İrəvanda seçkiqabağı kampaniyanın son günündə Baş nazir Nikol Paşinyan Respublika Meydanında keçirilən mitinqdə rəqibləri barədə son dərəcə sərt bəyanatlar səsləndirib.
Musavat.com xəbər verir ki, Paşinyan bildirib ki, "Üçbaşlı Müharibə Partiyası" və onun quyruqları 7 iyun seçkilərinin nəticələrinə görə parlamentə keçməməlidir. Onun sözlərinə görə, erməni xalqını satın ala biləcəklərini düşünən, onu təhqir edən və satılmış məxluqlarla müqayisə edən siyasi qüvvələr və casus şəbəkələri səsvermənin nəticələri ilə diz çökdürülməlidir.
Paşinyan qeyd edib ki, xalq öz mesajını aydın şəkildə ifadə edib və seçkilərdən sonra Robert Köçəryan həbs edilməli, 1 mart hadisələrinə görə məhkəmə qarşısına çıxarılmalıdır. O vurğulayıb ki, həmin hadisələrə görə məsuliyyət daşıyan şəxslər uzun illər həbsxanada qalmalıdır.
Baş nazir əlavə edib ki, Prokurorluq Köçəryandan və onun ailəsindən qanunsuz yolla əldə edilmiş 200 milyon dollardan çox əmlak və vəsaitin müsadirə olunmasını tələb edir. Onun fikrincə, məhkəmə sistemi talan edilmiş sərvətləri Ermənistan xalqına və dövlətinə qaytarmalıdır.
Paşinyan çıxışında “Kaluqa oliqarxı” adlandırdığı şəxsi də hədəfə alıb. O bildirib ki, həmin şəxs hərbi hissələrin elektrik enerjisi sərfiyyatını süni şəkildə şişirdərək ordunu talayıb, eyni zamanda “öz nəslindəki bütün kişiləri hərbi xidmətdən yayındırıb”. Paşinyanın sözlərinə görə, bu şəxs ən sərt məsuliyyətə cəlb olunmalıdır.
O, həmçinin Ermənistanın siyasi həyatına “300 min azərbaycanlı” barədə yalançı casus gündəmini daxil edənlərin də cavab verməli olduğunu bildirib.
Paşinyan vurğulayıb ki, “Ermənistan Elektrik Şəbəkələri” dövlət sərvətidir və bundan sonra yalnız dövlət mülkiyyətində qalacaq.
Musavat.com






