İnsanlara hürriyət, millətlərə istiqlal!

Su aydınlıqdır, yoxsa savaş səbəbi-İran və Əfqanıstan arasında bitməyən çay mübahisəsi  

647 03.06.2023 17:45 Siyasət A A

 

İran və Əfqanıstan (Taliban rəhbəliyi-red.) Hilmənd çayının suyunun paylaşılması ilə bağlı uzun müddətdir mübahisə edir. Son zamanlar münaqişə toqquşma səviyyəsinə çıxıb.

Ötən həftədən etibarən İran və Taliban Əfqanıstanı arasındakı sərhəddə şiddətli atışmalar  qeydə alınıb, hər iki tərəfin itki verdiyi deyilir.

Həm İran, həm də Əfqanıstan baş vermiş insidentdə bir-birlərini suçlayırlar.

Musavat.com xəbər verir ki, münaqişə ilə bağlı beynəlxalq ekspert Şəbnəm fon Haymın “Deutsche Welle” portalında maraqlı analitik yazısı çıxıb. Həmin yazını təqdim edirik:

Toqquşma Kabil və Tehran arasında hər iki tərəf üçün həyati su mənbəyi sayılan, regionda kənd təsərrüfatı, məişət həyatını və ekosistemləri dəstəkləyən Hilmənd çayı ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

Əfqanıstan və İran bir əsrdən artıqdır ki, çay suyunun paylaşılmasına görə mübahisə aparır.

Hilmənd Əfqanıstanın ən uzun çayıdır. O, Hindukuş dağ silsiləsinin qərb hissəsində Kabil yaxınlığından başlayır və Əfqanıstan və İran arasında sərhəddə yerləşən Hamun gölünə tökülməzdən əvvəl səhra rayonlarından cənub-qərb istiqamətində 1150 kilometr (715 mil) boyunca axır.

 

Hamun gölü

Hamun gölü əvvəllər Hilmənd tərəfindən qidalanan, İran və Əfqanıstan arasında 4,000 kvadrat kilometrdə (1,600 kvadrat mil) uzanan dünyanın ən böyük bataqlıq ərazilərindən biri sayılıb.

Lakin daha sonra göl quruyub. Ekspertlər burada əsas səbəb olaraq quraqlığı, habelə çəkilən bəndlər və suvarma sistemlərinin çoxlamasını göstərirlər.

Göl ətraf mühit və regionun iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.

Əfqanıstan və İran hələ 1973-cü ildə çay suyunun paylanmasını tənzimləmək üçün saziş – Hilmənd çayı müqaviləsini imzalayıblar.

Lakin saziş nə ratifikasiya olunub, nə də onun müddəaları tam yerinə yetirilib və bu da indiyə qədər davam edən fikir ayrılıqlarına və gərginliyə şərait yaradıb.

İran illərdir Əfqanıstanı su hüquqlarını pozmaqda günahlandırır və İranın 1973-cü il müqaviləsində nəzərdə tutulduğundan daha az su aldığını iddia edir.

İranın Əfqanıstandakı səfiri Həsən Kazemi Qumi dövlətə aid “Təsnim” xəbər agentliyinə verdiyi müsahibədə keçən ildə İranın Hilmənddəki çay suyunun yalnız 4%-ni aldığını deyib

Əfqanıstan İranın ittihamlarını rədd edərək, vəziyyətin yaranmasına səbəb kimi iqlim faktorlarının təsiri nəticəsində yağışların olmamasını və nəticədə çayların suyunun həcminin azalmasını göstərib.

İranın əsas narahatlığı Əfqanıstanın Hilmənd çayı boyunca bəndlər, su anbarları və suvarma sistemləri tikməsidir. Tehran bu layihələrin İrana su ehtiyatını və axınlarını azaldacağından ehtiyat edir.

Lakin “Taliban” idarəsi Əfqanıstanda su anbarlarını və suvarma qurğularını genişləndirmək hüququna malik olduğunu bildirir.

Tehranla “Taliban” arasında münasibətlər necədir?

İran və Əfqanıstanın 950 kilometr uzunluğunda ümumi quru sərhədi var. Hər iki ölkə arasında böyük ərazi mübahisələri yoxdur.

Rəsmi Tehran 2021-ci ilin avqustunda, ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının son həftələrində, radikallar Kabili ələ keçirməzdən əvvəl “Taliban”la yaxşı münasibətlər qurmuşdu.

Hər iki tərəf ABŞ-ın bölgədəki mövcudluğuna qarşı eyni mövqedən çıxış edib.

İran indiyə qədər “Taliban” hökumətini rəsmən tanımaqdan çəkinsə də, praqmatik davranıb və Əfqanıstanın hazırkı hakimləri ilə münasibətlərini qoruyub saxlayıb.

İran Hamun gölünün qorunması kimi məqsədlər naminə rəsmi Kabillə sıx əlaqələr qurmalıdır.

Amma “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra sərhəddə insidentlər yenidən təkrarlanıb.

“Taliban” hakimiyyəti ələ keçirməmişdən altı ay əvvəl İran dövləti su problemləri də daxil olmaqla bir sıra məsələlərdə bağlı razılaşmalar əldə etmək üçün “Taliban” nümayəndə heyətini qəbul edib. İndi “Taliban” həmin razılaşmalara əməl etmək istəmir” deyə ətraf mühit üzrə əfqan ekspert Nəcib Ağa Fəhim bildirir.

Qeyd edək ki, Fəhim 2021-ci ilin avqustunda süqut edən prezident Əşrəf Qani hökumətində Fövqəladə hallar naziri olub.

Keçmiş nazir, su mübahisəsinin davamlı həllinin zəruriliyini vurğulayıb.

“Buna nail olmaq üçün hər iki ölkənin rəsmiləri və ekspertlər daha sıx işləməli, çay suyunun həcmi, habelə onun nə qədər İrana axdığını müəyyən etmək üçün məlumat paylaşmalıdırlar”,-deyə o bildirib.

“Hər iki tərəf qısamüddətli həll yolları axtarır”

ABŞ-da yaşayan iranlı ekologiya eksperti Nik Kövsərin sözlərinə görə, nə Tehran, nə də “Taliban” regionda suyun düzgün idarə edilməsi və ekoloji problemlərin həllində maraqlı deyil.

“Hər iki tərəf qısamüddətli həll yolları axtarır və daxili problemlərini həll etmək istəyir. "Taliban kənd təsərrüfatını inkişaf etdirmək istəyir. Tehran hökuməti isə özünü elə aparır ki, sanki keçən il kütləvi etirazlar yoxmuş kimi, birdən-birə yoxsul Sistan-Bəlucistan əyalətinin qayğısına qalmağa başlayıb”,-deyə Kövsər bildirib

Qəddar repressiyalara baxmayaraq, Sistan-Bəlucistanda nümayişçilər siyasi sistemə etiraz etmək üçün küçələrə toplaşmağa davam edir.

Hamun gölünün su ehtiyatları İranın ən yoxsul bölgələrindən biri sayılan və quraqlıqdan olduqca əziyyət çəkən Sistan-Bəlucistan əyaləti üçün çox vacibdir.

İran parlamentinin məlumatına görə, əhalinin 25%-dən 30%-ə qədəri son iyirmi ildə su qıtlığı səbəbindən bölgəni tərk edərək, digər bölgələrdəki şəhərlərə köçüb.

Hazırda vəziyyət necədir?

İranın şərq bölgəsində su qıtlığı, habelə digər iqtisadi və sosial problemlər fonunda ictimai qəzəb artmaqdadır. İran qoşunları ilə “Taliban” arasında son toqquşma da bu gərginliyi daha da artırıb.

Bu ilin Mayın 28-də İran ordusunun quru qoşunlarının komandanı və İran polisinin rəis müavini Sistan-Bəlucistana gedib və vəziyyətin nəzarət altında olduğunu bəyan ediblər.

Tehran və Kabil sərhəddə atışma zamanı baş verənləri öyrənmək üçün araşdırma komissiyası yaratmaq barədə razılığa gəliblər.

Toqquşmalarda 3 İran əsgərinin həlak olması ölkədə bir çoxlarını qəzəbləndirib.

Hələ ki, İran rəsmilərindən sakit tonda açıqlamalar gəlir.

Tehranda Elm və Texnologiya Universitetində (Elm-O-Sanat) keçirilən tədbirdə İran İnqilabı Keşikçiləri Korpusunun Hava və Kosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə bu sözləri işlədib: “Bəzi insanlar “Taliban”a qarşı müharibə istəyir. "Lakin bu təxribatların arxasında düşmənlərimiz dayanır. Sərhəddəki bu toqquşmalardan müharibəyə başlamaq istəyirlər. Bunun baş verməsi mümkün deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR