İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsinin “skeleti” hazırdır - Bütün “kozurlar” Bakı və Ankaranın əlində

1709 12.08.2023 10:28 Siyasət A A

Qafqazın taleyini həll edəcək tarixi görüş yaxınlaşır; mövqelərini bir-bir itirən Rusiya bölgədə yeni müharibəni qızışdırmaq istəyir - Səbəb

Laçın postu yaxınlığında Azərbaycan əleyhinə aparılan “humanitar” təzyiq kampaniyası, sözsüz, Bakı-İrəvan arasında sülh danışıqlarına da zərbədir. Çünki baş verənlər nəinki tərəflər arasında kövrək etimad mühitini sarsıdır, üstəgəl, yeni müharibə riskini artırır. Siyasi təhlilçilərin bu yöndə proqnoz və gözləntiləri aşağı-yuxarı eynidir.

“Azərbaycan prezidentinin ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasının mümkünlüyü ilə bağlı bəyanatları o deməkdir ki, bundan sonra Qarabağla bağlı bütün məsələlər Bakı tərəfindən müstəqil, Moskvasız, öz daxili qanunvericiliyi və Konstitusiyası çərçivəsində həll olunacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri Minval.az-a  “Consultations on international policy and economy” Analitik Mərkəzinin prezidenti Fikrət Şabanov deyib.

Onun sözlərinə görə, Rusiya artıq Azərbaycan və Ermənistanın finiş xəttinə yaxınlaşdığını və sülh müqaviləsi bağlandıqdan sonra həm Qarabağdakı kontingentə, həm də Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğuna ehtiyacın avtomatik aradan qalxacağını anlayır: “Odur ki, Qafqazdakı problemlərin həlli üçün Bakıya ünvanlı hədə-qorxu və şantajla başlayıb - Qarabağ ermənilərinin təhlükəsizlik və təminat məsələlərini qabartmaqla. Moskva həmçinin münaqişələrin idarə olunmasının beynəlxalq formatının bərpasını, yəni Cənubi Qafqaz məsələsində Fransa və ABŞ-ın mövqeləri ilə yaxınlaşmanı xatırlatmaqla Ermənistanı manipulyasiya etməyə çalışır”.

Analitik deyir ki, Rusiya ABŞ-la razılaşma yolu ilə Ukraynada müvəqqəti atəşkəsə nail olan kimi nüfuz  dairələrini bölüşdürmək üçün Vaşinqtonun razılığı ilə keçmiş MDB əraziləri üzərində nəzarətin ona ötürülməsi kimi köhnə layihəsini təşviq etməyə başlayacaq. “Amma gələcək yeni dünya düzənində Rusiyanın aqibəti qeyri-müəyyəndir və buna görə də Qafqazla bağlı qərar Türkiyə və Rusiya başçılarının - Ərdoğan və Putinin görüşündən sonra (bu ayın sonunda - red.) veriləcək. Bu xüsusda özəlliklə qeyd etmək istəyirəm: Türkiyə prezidenti bildirib ki, Zəngəzur dəhlizi dərhal açılmalı, yaxın vaxtlarda (Bakı və İrəvan arasında - red.) hərtərəfli sülh razılaşması əldə olunmalıdır. Ərdoğanın ideyasını xarici işlər naziri Hakan Fidan daha da inkişaf etdirib. Azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında o, Ankaranın yalnız Bakı ilə sülh sazişi imzaladıqdan sonra İrəvanla münasibətləri normallaşdıracağını vurğulayıb. Beləliklə, normallaşma həm də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır”, - mərkəz rəhbəri vurğulayıb.

Ekspert habelə Bakıya sistemli və kompleks təzyiqlərin başlandığını düşünür: “Bu təzyiq alətlərini qruplara bölməyə çalışsaq, onda qarşımızda maraqlı bir ittifaqı görərik. Ona görə də Azərbaycan özünün hərbi-siyasi və diplomatik səylərini təxribatların neytrallaşdırılması istiqamətində cəmləşdirməlidir. Regionu münaqişələrlə idarə eləməyə çalışan Moskva və tərəfdaşlarının yeni müharibəyə təhrik riski yüksəkdir. Moskva Ermənistan sərhədinə öz hərbi müşahidəçilərini göndərməyi və Sünikdə (Qərbi Zəngəzurda - red.) diplomatik nümayəndəliyini açmağı planlaşdırır. İstənilən halda Bakı sərt təzyiqlərə və regionda müharibəyə hazırlaşmalıdır”.

Analitik indiki həssas dönəmdə Azərbaycanın ən çox diqqət yetirməli istiqamətləri və görməli olduğu işləri belə sıralayıb: “Azərbaycan bundan sonra da bütün platformalarda diplomatik siyasətini gücləndirməli və müdafiə formatından hücum diplomatiyası formatına keçməlidir. Çünki ən yaxşı müdafiə yaxşı əks-hücumdur. Bakı indiyədək müxtəlif maskalar altında gizlənən bədxahların hücumunu dəf etməsinə rəğmən, əks-hücumun keyfiyyətini yüksəltməlidir. Eyni zamanda, informasiya məhsulunun keyfiyyəti baxımından geri qalan Azərbaycan mediasının xarici platformalarda və müxtəlif dillərdə keyfiyyətli işini gücləndirmək vacibdir”.

***

Öz növbəsində politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamaq üçün bir-birlərinə xeyli yaxınlaşıb və sülh sazişinin çərçivə prinsipləri müəyyənləşdirilib (Teleqraf.com).

“Demək olar ki, sülh müqaviləsinin skeleti hazırdır. İlin sonunadək ciddi irəliləyiş gözləmək olar. Oktyabrda liderlərin Brüsseldə görüşü nəzərdə tutulub. Bundan sonra payızda Avropa Siyasi Birliyinin İspaniyanın Qrenada şəhərində toplantısı keçiriləcək. ABŞ və Avropa Birliyi hesab edir ki, Qrenada toplantısında sülh müqaviləsini imzalamaq olar”, - politoloq ehtimal edib.

Onun nəzərincə, məhz bu cür gedişatdan əndişələnən və bölgədən uzaqlaşdırılacağından duyuq düşən Rusiya hay-küy qaldırır, özündən başqa heç kimin xoşuna gəlməyən fikirlər səsləndirir: “Bir sözlə, Moskva sülhyaratma prosesini pozmağa çalışır. Rusiyanın Qarabağdakı silahlı qüvvələrinin min oyundan çıxması və separatçıları təxribatlara təhrik etməsi də göstərir ki, Kreml regionda müharibə vəziyyəti yaratmağa çalışır”.

Türkiyənin vəziyyətə təsir imkanlarına gəlincə, Q.Hüseynli qardaş ölkənin proseslərin içində olduğuna əmindir: “Azərbaycan baş verənlərlə bağlı daim Türkiyəni məlumatlandırır. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir. Əminəm ki, Ərdoğan bu görüşdə sülh məsələsi ilə bağlı Putinə yaxşıca dərs verəcək. Ən azı Putindən sülhyaratma prosesinə əngəl olmamağı istəyəcək. ABŞ da sülhlə bağlı Rusiyaya xəbərdarlıq edirsə, bu, o deməkdir ki, prosesin önündəki əngəllər aşılacaq, Rusiyanın yaratdığı süni maneələr aradan qaldırılacaq. Burada bölgənin supergücü Türkiyənin, Azərbaycanın və kollektiv Qərbin rolu böyük önəmə malik olacaq. Rusiyanın oyunbazlığı, bir ovuc separatçıya qəyyumluq etməsi, onları hər gün təlimatlandırması və Azərbaycana qarşı qaldırması heç bir nəticə verməyəcək”, - deyə o vurğulayıb.

Beləliklə, qalır sülh müqaviləsinin “skeleti”ni “ət-qanla” doldurmaq. Bundan ötrü isə ən əvvəl Rusiyanın getdikcə güclənən pozucu fəaliyyəti və sülhə qarşı dirənişi neytrallaşdırılmalıdır. Azərbaycan qardaş ölkə ilə birgə bunun öhdəsindən gəlmək iqtidarındadır. Çünki bütün “kozurlar” Bakı və Ankaranın əlində...     

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR