Milli Məclisdə “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə komitə sədri Zahid Oruc çıxış edib və qanun layihəsinin mediamızın inkişafında əhəmiyyətli rol oynayacağından bəhs edib.
Musavat.com-un məlumatına görə, komitə sədri Siyavuş Novruzov qanun layihəsinin mütərəqqi əhəmiyyətindən danışıb.
Xatırladıb ki, media ilə bağlı ciddi addımların əsası Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində qoyulub, o zaman mətbuat üzərindən senzuraya son qoyulub.
Medianın əhəmiyyətindən bəhs edən komitə sədri media adı altında Azərbaycana qarşı fəaliyyət göstərənlərdən də bəhs edib.
Qeyd edib ki, hətta Ağdam, Füzuli və digər rayonlarımızın işğalına görə Heydər Əliyevi günahlandırmağa cəhd göstərirlər: “Heydər Əliyevin ordusu yox idi. Ordunu geri çəkən AXC-Müsavat idi. O rayonların işğalı ilə bağlı məhkəmə prosesləri keçirilib, Fəhmin Hacıyev, Rəhim Qazıyev və digərləri ilə bağlı hökm çıxarılıb”.
S.Novruzov qeyd edib ki, şər-böhtan çıxışları edənlərdən biri Almaniyada oturub, pul qarşılığında Azərbaycana qarşı mübarizə aparır: “Mən sorğu göndərəcəyəm ki, alman vətəndaşının vergiləri hara gedir?”
Komitə sədri bildirib ki, İlham Əliyev Şah İsmayıl Xətai dövründən bəri mümkün olmayanları reallaşdırıb: “Azərbaycanın ərazi bütövlüyü indiki səviyyədə heç vaxt təmin olunmayıb. Bunu təmin edən Müzəffər Ali Baş Komandandır. Biz hamımız onun sadiq əsgəriyik”.
E.Paşasoy,
Musavat.com






