İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlıların komandanı toponimlərdən danışdı - Volkovun ikibaşlı açıqlamasının açması

982 06.12.2022 10:35 Gündəm A A

Rusların oyunu nə vaxtadək davam edəcək; politoloq: “Onlar hiyləgər gediş də edə bilərlər”

“Biz bütün toponimləri dəstəkləyirik. Yer adlarını olduğu kimi yazırıq”. Bunu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları kontingentinin komandanı general-mayor Andrey Volkov deyib.

Musavat.com xəbər verir ki, general Azərbaycan tərəfi ilə yazışmalarda toponimlərin lazımi qaydada yazıldığını bildirib: “Rusiya Müdafiə Nazirliyinin saytında başqa cür yazılır. Sülhməramlılar isə düz yazır. Sənədlərimizi yoxlaya bilərsiniz”.

Volkov bununla nə demək istəyir, görəsən, Rusiya Müdafiə Nazirliyi ayrı, sülhməramlı kontingent isə ayrı bir qurumdur? “Bütün toponimləri dəstəkləyirik” nə demək, yəni erməni toponimlərini də? Belə çıxır, yalnız Azərbaycan tərəfi ilə yazışmalarda toponimlər azərbaycanca qeyd edilir?

Bu ikibaşlı açıqlamanın açması nə? Rəsmi Bakının haqlı iradları nə vaxt lazımınca ciddiyə alınacaq?

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi son bir həftədə az qala, hər gün toponimlərlə bağlı Rusiya tərəfinə çağırış və xəbərdarlıq edir. “Dəyirman” isə öz işindədir. Nə vaxtadək?

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək” - 17.10.2017,  Sputnik Azərbaycan

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycan qanunları və beynəlxalq hüququ pozduğunu Volkov təsdiqləmiş oldu. Belə görünür ki, Azərbaycan Müdafiə Nazirliyinin bütün etirazlarına, çağırışlarına baxmayaraq Rusiya Müdafiə Nazirliyi bu yanlış mövqeyini davam etdirməkdə qərarlıdır: “Sülhməramlıların komandanı deyir ki, "Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm. Orada hansısa saytda səhv yazıla bilər. Biz necə lazımdırsa elə də yazırıq". Yəni general Volkovun sözlərindən belə anlaşılır ki, sülhməramlıların Moskvaya göndərdiyi məlumatlarda Azərbaycan toponimləri bilərəkdən dəyişdirilir. Bunun başqa izahı yoxdur. “Baş sülhməramlı”nın “Mərkəzi qərargahın xəritələri” ilə bağlı gətirdiyi “arqumentlər” isə bəhanədən başqa bir şey deyil. Zəhmət çəkib xəritələrində yer alan qondarma adları dəyişdirsinlər. Dəyişdirmirlərsə, o zaman Xankəndidəki bir ovuc ermənini də götürüb getsinlər Rusiyaya və orada, ucsuz-bucaqsız və insan nəfəsinə həsrət qalan ərazilərində onlara “martuni”dən, “stepanakert”dən-filandan yaratsınlar. Azərbaycanın bu məsələdə qəti mövqeyi var, Rusiya bu haqlı mövqeyi nəzərə almalıdır. Gərginliyin davam etdirilməsi xətti davam edəcəksə, bu, Rusiyanın özünün zərərinə işləyəcək".

