İnsanlara hürriyət, millətlərə istiqlal!

Steynar Gil sükutu pozdu - Paşinyanın sülh sazişi vədindən danışdı

1105 25.10.2023 11:38 Siyasət A A

“Qarabağın erməni əhalisindən hər hansı birinin yaxın vaxtlarda ora qayıtmaq ehtimalı azdır, şübhəsiz ki...”

Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin iclasındakı çıxışı zamanı “Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması 2023-cü ilin sonuna qədər mümkündür” deməsi yenidən bu mövzuya diqqəti artırıb.  

Ermənistan liderinin bu açıqlamalarını nə dərəcədə ruhlandırıcı hesab etmək olar? Dediyinə sadiq qalmağa qadirdirmi? İlin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı varmı? AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov: “Ermənistanın baş naziri gözlənildiyi kimi, o, Qarabağ ermənilərinin guya etnik təmizləməyə məruz qalması, RSK-nin "xəyanəti" və Moskvanın İrəvan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməkdən yayınması, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat barədə heç bir sübut olmadan danışdı.

Kim mənim sözlərimi yozursa, özü bilər” - Rasim Musabəyov qalmaqallı  çıxışına bir də QAYITDI

Rasim Musabəyov

Eyni zamanda Paşinyan Azərbaycana qarşı bütün giley-güzarını, əsassız iddialarını təkrarladı, amma şükür, ağlı çatdı ki, ölkəmizə hansısa beynəlxalq missiya və ya müşahidəçilər göndərilməsi ilə bağlı qeyri-real çağırışları təkrarlamadı.

Paşinyan çıxışını Qarabağ ermənilərini yeni yerdə məskunlaşdırmaq üçün əlavə 100 milyon avro istəməklə yekunlaşdırıb. Avropa İttifaqı belə vəsait tapa bilər.

Bununla belə, sual vermək yerinə düşərdi: Ermənistanın cari ilin büdcəsində qanunsuz silahlı birləşmələrin və Qarabağ ermənilərinin separatçı xuntasının saxlanması üçün nəzərdə tutulmuş 400 milyon dollardan çox vəsait hara getdi?

Paşinyan bildirib ki, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalana bilər, həmçinin kommunikasiyaların açılması barədə razılığa gəlmək və dövlət sərhədinin delimitasiyasına başlamaq mümkün olacaq. O, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək, insanların və yüklərin təhlükəsiz şəraitdə daha asan keçidini təmin edəcək dəmir yolunun Mehridən keçən hissəsini bərpa etməyə hazır olduğunu bildirib. O, hətta təmtəraqla bu layihəni “dünyanın kəsişməsi” adlandırdı. Biz Paşinyanın ağzından əvvəllər də gözəl sözlər eşitmişik, lakin onun rəhbərlik etdiyi hökumət hər cür əməli işdən yayınırdı.

Paşinyanın çıxışı Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi çərçivəsində oktyabrın sonunda Brüsseldə onunla görüşün məqsədəuyğunluğu ilə bağlı Azərbaycanda diqqətlə təhlil ediləcək. Görünən odur ki, Paşinyanın hiyləgərlik, hoqqabazlıq və diplomatik manevrlər üçün vaxtı bitib və nəhayət ki, regionda sülhün və əməkdaşlığın bərpası yolunda süni maneələri aradan qaldırmaq lazımdır. Başqa variant yoxdur".

Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gilin dedikləri də maraqlıdır. “Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatında Azərbaycanla sülh sazişi üçün əsas ola biləcək müddəalar var. Paşinyanın əsas tələbi Prezident İlham Əliyev tərəfindən Ermənistanın ərazi bütövlüyünün təsdiqidir. Bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi ilə bağlı yekun razılaşmanı nəzərdə tutur”, - deyə o bildirib.

Sabiq səfirə görə, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı qalan məsələləri həll etmək lazımdır: “Regional kommunikasiyaların açılması operativ, qarşılıqlı faydalı həllər tələb edir. Tərəflər Qarabağın dağlıq hissəsinin erməni əhalisinin taleyi ilə bağlı məsələləri razılaşdırmalıdırlar. Qarabağın erməni əhalisindən hər hansı birinin yaxın vaxtlarda ora qayıtmaq istəməsi ehtimalı azdır. Şübhə yoxdur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi Cənubi Qafqazın iqtisadi inkişafına böyük töhfə verəcək. Əsas sual qalır: Ermənistan və Azərbaycan nəhayət ki, müharibəyə, əzablara və nifrətə son qoyaraq öz xalqı üçün dinc gələcək yarada biləcəkmi? Bu, 2023-cü ilin sonuna qədər baş verəcəkmi? Yaşayarıq, görərik”.

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR