“Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin 2025-ci ilin mart ayında razılaşdırılmasının ardınca həmin ilin iyul ayında BƏƏ-də ikitərəfli formatda iki ölkə liderinin vasitəçisiz görüşünün baş tutması, xüsusilə də 8 avqust tarixdə ABŞ prezidentinin şahidliyi ilə tarixi Vaşinqton görüşü zamanı normallaşma prosesi tarixində ATƏT-in Minsk qrupunun ləğvi və sülh sazişinin paraflanması kimi çox mühüm qərarların qəbul olunması sülh prosesinə müsbət təsir göstərib”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

Deputat qeyd edib ki, məhz Prezident İlham Əliyevin sülh təşəbbüsü çərçivəsində irəliləyən normallaşma prosesi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə Komissiyaların fəaliyyəti, o cümlədən Azərbaycan və Ermənistan ərazilərində görüşlərin baş tutması, vətəndaş cəmiyyəti təmsilçilərinin təmaslarının davam etdirilməsi, Ermənistanın işğalçılıq siyasəti səbəbindən bu ölkəyə tətbiq edilən ticarət və tranzit məhdudiyyətlərinin Azərbaycan tərəfindən birtərəfli qaydada aradan qaldırılması və nəticədə istər neft məhsullarımızın, istərsə də 3-cü ölkələrdən, xüsusilə Rusiyadan malların Ermənistana göndərilməsi kimi addımlarla davam etməkdədir:
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq iki ölkə Vaşinqton görüşündən sonra faktiki olaraq sülh şəraitində yaşamağı öyrənir. Unutmayaq ki, Ermənistan iqtidar partiyasının və Paşinyanın seçki kampaniyası prosesində də sülh gündəliyi məsələsi də öndə olan məqamlardan idi. Şübhəsiz ki, iyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilməsi aktual məsələlərin müzakirəsi baxımından vacib hesab edilə bilər. Məlumdur ki, görüş çərçivəsində tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə edərək, regionda davamlı sülhün və sabitliyin təşəkkül tapması üçün ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edilib, növbəti görüşün Azərbaycanda keçiriləcəyi təsdiqlənib. Bu kimi təmaslar eyni zamanda gündəlikdə duran məsələlərin müzakirəsi prosesində operativliyin təmin edilməsi baxımından önəmlidir”.
Zaur Şükürov vurğulayıb ki, hazırda iki ölkə arasında sülh sazişinin imzalanması və sonrakı mərhələdə diplomatik münasibətlərin qurulması yolunda maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır:
“Ümid edək ki, Paşinyan yeni hökuməti formalaşdırdıqdan sonra bu istiqamətdə zəruri addımları atacaq. Məlumdur ki, istər Ermənistan daxilində, istərsə də ölkə xaricində revanşist qüvvələr bu prosesə mane olmağa çalışır. Seçki prosesində də cəmiyyətdə fikir ayrılığının olması və nəticədə Paşinyanın tərəfdarlarının parlamentdə konstitusion çoxluq əldə edə bilməməsi referendumun keçirilməsi məsələsində müəyyən problemlər yarada bilər. Amma əsas məsələ Paşinyanın bu prosesdə siyasi iradə nümayiş etdirərək, seçki kampaniyası zamanı sülh tərəfdarı olması ilə bağlı sərgilədiyi mövqeyinə sadiqliyini təsdiq etməsidir. Unutmayaq ki, regionda davamlı sülh və sabitliyin təmin edilməsində, habelə bağlantıların gerçəkləşdirilməsində yekun sülh sazişinin imzalanması vacibdir. Keçən ay ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri çərçivəsində Zəngəzur dəhlizinin seqmenti olan TRIPP marşrutu ilə bağlı imzalanmış sənəddə də bu layihənin həyata keçirilməsi üçün əsas şərtlərdən birinin məhz sülh sazişinin imzalanması olduğu qeyd edilir. Ehtimal etmək olar ki, Paşinyan yeni hökuməti formalaşdırdıqdan sonra sülh gündəliyi və bu çərçivədə Ermənistanın niyyəti, habelə atacağı addımlarla bağlı müəyyən mənzərə formalaşacaq”.
Xatırladaq ki, iyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib. Tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparılıb.
Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.
Nigar Həsənli
Musavat.com