Politoloq Araz Aslanlı isə bildirdi ki, burada məsələyə yanaşmanın bir neçə istiqamət üzrə olması daha düzgündür: “Birincisi, Rusiya Müdafiə Nazirliyinin yanaşması nə beynəlxalq hüquqa uyğun deyil, nə ikitərəfli qonşuluq münasibətlərinə, nə də regionun reallıqlarına uyğun deyil. Yanaşmalarda, ifadələrdə qüsurlar kifayət qədər çoxdur. Düzdür, uzunmüddətli, qalıcı sülhün əldə olunması baxımından verə biləcəkləri töhfə var, bununla bağlı Azərbaycan tərəfinin gözləntiləri var, amma ümumi yanaşma, strateji xətt qüsurludur. Bu isə yeni deyil, əvvəldən belədir. Volkovun dediklərinin özü ikibaşlı fikirlərdir. Elə danışdı ki, sanki həm də ermənilərin quraşdırdığı toponimləri də yazışmalarda, sənədlərdə istifadə edirlər. Biz ilk növbədə yanaşmaları hüquq müstəvisində dəyərləndirməliyik. Sonra ikitərəfli münasibətlərin xarakterinə uyğun, Rusiyanın və Azərbaycanın elan etdiyi ikitərəfli münasibətlərlə bağlı dəyərlərə uyğun dəyərləndirilməlidir. Rusiyanın yanaşmaları hüquq və dəyərlər çərçivəsindən baxanda qüsurludur. Amma ən azından general Volkovun dedikləri Azərbaycanın haqlı narazılıqlarının onların qarşısında bir məsuliyyət hissi yaratdığını göstərir. Lakin yetərli deyil. Ona görə də Azərbaycan lazımi etirazlarını davam etdirməlidir. Sadəcə, Müdafiə Nazirliyinin etirazları ilə kifayətlənmək də olmaz. Həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi səviyyəsində izahat istənilməlidir. Rusiya Müdafiə Nazirliyindən bir qədər sərt formada tələb etməliyik ki, Azərbaycan qanunlarına, Azərbaycanın yer adlarına hörmətlə yanaşılmalıdır. Təcrübə də göstərdi ki, mövqeyimizi azacıq sərtləşdirəndə müsbət nəticəsi olur. Yumşaq davranacağımız halda isə Azərbaycana qarşı addımlar davam etdiriləcək”. 

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Volkovun dediklərinə Rusiya Müdafiə Nazirliyi aydınlıq gətirməlidir: “Volkov Azərbaycan toponimlərinin erməni adlarla göstərilməsinin günahını Rusiya Müdafiə Nazirliyinin üzərinə yıxıb deyir ki, sülhməramlılar Azərbaycan tərəfinin göndərdiyi adlardan istifadə edir; hətta təəssüflə qeyd edir ki, Moskvadakılar bu adlara düzgün əməl etmir. Andrey bununla bizi sadəlövh yerinə qoyur, "biz yaxşıyıq, Rusiya MN pisdir" deyir. Təbii ki, sülhməramlıların komandanı tabe olduğu yuxarıdakıların əleyhinə getmir, sadəcə, ona verilən təlimata uyğun olaraq günahı tabe olduqlarının üzərinə yıxır, “yaxşı polis” rolunu icra edir. Və bu, Rusiyanın hələ çar dövründən mövcud olan “yaxşı polis, pis polis” siyasətinin tərkib hissəsidir. Əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan adların doğru yazıldığı xəritəni Rusiya Müdafiə Nazirliyinə  göndərməli, buna əməl edilmədiyi müddətdə hər dəfə dərc etməli, o cümlədən sovetdən qalma xəritələrin dəyişdirilməsi məsələsini diplomatik kanallarla da Moskvanın qarşısında qaldırmalıdır. Buna paralel olaraq, Qarabağda bu gün atılan addımları da intensivləşdirməliyik. Çünki problemlərin həlli gücdən, diktədən keçir, bir az hərəkətə keçən kimi hətta Volkov da “imana gəldi”. Biz hərəkətə keçməsək sülhməramlıların da, Rusiya Müdafiə Nazirliyinin də Azərbaycanın qanunlarını pozması halları davam edəcək".

İrandakı mərkəzlər Azərbaycanın daxili işlərinə qarışmasalar, bir problem  çıxmaz" - Elxan Şahinoğlu

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi az qala hər gün Rusiyanın Qarabağdakı sülhməramlıların komandanlığına etiraz bəyanatı ünvanlayır. Belə olan halda Rusiya sülhməramlı kontingentinin komandanlığının-əslində Kremlin və Rusiya Müdafiə Nazirliyinin iki seçimi var: Ya Azərbaycan qanunlarına ziddi olaraq toponimləri erməni adları ilə yazmaqda davam edəcəklər və bu, süni şəkildə Azərbaycanla münasibətlərin gərginləşməsinin davamı demək olacaq, ya da bir nöqtədə tərslikdən əl çəkməyə üstünlük verəcəklər: “Rusiya tərəfi belə bir hiyləgər gediş də edə bilər, toponimlərin defislə həm erməni, həm də Azərbaycan versiyasını yaza bilərlər. Azərbaycan isə haqlı və qanuni etirazlarını ciddi şəkildə davam etdirməlidir ki, proses indi də bu şəkil almasın”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR