm ki, bir çox tanıdığım sənətkarlar bu mövzu üzərində düşünürlər, işləyirlər. Mənim də bəzi planlarım var. Bir-iki əsər də artıq hazırdır, böyük əsərlər də olacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR