İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsinə təhdid- Ermənistanın ərazi iddialarının nəticəsi necə olacaq?-RƏY

465 17.01.2024 18:24 Siyasət A A

"Prezident İlham Əliyevin 10 yanvar 2024-cü il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə zamanı “İrəvan tarixi Azərbaycan şəhəridir və 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra Ermənistana verilib” fikrini səsləndirməsindən sonra erməni siyasi-informasiya sferasında isterika başlandığı kimi, indi də Avropa cəbhəsindən bu cür səslər eşidilməkdədir.

Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stanonun fikirləri də məhz bu kontekstdədir. O, cənab Prezidentin fikirlərinə istinad edərək deyib ki, Aİ Ermənistanın ərazi bütövlüyünün pozulmasını qəbuledilməz hesab edir və bunun Aİ-Azəraycan münasibətləri üçün mənfi nəticələnəcəyini bəyan edir. Aİ, hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını desə də, çox təəssüf ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal altında olarkən belə sərt bəyanatlarla çıxış etmir, 1 milyonadək Azərbaycan insanı öz torpaqlarından məcburi köçkün və qaçqın halına salınarkən qətiyyən “narahatlıq” keçirmirdi".

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq məsələlər üzrə mütəxəssis Şəhla Cəlilzadə deyib. Ekspert vurğulayıb ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistan işğalı altındadır: "Aİ-yə elə indi də xatırlatmaq yerinə düşər ki, Ermənistan konstitusiyasının 1-ci maddəsində əks olunan “Azadlıq haqqında Bəyannamə”nin preambulasında və 11-ci maddəsində Azərbaycana və Türkiyəyə ərazi iddiaları yer alır. Belə ki, Bəyannamənin preambula hissəsində 1 dekabr 1989-cu ildə qəbul edilən “Ermənistan SSR ilə Dağlıq Qarabağ Milli Şurasının birləşməsi haqqında” Ermənistan SSR Ali Şurasının qərarına istinad yer alır. Bu isə müasir Ermənistanın Azərbaycana ərazi iddiası anlamına gəlir və sülh müqaviləsinin gələcəyini təhdid edir. Bəyannamənin 11-ci maddəsində isə Qərbi Ermənistan termini yer alır və beləliklə Türkiyəyə tarixi-siyasi ərazi iddiasının gələcək nəsillərə ötürülməsi üçün hüquqi bazis yaradılır. Odur ki, Ermənistanın haqqında bəhs olunan bu sənədlərdə (Bəyannamədə və Konstitusiyada) yer alan müvafiq qeydləri və maddələri ləğv etməsi tələb olunmalıdır. Yaxşı olardı ki, Aİ Ermənistanla müttəfiqlik əlaqələrini təsis edərkən onun qanunvericilik bazasında mövcud olan məhz bu cür xarici işğalçı mövqelərə düzəliş, redaktə edilməsini də tələb etsin".

Ş.Cəlilzadə həmçinin Aİ- nin insan hüquqları ilə bağlı açıqlamalarına diqqət çəkərək qeyd edib ki, bir çox bəyanatın arxasında siyasi motivlər yer alır: 

"Aİ-nin insan hüquqlarından bəhs edərkən arada Azərbaycan insanının ən təbii yaşama haqqına da xitab etməsini, Ermənistanın Azərbaycana qarşı 30 ildir davamlı şəkildə həyata keçirdiyi və hazırda da davam edən mina terroruna etiraz etməsini gözləyirik. Lakin bütün bu gözləntilər içərisində Qərb xarici siyasətinin necə deqradasiyaya uğradığını və reallıq hissimizi də unutmuruq. Bütün bu siyasi mətnlər və bəyanatların arxasında təbii ki, siyasi səbəblər dayanır". 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR