Ermənistan Daxili İşlər Nazirliyi vətəndaşlara xarici telefon nömrələrindən və elektron poçt ünvanlarından edilən saxta zənglər barədə xəbərdarlıq edib. Bildirilir ki, bu zənglərdə bəzi seçki məntəqələrində bomba yerləşdirildiyi iddia olunur.
Musavat.com-un xəbərinə əsasən, qeyd edilir ki, hüquq-mühafizə orqanlarının apardığı yoxlamalar nəticəsində həmin məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilib.
Nazirliyin açıqlamasında bu cür halların “hibrid təsir və informasiya-psixoloji təzyiq cəhdləri” olduğu, seçki prosesinin normal gedişini pozmağa, cəmiyyətdə narahatlıq və etimadsızlıq yaratmağa, həmçinin dövlət qurumlarının işini pozmağa yönəldiyi bildirilib. Qurum vurğulayıb ki, hüquq-mühafizə orqanları vəziyyəti tam nəzarətdə saxlayır. Vətəndaşlara dezinformasiyalara inanmamaq, yoxlanılmamış məlumatları yaymamaq və bu cür hallarla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat vermək çağırışı edilib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri keçirilir. Səsvermədə ümumilikdə 2 milyon 503 min 976 vətəndaşın iştirak etmək hüququ var. Seçkilərdə 2 blok və 16 partiya iştirak edir. Bunlar “Ermənistan” və “Güclü Ermənistan” blokları, eləcə də “Vətəndaş Müqaviləsi”, “Çiçəklənən Ermənistan”, “Meritokratik Ermənistan”, “Hamısına qarşı”, “Demokratik Konsolidasiya”, “Birliyin Qanadları”, “Maariflənmiş Ermənistan”, “Milli-Demokratik Qütb”, Xristian-Demokrat Partiyası, Erməni Milli Konqresi, “Yeni Güc”, “Respublika”, İslahatçılar Partiyası, “Demokratiya, Qanun, Nizam”, “Milli Dirçəliş və Koçari Millətinin Oyanışı” və “Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı” yer alır.
Partiyalar üçün keçid həddi 4%, 3 və daha az partiyadan ibarət bloklar üçün 8%, 4 və daha çox partiyadan ibarət bloklar üçün isə 10% təşkil edir. Seçkidə minimal iştirak faizi (seçici fəallığı həddi) yoxdur.
Şahanə Rəhimli
Musavat.com






