İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Azərbaycan onları tarixin zibilliyinə göndərəcək

2592 13.08.2023 14:17 Siyasət A A

“Ötən ilin sonunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair ehtimallar çox yüksək idi. Bu il də Brüssel formatı canlandıqdan və ABŞ-da xarici işlər nazirləri arasında 2 dəfə məhsuldar görüş keçirildikdən sonra sülh müqaviləsinin imzalanmasına dair ehtimallar gücləndi. Lakin Ermənistanın Azərbaycanla razılaşdırmadan ölkəmizin sərhədlərinə yük maşınlarını cəlb etməsi prosesi nəinki tormuzladı, onu dalana dirədi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

ilyas 1.jpg (33 KB)

Politoloq xatırladıb ki, Ermənistan beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanı Qarabağ iqtisadi rayonunda ermənilərə təzyiq etməkdə, onları blokada vəziyyətində saxlamaqda ittiham etdi, etnik təmizləmə və soyqırım kimi saxta, absurd iddialar irəli sürdü:

“Baxmayaraq ki, Nikol Paşinyan dəfələrlə keçirilən ali səviyyəli görüşlərdə Azərbaycanın Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü və suverenliyini tanımışdı. Lakin Paşinyan “Euronews”a müsahibəsində yenidən Azərbaycanın daxili işlərinə qarışır, Laçın yolunun eksterritorial statusa malik olması, bunun həyat yolu funksiyası daşıması fikirləri onu deməyə əsas verir ki, Ermənistan baş naziri sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, reallıqda isə tamamilə əksini müşahidə edirik.

spayka.jpg (120 KB)

Avropa İttifaqının mülki missiyasının, Ermənistanda akkreditasiyadan keçmiş səfirlərin “TIR şousu”na cəlb edilməsi məndə elə təəssürat formalaşdırırdı ki, bu proses uzun bir zaman alacaq və bunun yekun nəticəsi də görünürdü. Çünki Ermənistan məsələni BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir. Son zamanlar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT TŞ-nin daimi və qeyri-daimi üzvləri olan dövlətlərin XİN rəhbərləri ilə mütəmadi danışıqlar keçirir”.

Politoloq hesab edir ki, Azərbaycan diplomatiyası fəal surətdə iş həyata keçirməlidir:

“BMT Təhlükəsizlik Şurasının bizə dost üzvləri ilə məsləhətləşmələr aparılmalıdır. Bir sıra ölkələr İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının üzvüdür. Aydındır ki, Azərbaycanın mövqeyi dəstəklənəcək. Amma erməni təbliğatı elə bir mərhələyə qədəm qoyub ki, yalnız onların arqumentasiyası əsasında siyasi gündəliyi daşımağa cəhd edən informasiya resursları da səfərbər olunub. Burada əsas məsələ preventiv tədbirlər həyata keçirməkdir, ilk növbədə TŞ-nin iclasına bu məsələnin qaldırılmamasına nail olmaq lazımdır”.  

İlyas Hüseynovun sözlərinə görə, əgər məsələ BMT Təhlükəsizlik Şurasının iclasına qaldırılarsa, dost ölkələr bizim mövqeyimizi müdafiə etməlidirlər:

“Biz dəfələrlə bunun şahidi olmuşuq - hətta təmsil olunmadığımız beynəlxalq təşkilatlarda mövqeyimiz ədalətli şəkildə, beynəlxalq hüquqa söykənərək müdafiə olunub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Frankofoniya Təşkilatını misal kimi çəkə bilərik. Lakin BMT Təhlükəsizlik Şurası tamamilə yeni mərhələdir, daha üst bir institutdur. Maksimum dərəcədə buna nail olmaq lazımdır ki, TŞ-də bizə qarşı hansısa qətnamə qəbul olunmasın.

BMT.jpg (124 KB)

Əgər hansısa qətnamə qəbul olunarsa, bu, ona dəlalət edəcək ki, Avropa İttifaqı, Rusiya və ABŞ vasitəçilik mandatından məhrum olacaqlar. Necə ki, Azərbaycan ATƏT-in Minsk qrupu formatını hərbi-siyasi yollarla tarixin zibilliyinə göndərdi, bu gün də vasitəçilər qərəzli və həqiqətdən uzaq olan, tamamilə yalan məlumatları özündə ehtiva edən arqumentlər əsasında Azərbaycana qarşı qətnamə qəbul edəcəklərsə, Azərbaycan gələcək siyasi danışıqlarda iştirak etməyəcək. Region sülhsüz, təhlükəsiz sistemisiz və nizamsız olacaq.

Bu gün beynəlxalq hüquqda hüququn gücü yox, güclünün hüququ işləyir. Azərbaycan sülhün tərəfdarıdır. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün 5 maddəlik prinsiplə çıxış edir. Azərbaycan bölgədə reinteqrasiyanın, tərəqqinin, kommunikasiya xətlərinin açılmasının tərəfdarıdır. Lakin bizim bu siyasi gündəliyimiz belə görünür ki, Ermənistanın saxta arqumentasiyası ilə toqquşur və “blokada şousu”na inananlar Ermənistan təbliğatının qurbanına çevrilirlər.

Dövlətlər burada rasional davranmalıdır - xüsusilə BMT TŞ-də daimi və qeyri-daimi üzvlər. Ümid edirəm ki, ölkəmizə, milli maraqlarımıza qarşı hansısa qətnamə qəbul olunmayacaq. Lakin qətnamənin birbaşa olaraq sülhə qarşı yönələcəyini tam məsuliyyətlə bildirmək istəyirəm”.   

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR