İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqları qadınların nəzarətinə keçə bilər

936 24.01.2024 09:40 Siyasət A A

Ekspertlərə görə, qarşıdakı illərdə qadınların “diplomatik savaşın” ön xəttinə çəkilməsi heç nəyi dəyişdirməyəcək, çünki...

Estoniyanın baş naziri Kaja Kallas Borreldən sonra Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postunu tuta bilər. Mətbuatda yayılan xəbərlərə görə, Ursula fon der Leyen Avropa Komissiyasının sədri, Roberta Metsola Avropa Parlamentinin sədri, Danimarkanın baş naziri Mette Frederiksen isə Avropa Şurasının rəhbəri vəzifəsində Şarl Mişeli əvəz edə bilər.

Qeyd edilir ki, belə bir ssenaridə Aİ-də bütün yüksək vəzifələr qadınlar tərəfindən tutulacaq. Aydınlaşdırılır ki, hələlik konkret qərarlar qəbul edilməyib, namizədlər arasında kişi siyasətçilər də az deyil. Kallas ilk növbədə Estoniyanın coğrafi mövqeyi və Rusiyaya yaxınlığı ilə dəstəklənir. Brüsselin sülh danışıqlarında fəallığını nəzərə alsaq, o halda Azərbaycan-Ermənistan sülh danışıqları qadınların nəzarətinə keçə bilər. Qarşıdakı aylarda eləcə də mümkün Rusiya-Ukrayna danışıqları da var. 

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva 

Siyasi şərhçi Sona Əliyeva hesab edir ki, Avropa İttifaqında qadınların siyasətin ön xəttinə çəkilməsi əslində Qərbin maskalama, komuflyaj siyasətinin bir hissəsidir: “Qadınların, yoxsa kişilərin siyasətin ön sıralarında olması heç nəyi dəyişmir. Qərb siyasətinin ana xətti şəxslərdən, fiqurlardan asılı deyil. Bu, birmənalıdır. Müxtəlif sistemlərin fərqli siyasi baxışları var. Avropa diplomatiyasında həmin şəxslər mənsub olduqları siyasi sistemlərin mənafelərini müdafiə edirlər. Bu baxımdan, Avropa İttifaqının yeni ali nümayəndəsinin qadın olması heç nəyi dəyişməyəcək. Şərqdən fərqli olaraq Qərbdə "nəcib və zərif diplomatiya", sadəcə, şərti xarakter daşıyır. Qərb həmişə “vəhşi diplomatiyanı” ön planda tutub. Hətta qadınlar da həmin diplomatiyanın bir parçasına çevriliblər. 1982-ci ildəki Folklend böhranını xatırlayaq; həmin vaxt proseslərin ana xəttini “dəmir ledi” ləqəbli baş nazir Marqaret Tetçer aparırdı. Ən sərt qərarlar da onun siyasi gedişlərindən sonra alınmışdı. Məhz bu baxımdan, qarşıdakı illərdə qadınların Avropa siyasi həyatında ön xəttə çəkilməsi, onların “diplomatik savaşın” ön xəttinə düzülməsi heç nəyi dəyişdirməyəcək".

Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeni  antiterror əməliyyatını şərtləndirir - AZƏRTAC

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə burada hər hansı bir dəyişiklik gözləmir. Xanım ekspert “Yeni Müsavat”a bu istiqamətdə çox maraqlı faktlar açıqladı: “Bilirik ki, 2024-cü il bütün dünyanın bir çox ölkələrində olduğu kimi, Avropada da seçki ilidir və Avropanın siyasi təşkilatlarının yüksək vəzifələrinə adıçəkilən qadınların gəlməsi gözləntilər arasındadır. Lakin unutmayaq ki, onsuz da 2019-dan bəri Avropanın "icra hakimiyyəti" - Avropa Komissiyasının Prezidenti vəzifəsini Ursula fon der Leyen, 2022-dən bəri Avropanın “qanunverici hakimiyyəti” Parlamentinin sədri vəzifəsini Roberta Metsola, yəni qadın siyasətçilər daşımaqdadır. Onların yenidən bu vəzifəyə seçilməsi sürpriz hadisə kimi qarşılanmamalıdır. Ursula Avropa İttifaqı və Azərbaycan arasında 18 iyul 2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədi imzalayan şəxsdir və onun fəaliyyətində gələcək perspektivdə ölkəmizə qarşı hər hansı təhdid amili gözləmək əbəsdir. Avropa Şurası və Avropa Parlamenti, yəni Avropanın siyasi məşvərət-məsləhət və qərarvericiləri indiyədək, xüsusilə 2020-ci ildən ötən son 3-4 ildə ölkəmizə qarşı nə qədər qərəzli olsalar da, Avropanın icra qurumu bu qərəzlərə qarşı daha təmkinli və Qərb maraqlarına cavab verən siyasi xətt izləyib. Həmçinin burada qadın amili deyil, Qərb maraqları amili nəzərə alınmalıdır. Qərb, sadəcə, müvafiq vəzifələrə qadınları gətirməklə gender bərabərliyinə nə dərəcədə önəm verdiyini nümayiş etdirir. Odur ki, gələcək siyasi proseslərə gender amili çərçivəsində deyil, bu qadınların idarəçiliyi dövründə müvafiq ölkələrin və qurumların siyasətlərində baş verən proseslərə və dəyişikliklərə nəzər yetirmək daha məqsədəuyğundur. Məsələn, Roberta Metsolanın Avropa Parlamentinin sədri olduğu dövrdə bu qurum ölkəmizə qarşı 2 qərəzli qətnamə qəbul edib: “Dağlıq Qarabağda mədəni irsin məhv olunmasına dair” 10 mart 2022-ci il, “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı təhdidlərinə dair” 5 oktyabr 2023-cü il tarixli qətnamələr - bunlar tamamilə ermənipərəst sənədlər olub, xüsusilə 5 oktyabr qətnaməsi ölkəmizə qarşı sanksiyaların tətbiqinə çağırışla seçilir. Odur ki, Metsolanın təkrar seçilməsi halında hər hansısa dəyişiklik gözlənilmir.

Rusiya-Ukrayna müharibəsi fonunda müvafiq qadınların siyasi təyinat almaları da “hardline” tərəfdarlarının başa gətirilməsinə yönəlik, yaxud ukraynayönümlü addım hesab oluna bilər. Belə ki, 2024-cü ildə Avroparlamentə seçkilərdən sonra Ursula fon der Leyenin qatı anti-Rusiya siyasətini revizə edərək yumşalma baş verməsin deyə, müvafiq təyinatlar baş tuta bilər. Çünki ilk Avropa İttifaqı dövləti Danimarkadır ki, Ukraynaya "F-16"ları verib və bu dövrdə onun baş naziri Frederiksen olub. Kaja Kallasa gəlincə, onun ərinin Rusiya ilə biznes bağlarının olması, “Qərbin Rusiyaya qarşı sanksiyalarını dəlmək” baxımından “təhdid amili” olaraq təqdim olunur, o özü bunu dansa da. Bununla yanaşı, məhz onun Estoniyanın baş naziri olduğu bir dövrdə Estoniya-Rusiya sərhədinə ilk dəfədir ki, “qoruyucu divar” çəkilib. Ümumiyyətlə, Rusiyanın Ukraynada məğlub edilə bilmədiyi, yəni real işğal faktı nəzərə alınarsa, Baltik ölkələri növbəti hədəfin məhz özləri olacağından qorxurlar və odur ki, 3 Baltik ölkəsi Rusiya ilə sərhəddə “müdafiə xətti”nin təşkil edilməsinə razılaşıblar. Bu siyasətin davamçılarının Avropanın ümumi institutlarında rəhbərliyə gəlməsi Avropanın yumşalma olmadan anti-Rusiya siyasətinə davam edəcəyi anlamına gəlir. Lakin bu mövzuda Avropada sərt qütbləşmə, dövlətlərin mövqeyində fərqlilik mövcuddur və qlobal hadisələrin öncədən qəti şəkildə proqnoz edilməsi çətindir".

Asif Nərimanlı yazır...

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Avropa siyasətinin fərdlərdən asılı olmadığını düşünür: “Avropada xanım siyasətçilərin yüksəlməsi qadın hüquqlarının önə çıxması, gender bərabərliyinə xüsusi əhəmiyyət vermələrindən qaynaqlanır. Lakin Qərbdə siyasi postun xanım, yaxud kişi tərəfindən tutulmasının ümumi yanaşmalara o qədər də təsir etdiyini düşünmürəm. Bu baxımdan, Avropa İttifaqının Rusiya-Ukrayna münaqişəsinə, eləcə də Azərbaycan-Ermənistan danışıqlarına dair yanaşması dəyişməyəcək, yaxud bu siyasəti xanımların həyata keçirməsinin nəticə əldə edilməsinə böyük təsir edəcəyi gözləntisi azdır. Brüsselin Rusiya-Ukrayna müharibəsinə yanaşması dəyişikdir, hazırda Moskvaya qarşı mövqe sərgiləsələr də, mümkün danışıqlar masasının aparılmasını istəyirlər və belə bir imkanlar yarandıqda Rusiya ilə təmasları bərpa da edə bilərlər. Bakı-İrəvan danışıqlarına gəlincə, son vaxtlar ümumilikdə Avropanın yanaşmasında balans Ermənistanın xeyrinə pozulub. Bu yanaşma davam edə bilər, xüsusilə Parisin Brüssel üzərində təsir imkanlarının qaldığı müddətdə. Ursula fon der Leyenin Azərbaycana yanaşması konstruktiv olub, onun timsalında balansın tarazlaşa biləcəyini düşünmək olardı, hərçənd Avropanın Azərbaycana qarşı doğru olmayan siyasətinin Cənubi Qafqaz uğrunda mübarizədən irəli gəldiyini nəzərə alsaq, fərdlərin prosesə təsirinin güclü olacağı gözləntisi azalır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR