İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh masası dartışması yenə başladı

1071 14.02.2024 12:52 Siyasət A A

Brüsseldən sonra Moskva da öz vasitəçi platformasını təqdim etməyə hazır olduğunu söylədi - reaksiyalar 

“Qarabağ məsələsi bağlanıb. Bu məsələ sentyabrda həll olunub. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov ”İzvestiya" qəzetinə müsahibəsində deyib.

“Qarabağ məsələsi bağlanıb. Bütün bu illər ərzində Rusiya Qarabağ problemini sülh yolu ilə həll etmək üçün səylər göstərib. Təəssüf ki, alınmadı: bu mövzu sentyabrda güc əməliyyatı ilə bağlandı. Rusiya hər zaman bu məsələdə çox mühüm rol oynayır. Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlarda maksimum dəstək verməyə hazırdır”, - diplomat vurğulayıb.

Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihələrinin mübadiləsinin həyata keçirildiyini xatırladan səfir Azərbaycanın təklifinin “tamamilə əsaslandırılmış” olduğunu vurğulayıb: “İndi Ermənistan və Azərbaycan bilavasitə sülh müqavilələri layihələrini mübadilə edirlər. Azərbaycan tərəfinin təklif etdiyi şey, məncə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir. Prinsipcə Bakının irəli sürdüyü təkliflərə əsasən, mənə elə gəlir ki, bu danışıqlar yetərincə tez başa çatdırıla bilər”. 

Yevdokimov həmçinin Rusiyanın “Moskva platformasını” təqdim etməyə və s. məsələlərdə tərəflərə yardımçı olmağa hazır olduğunu söyləyib: “Biz Moskva platformasını təqdim etməyə hazırıq, lazım gələrsə, ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqələrimiz var”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az-a deyib ki,  Azərbaycanda seçki başa çatıb və ola bilsin ki, sülh danışıqları prosesi bir qədər fəallaşsın. Politoloq qeyd edib ki, Azərbaycanın mövqeyi birbaşa danışıqlarda məsələlərin həllinə nail olmaqdır. Görünən odur ki, bəzi oyunçular iki ölkənin şərti sərhədində hansısa təxribat törədib sonra orada missiyanın yerləşməsini tələb edəcəklər. Bununla da kənar oyunçular burada öz varlıqlarını təsbit etmiş olacaqlar. Belə bir ehtimallar dəyərləndirilir".

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Rusiya artıq reallığı tam şəkildə anlayır və Azərbaycanla faydalı əməkdaşlıqda çox maraqlıdır: “Aydındır ki, hər bir dövlətin özünün maraqları var və beynəlxalq hüquq da bu mənafelərin uzlaşdırılmasına xidmət edir. Bu gün regionda cərəyan edən proseslərə diqqət etsək, çoxsaylı problemlərin kökündə məhz maraqların uzlaşdırıla bilməməsi dayanır. Lakin Azərbaycan Ermənistan istisna olmaqla, bütün qonşuları ilə, o cümlədən Rusiya ilə maraqlarını uyğunlaşdıra bilib. Təsadüfi deyil ki, istər Vətən müharibəsi, istərsə də, antiterror tədbirləri zamanı rəsmi Moskvanın tutduğu mövqe Bakını tam qane etdi. 10 noyabr bəyanatı məhz Rusiyanın vasitəçiliyi ilə qəbul edildi. Əlbəttə, bu, Rusiyanın sırf Azərbaycanın maraqlarından çıxış etməsi anlamına gəlmir, əksinə, bu, sadəlövhlük olar. Qeyd etdiyimiz kimi, Moskvanın öz maraqları var və xüsusən ötən 3 il ərzində Qarabağda sülhməramlıların fəaliyyəti ilə bağlı bizi narahat edən kifayət qədər məqamlar olub və hətta ən ali səviyyədə dilə gətirilib. Lakin son nəticədə Moskvanın ümumi yanaşmaları Bakını qane edir. Məsələnin kökündə isə cənab İlham Əliyevin beynəlxalq hüququ rəhbər tutaraq milli prioritetləri doğru seçməklə yaratdığı reallıq və Bakı ilə Moskva arasında ortaq çıxarların müəyyənləşdirilməsi dayanır. Səfir Mixail Yevdokimovun "Qarabağ məsələsinin bağlanması" barədə bəyanatının kökündə də məhz bu amillər dayanır. Rusiya yaxşı başa düşür ki, Qərb qütbü artıq başa çatmış münaqişənin yenidən alovlandırılmasına regiona təsir imkanı kimi, o cümlədən Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması mexanizmi kimi baxır. Qərbi bu prosesdə nə beynəlxalq hüquq, nə də Ermənistanın milli mənafeləri maraqlandırmır. Azərbaycan isə özünün güc və imkanları hesabına, habelə irəli sürdüyü arqumentlərlə regionun Qərblə Rusiyanın qarşıdurma məkanına çevrilməsinə, qütblərarası ziddiyyət nöqtəsinə çevrilməsinə imkan vermir. Qərbin ayrı-ayrı dairələri Azərbaycana münasibətdə təzyiq, təhdid, yaxud sanksiya dili ilə danışmağa cəhd göstərsə də, cənab İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, artıq bölgəyə sağlam maraqlarla baxan hər kəsin maraqları Azərbaycanla üst-üstə düşür. Məsələn Avropa Parlamentinin qərəzli mövqeyinə baxmayaraq Avroparlamentin 10-a yaxın üzv ölkəsi Azərbaycanla strateji tərəfdaşdır. Yaxud Azərbaycan Avropanın enerji təhlükəsizliyində həlledici rollardan birini oynayır. Bundan başqa, Azərbaycanın təklif etdiyi layihələr bəşəri fayda əxz edir, məsələn Zəngəzur dəhlizinin reallaşmasını regionda qeyri-adekvat maraq güdməyən hər bir aidiyyəti beynəlxalq subyekt arzulayır. Bu mənada, Rusiya da reallığın fərqindədir və Ermənistandan fərqli olaraq suverenliyini qorumuş qüdrətli Azərbaycanla hansısa münaqişə fonunda yox, bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlığın daha faydalı olduğunu anlayır".

Sona Əliyeva | Təlimçilər.az

Sona Əliyeva 

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva şimal qonşumuzun sülhməramlılarını Qarabağdan çıxarmaq barədə düşünməli olduğunu qeyd etdi: “Rusiya Qarabağ münaqişəsinin bitdiyini qəbul edir və bu, Azərbaycanın maraqlarına tam şəkildə uyğundur. Fikrimcə, Kreml bu ilin ikinci yarısından etibarən qoşunlarını Qarabağın dağlıq hissəsindən birdəfəlik çıxarmaq haqqında düşünməlidir. Hesab edirəm ki, Bakı və Ankaranın birgə addımları Moskvanı bu barədə razı sala biləcək. Ümumiyyətlə, cəbhə xəttində baş verən son hadisələr göstərir ki, Qərb ölkələri Zəngəzur və Qazax istiqamətində növbəti təxribatlara hazırlaşır. Buna görə də Azərbaycandan çıxarılacaq rus qoşunları elə Ermənistan ərazisində möhkəmlənməlidir. Hesab edirəm ki, Qazaxın və Naxçıvanın işğaldakı kəndləri Azərbaycana qaytarılarkən Ermənistan və Azərbaycan qoşunları arasında sülhü rusiyalı sülhməramlılar təmin etsələr daha yaxşı ola bilər. Ən azından onların bu istiqamətdə 5 illik təcrübələri də mövcuddur. Bundan başqa, anklav ərazilərdə gediş-gəlişi təhlükəsiz şəkildə həyata keçirmək üçün gələcəkdə rus hərbçilərin köməyindən yararlanmaq mümkündür. Bu, həm də bizim hər hansı erməni təxribatından minimum sığortalanmağımıza da böyük köməkdir. O ki qaldı sülh müqaviləsinin Moskvanın əhatə dairəsi çərçivəsində imzalanmasına, bizim üçün bunun elə bir önəmi yoxdur. Biz böyük sülh müqaviləsinin imzalanmasını bütün nüanslardan üstün tuturuq. Bu saziş Azərbaycan və Ermənistan sərhədində də, Gürcüstanda da imzalana bilər. Ermənistan isə müqavilənin Rusiyada imzalanmasına razı deyil. Çünki baş nazir Nikol Paşinyanın Qərbdəki ağaları buna razı olmayacaq”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR