İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobusda skuter qalmaqalı: İLGİNC AÇIQLAMA

318 25.07.2026 18:50 Qalmaqal A A

Paytaxtda ictimai nəqliyyatda baş verən növbəti insident geniş müzakirələrə səbəb olub. Nərimanov rayonundan Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən 211 nömrəli avtobusun sürücüsü azyaşlı övladı ilə birlikdə skuterlə avtobusa minmək istəyən qadına etiraz edib. Mübahisə nəticəsində ana və övladı avtobusdan düşürülüb.

Hadisədən sonra "Baku Bus" sürücünün qüvvədə olan qaydaları düzgün tətbiq etmədiyini etiraf edərək sərnişindən və azyaşlıdan üzr istəyib. Şirkət sürücü barədə intizam tədbiri görüləcəyini, eyni zamanda bütün sürücülərin mövcud qaydalarla bağlı yenidən təlimatlandırılacağını açıqlayıb.

Qanunvericiliyə görə sərnişin avtobusda hansı əşyaları daşıya bilər? Sürücü hansı hallarda sərnişini avtobusa buraxmaqdan imtina edə bilər? Belə hallarda sərnişinin hüquqları necə qorunmalıdır? İctimai nəqliyyatda sərnişinlə sürücü arasında yaranan mübahisələrin qarşısını almaq üçün hansı mexanizmlər tətbiq olunmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb.

eldeniz.jpg (55 KB)

Ekspert xatırladıb ki, ictimai nəqliyyatda yük daşınması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var:

"Həmin qərara əsasən, ictimai nəqliyyatın avtobus marşrutlarında sərnişin özü ilə uzunluğu 60 sm, eni 40 sm, hündürlüyü (və ya qalınlığı) 20 sm-dək olan və çəkisi 20 kq-dan artıq olmayan bir ədəd yükü, eləcə də körpə uşaq arabasını əlavə ödəniş etmədən daşımaq hüququna malikdir. Yəni körpə valideyni ilə birlikdə hərəkət edirsə, uşaq arabasının avtobusa yerləşdirilməsinə icazə verilir. Yükün də qeyd olunan ölçü və çəki normalarına uyğun olması vacibdir".

Ekspert qeyd edib ki, əgər skuter məlum ölçülərdən böyükdürsə, onun avtobusda daşınmasına icazə verilmir. Skuter qeyd olunan ölçülərdən kiçikdirsə, onun daşınması mümkündür:

"Lakin burada da müəyyən şərtlər mövcuddur. Məsələn, avtobusun giriş və çıxış qapılarında sərnişinlərin maneəsiz hərəkəti təmin olunmalıdır. Eyni zamanda təcili tormozlanma zamanı avtobus qəfil dayandıqda həmin yük salon daxilində yerini dəyişməməli və digər sərnişinlər üçün təhlükə yaratmamalıdır. Elə buna görə də avtobuslarda əlil arabalarının və körpə uşaq arabalarının təhlükəsiz şəkildə bərkidilməsi üçün xüsusi yerlər nəzərdə tutulur".

Ekspert xatırladıb ki, nəqliyyat vasitəsini və ya sərnişinlərin geyimlərini çirkləndirə biləcək əşyaların daşınmasına da icazə verilmir:

"Əgər həmin skuter çirklidirsə, palçıqlıdırsa və ya sərnişinlərin paltarını çirkləndirmək ehtimalı varsa, sürücünün onun avtobusa buraxılmasına imtina etmək hüququ var. Bu, tam qanuni hüquqdur. Çünki sürücü buna icazə versə və nəticədə sərnişinlərin geyimi çirklənsə və ya qəfil tormozlanma zamanı skuter sürüşərək kiməsə dəyib xəsarət yetirsə, məsuliyyəti məhz sürücü daşıyacaq. Ona görə də mən deməzdim ki, sürücü tamamilə haqsızdır. Biz həmin skuterin ölçülərini görməmişik və onun həqiqi ölçüsünün nə qədər olduğunu bilmirik. Birincisi, skuterin ölçüsü barədə heç bir məlumat yoxdur. Əgər bu məlumat bizdə olsaydı, daha dəqiq hüquqi qiymət vermək mümkün olardı. Hətta ölçüsü qeyd olunan normalardan kiçik olsa belə, o, yuxarıda sadaladığım bütün təhlükəsizlik şərtlərinə uyğun olmalıdır. Bundan əlavə, avtobusun dolu olduğu saatlar da nəzərə alınmalıdır. Əgər əşya iri ölçülüdürsə və sərnişinlərin hərəkətinə mane olursa, bu da qiymətləndirilməlidir".

Eldəniz Cəfərov vurğulayıb ki, burada məsələ daha çox qadağadan deyil, təhlükəsizlik və digər sərnişinlərin hüquqlarının qorunmasından gedir:

"Hazırda şəhərimizdə mikromobillik vasitələrindən geniş istifadə olunur. Həm kuryerlər, həm də fərdi şəxslər skuterlərdən istifadə edirlər. Lakin skuterlə avtobusa daxil olmaq hər zaman mümkün deyil. Bəzən mediada səsləndirilir ki, skuterlə avtobusa daxil olmaq olar, yaxud uşaqdır deyə mütləq buraxılmalıdır. Amma burada əsas meyar qanunvericilik və mövcud qaydalardır. Bu məsələlər yalnız həmin qaydalar çərçivəsində həll edilməlidir".

Ekspert əlavə edib ki, bu məsələdə daşıyıcı şirkətlərin də müəyyən məsuliyyəti var. Belə ki, onlar tərəfindən avtobuslarda əvvəlcədən məlumatlandırıcı lövhələr yerləşdirilməlidir:

"Həmin lövhələrdə avtobusa hansı ölçüdə və hansı çəkidə əşyaların gətirilə biləcəyi, eləcə də sərnişinlərin geyimini çirkləndirə bilən və ya avtobusun hərəkəti zamanı sürüşərək təhlükə yarada bilən əşyaların daşınmasının qadağan olunduğu açıq şəkildə göstərilməlidir. Bu istiqamətdə daşıyıcı şirkətlər tərəfindən maarifləndirmə işi aparılmalıdır ki, belə anlaşmazlıqlar yaranmasın. Çünki avtobusdan istifadə edən sərnişin haradan bilsin ki, hansı ölçüdə, hansı çəkidə və hansı hündürlükdə olan əşyanı avtobusda daşımaq olar, hansını isə olmaz. Bütün bu məlumatlar əvvəlcədən sərnişinlərə aydın və əlçatan şəkildə təqdim edilməlidir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR