İnsanlara hürriyət, millətlərə istiqlal!

"Soros" Fondu Avropadan köçdü - "rəngli inqilablar"dövrünə son

709 17.08.2023 11:58 Siyasət A A

Belə görünür ki, ABŞ Mərkəzi Kəşfiyyatı ilə sıx bağlılığı olan fond indi ya Afrika, ya da Asiyaya daha geniş şəkildə yerləşmək tapşırığı alıb

Milyarder Corc Sorosun “Açıq Cəmiyyət Fondu” Avropa Birliyindəki fəaliyyətini demək olar ki, tamamilə dayandırmaq qərarına gəlib. Bu barədə “AzadlıqRadiosu”nun Macarıstan xidmətindən məlumat verilib.

“Açıq Cəmiyyətin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb AB qurumları və hökumətlərinin fondun məşğul olduğu sahələrə külli miqdarda vəsait xərcləmələri olub. Buna görə də onlar işin daha səmərəli olacağı dünyanın digər hissələrinə diqqət yetirməyə qərar verdilər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, artıq Açıq Cəmiyyət Fondundan maliyyə alan bütün Macarıstan təşkilatları fondun Avropa Birliyindəki fəaliyyətini dayandırması və öz resurslarını dünyanın digər hissələrinə köçürməsi barədə məktub alıblar.

"Soros" Fondun son illər xüsusilə postsovet məkanında “rəngli inqilablar” ssenarilərini təşkil etdiyi və maliyyələşdirdiyi heç kimə sirr deyil. "Soros" Fondu Azərbaycan da daxil olmaqla, bir çox postsovet ölkələrində fəaliyyət göstərirdi. Müəyyən zaman keçdikdən sonra "Soros" Fondunun müəllifliyi, bilavasitə maliyyəsi ilə bəzi ölkələrdə inqilablar başladı. Onlar ictimai-siyasi aktiv insanları şirnikləndirdilər, maddi vəsaitlə təmin edərək, ayrı-ayrı proqramlara cəlb etdilər. Belə yolla həmin insanlar ölkələrinin siyasi hakimiyyətlərinə, konstitusion quruluşlarına qarşı çıxmağa təhrik edildilər. Bu da təbii ki, bəzi xalqlara faciə gətirdi.

"Soros" Fondu regionumuzda 2005-ci ildən sonra aktivləşdi. Fondun dəstəyi ilə Gürcüstanda, Ukraynada “narıncı inqilablar” təşkil edildi, Azərbaycanda buna cəhd olundu.  "Soros" Fondunun əsas fəaliyyətinin imperializmə dəstək  təşkil etməsi, onun “rəngli inqilablar” vasitəsilə anarxiya, xaos yaratmaq marağı, həmin maraqlardan yüz milyonlarla maddi gəlir əldə etməsi faktı yalnız Azərbaycanda deyil, elə Qərbin gerçəklikləri doğru şəkildə ifadə edən bir çox qurumları, siyasiləri tərəfindən də etiraf edilirdi.

Təsadüfi deyil ki, bu fondun fəaliyyəti Avropanın bəzi ölkələrində də qadağan edillmişdi. Fondun son belə “sınağı” Ermənistanda gerçəkləşdi, Paşinyan “inqilab” edərək hakimiyyətə gətirildi. Soros" Fondunun pullarının daha Avropada alınmadığını anlayıb və daha pulları havayı yerə xərcləmək istəmir. Belə görünür ki, ABŞ Mərkəzi Kəşfiyyatı ilə sıx bağlılığı olan "Soros" Fondu indi ya Afrika, ya da Asiyaya daha geniş şəkildə yerləşmək tapşırığı alıb. Ermənistan hakimiyyətinin əsas sponsorlarından olan "Soros" Fondunun Avropada bütün mərkəzlərini bağlaması diqqət çəkir. Belə anlaşılır ki, "Soros" Fondunun “rəngli inqilablar” dövrü daha tarixin arxivinə tullandı. Lakin ekpsertlər hesab edir ki, bu, üzdə belə görünür. Əslində hələ də bu fondun xaos planlarına inananlar var və indi Soros onlara üz tutmaq məcburiyyətindədir.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

 Yeganə Hacıyeva

Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Soros qlobal səviyyədə siyasi proseslərə təsir imkanları əldə etmək üçün bu illər ərzində Açıq Cəmiyyət Fonduna  nə az, nə çox  32 milyard dollar vəsait xərcləyib. Sorosun maliyyəsi ilə xeyriyyəçilik, humanitar və maarifləndirici layihələr adı altında fəaliyyət göstərən siyasi ictimai, QHT, media, tv şəbəkələri toru hörülüb: “Bu şəbəkələr və onların simaları öz ölkələrində nüfuz agentlərinə çevriliblər.  Bu infrastrukturlar ölkələrin daxilində kənar maraqlar üçün aktiv fəaliyyət göstərən mexanizmlərdir. Lokal ənənəvi ideologiyaların sındırılması istiqamətində çox geniş və sistemli iş aparmaqla "ümumi dəyərlərə" malik bir nəsil formalaşdırıblar. Burada söhbət yaşadığımız dövrün gənclərindən gedir. Yəni dünya düzənində müxtəlif millətlərdən olsa da, ümumi dəyərləri daşıyan bir nəsil formalaşdırılıb, bu da işlək bir şəbəkədir. “Açıq Cəmiyyət Fondu”nun Avropa Birliyindəki fəaliyyətini demək olar ki, tamamilə dayandırmaq qərarı bu şəbəkələrin işinə heç bir təsir etməyəcək. “Açıq Cəmiyyət” in fəaliyyətinin məhdudlaşdırılmasına səbəb Avropa Birliyi qurumları və hökumətlərinin fondun məşğul olduğu sahələrə külli miqdarda vəsait xərcləməsi haqqında fikirlər isə qeyri-ciddi arqumentdir, çünki xərcləndiyi maliyyənin əvəzini şəbəkə 10 qat çıxarıb. Digər tərəfdən, bu şəbəkə ölkələr daxilində “dibə enərək” fəaliyyət göstərməyə üstünlük verir, çünki Soros şəbəkəsinin əsas hədəfləri hamıya bəllidir və onlar rəng dəyişərək gizli fəaliyyət göstərməyə üstünlük verirlər. Ancaq bu onların heç bir halda nəzarətsiz olacağı anlamına gəlmir. Avropa Birliyi və Avropa Şurasındakı şəbəkə isə hər hansı bir koordinasiyaya ehtiyac duymadan fəaliyyət göstərir. Afrikada resursların talanmasını qarşısına məqsəd qoyan Soros Fondunun Asiyaya yerləşmə planları haqqında onu qeyd edim ki, bu regionda  90-cı illərin sonundan fəaliyyət göstərirlər. Yaxın Şərqdə Sorosun radikal dini cərəyanların fəallaşmasına dəstəyi isə danılmaz faktlardır. Məsələn, Misirdə dünyəvi üsul-idarənin çökməsi ilə “Müsəlman qardaşlar”ın hakimiyyətə gəlməsində beynəlxalq dəstəyi məhz Soros şəbəkəsi verdi. “Müsəlman qardaşları” təşkilatının əsasında yaradılmış Azadlıq və Ədalət Partiyası sədri Mühammed Mursi isə istər Misir, istərsə də ABŞ-ın Cənubi Kaliforniya Universitetində dərs dediyi zaman Soros şəbəkəsi ilə sıx əlaqələrdə olmuşdu. Bir sözlə, Açıq Cəmiyyət Fondu geri çəkilmir, sadəcə, üsullarını dəyişir, amma xaos yaratma planı dəyişmir".

Ekspert qeyd etdi ki, fondun son illər hərbi məqsədlərin qeyri-hərbi yollarla əldə edilməsi üsulları dəyişib ki, burada siyasi-ictimai, iqtisadi, texniki alətlərlə aparılan hibrid təcrübələr tətbiq edilir: “Bu hibrid üsullar şəbəkə vasitəsilə dünyanın müxtəlif yerlərində  regional və lokal sabitliyə qarşı yönələn, kəşfiyyat və xüsusi xidmətlərin operatorluğunda kənar təsirlər və dezinformasiyalarla ictimai fikirlərin yönləndirilməsi taktikası istifadə olunur. Şəbəkənin son illər dünyanın bir çox bölgəsində muzdlu hərbi qruplarla təmasları onu göstərir ki, şəbəkə üçün yeni bir istiqamət də bu sahədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR