ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılan "Sülh Şurası"nın himayəsi altında Mərakeş Silahlı Qüvvələrini təmsil edən hərbi nümayəndə heyəti Fələstin anklavındakı vəziyyətlə tanış olmaq üçün Qəzza zolağına ilk səfərini edib.

Musavat.com bildirir ki, bu barədə "Maghreb Times" qəzeti məlumat yayıb.
Nümayəndə heyəti təxminən otuz yüksək rütbəli zabitdən ibarətdir. Onlar Qəzza zolağındakı vəziyyəti sabitləşdirmək üçün Fələstin anklavında beynəlxalq qüvvələrin yerləşdirilməsi imkanlarını araşdırıblar. Mərakeş bu xəbərə rəsmi münasibət bildirməyib. İsrail isə HƏMAS-ın sektordakı dəstələrini tərksilah etmədiyini bildirərək Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi təklifinə hələlik razılıq verməyib.
Qeyd edək ki, Azərbaycan da “Sülh Şurası”nın üzvüdür. Birliyin Misirdə keçirilən ilk zirvəsində dövlət başçısı İlham Əliyev iştirak edib. Lakin Azərbaycan anklava sülhməramlı missiya göndərməkdən imtina edib. Prezident çıxışlarının birində bunu təhlükəsizliklə əlaqələndirib və hərbçilərimizin qeyri-sabit bölgəyə göndərmək niyyətində olmadığını açıqlayıb. Amma Mərakeşdən olan hərbi missiya beynəlxalq qüvvələrin yerləşdirilməsini monitorinq etmək üçün Qəzzaya gedib.
Yeri gəlmişkən, İsrail ordusu eyni gündə - iyulun 25-də Qəzza zolağına zərbələr endirib. Hücumların HAMAS-a məxsus hərbi obyektlərini, o cümlədən silah anbarlarını, silah emalatxanalarını və yeraltı obyektləri hədəf aldığı bildirilir. İsrail ordusunun məlumatına görə, zərbə endirilən anbarlarda Kalaşnikov avtomatları, tank əleyhinə əl qumbaraatanları, minaatan mərmiləri, partlayıcı qurğular və digər hərbi avadanlıqlar olub.
Bu əməliyyatın keçirilməsi göstərir ki, Qəzzada sabitlik bərqərar olmayıb. Eyni zamanda, ÇAXAL-ın bu hücumu həyata keçirməsi sülhməramlı qüvvələrin regiona yerləşməsinin təhlükəli olduğunu göstərmək niyyəti də ola bilər. Hətta Mərakeşdən olan zabitlər müsbət rəy versələr belə, Azərbaycan beynəlxalq sülhməramlı kontigentdə təmsil olunmaq istəyində görünmür.
“Ərəb ölkələri öz problemlərini özləri həll etməlidir. Mən dərindən əminəm ki, ərəb olmayan müsəlman ölkələri özünü qabağa atmamalıdır. Bu heç bir xeyir gətirməz. Ərəb Liqası mövcuddur; Ərəb Liqasının mövqeyi kifayət qədər aydındır və biz ona əməl edirik”, – deyə İlham Əliyev yerli televiziyalara müsahibəsində bildirmişdi.
Buna baxmayaraq, dövlət başçısı Azərbaycanın hər zaman Fələstinə və BMT-də Fələstin dövlətinin yaradılmasına dəstək verdiyini vurğulayıb. O əlavə edib ki, Fələstin səfirliyi Azərbaycanda fəaliyyət göstərir və qismən Azərbaycan maliyyə yardımı ilə dəstəklənir.

Prezidentin bu açıqlamasından əvvəl “Politico” nəşri xəbər yaymışdı ki, Azərbaycan, İndoneziya və Pakistan Qəzzaya əsgər göndərmək baxımından əsas namizədlərdən olub. Ancaq prezident Əliyevin mövqeyi “Sülh Şurası”na üzv dövlətlər üçün kifayətdir. “Hər bir Azərbaycan vətəndaşı bizim üçün qiymətlidir. Başqaları üçün azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətimiz yoxdur. Biz çətin vəziyyətdə olanda, öz taleyimizə buraxılmışdıq”,_ prezident vurğulamışdı.
Bu arada onu da demək lazımdır ki, Fələstinin baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakıda olub, Azərbaycan prezidenti ilə görüşüb. Yəni Azərbaycan Fələstin məsələsində beynəlxalq hüquqa uyğun mövqedən çıxış edir. Baxmayaraq ki, İsraillə tərəfdaşlıq əlaqələri inkişafdadır, bizim bu məsələyə yanaşmamız BMT-dən fərqlənmir. Lakin sülhməramlı missiya göndərməyə gəldikdə, Azərbaycan bunu istisna edir və İsrailin HƏMAS-a son hücumları da təsdiqləyir ki, əsgərlərimizi anklava göndərməyə heç bir zərurət yoxdur.
Bu ilin mayında isə “Sülh Şurası” üçün vəd edilən 17 milyard dolların mövcud olmadığı üzə çıxıb. Bu barədə "Financial Times" qəzeti öz mənbələrə istinadən məlumat yayıb. Mənbələrdən birinin sözlərinə görə, “fonda 1 sent belə yatırılmayıb". Əslində bu məbləğ Qəzza sektorunun bərpası üçün nəzərdə tutulmuş fonda aid idi və həmin Dünya Bankı tərəfindən idarə olunmalı idi. Lakin məlum olub ki, bu istiqamətdə heç bir real maliyyə köçürməsi baş verməyib.
Bununla yanaşı, təşkilatın "JPMorgan Chase" bankında açılmış digər hesabına müəyyən vəsait daxil olub. Ümumilikdə 123 milyon dollara yaxın vəsait toplanıb ki, bunun 120 milyon dollarını Birləşmiş Ərəb Əmirlikləri, 3 milyon dollarını isə Mərakeş ayırıb. Bu vəsaitin 23 milyon dolları artıq təşkilatın aparat xərclərinə, o cümlədən nümayəndə Nikolay Mladenovun ofisinin saxlanmasına və əməkdaşların maaşlarına sərf edilib. Qalan 100 milyon dollar isə Qəzzada təhlükəsizlik qüvvələrinin hazırlanması üçün nəzərdə tutulsa da, hələ istifadə olunmayıb.
Emil Salamoğlu
Musavat.com






