Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan məhrum edilməsi ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinə görə verilmiş siyasi qərar olub. İlham Əliyev vurğulayıb ki, Bakı qarşıdurma deyil, münasibətlərin normallaşmasını istəyir, lakin bunun üçün ilk addım məhz Avropa Şurası tərəfindən atılmalıdır.

“Açıq şəkildə deyə bilərəm ki, hökumətdə təkcə Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi dondurmağı deyil, ümumilikdə Avropa Şurasını tərk etməyi də ciddi şəkildə müzakirə etmişik. Lakin Avropa Şurasının Baş katibi Alen Berse mənə müraciət edərək bunu etməməyimizi və vəziyyəti yaxşılaşdırmaq üçün imkan yaratmağımızı xahiş etdi. Mən də bu qərarı hələlik təxirə saldım. Təəssüf ki, o vaxtdan bəri heç bir irəliləyiş yoxdur. Əksinə, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı tamamilə qəbuledilməz və ultimativ tələblər irəli sürülür. Münasibətləri pozan biz olmamışıq, onlar olublar”, - deyə dövlət başçısı qeyd edib.
Prezidentin fikirərini şərh edən deputat Azər Badamov Musavat.com-a bildirib ki, son illər AŞPA tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən yanaşma rəsmi Bakı tərəfindən birtərəfli və qərəzli hesab edilir:
“Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi dövrdə təşkilatın qəbul etdiyi bəzi qərarlar ikili standartların təzahürü oldu. Azərbaycan ərazi bütövlüyünü təmin etdiyinə görə nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək AŞPA-nın absurd qərarı idi. Əgər AŞPA Azərbaycanla əməkdaşlığını davam etdirmək istəyirsə, təbii ki, ilk addımı da Avropa Şurası tərəfindən atılmalıdır”.
Onun fikrincə, prezidentin səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə edilməsinin davamıdır: “Ölkəmiz digər beynəlxalq platformalarda -BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və digər çoxtərəfli formatlarda fəaliyyətini davam etdirərək milli maraqlarını müdafiə etmək imkanlarını saxlayır. Hüquqi baxımdan isə Avropa Şurasından çıxmaq təşkilatın hüquqi mexanizmlərində iştirakın dayandırılması ilə nəticələnə bilər. Təbii ki, belə bir qərar qəbul ediləcəyi təqdirdə, onun bütün hüquqi aspektləri və beynəlxalq öhdəliklərə təsiri müvafiq qaydada nəzərdən keçiriləcək”.
Deputatın onu da deyib ki, Avropa İttifaqının əvvəlki xarici siyasət rəhbərliyi dövründə münasibətlər müəyyən çətinliklərlə üzləşsə də, indi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb: “Bu yanaşma onu göstərir ki, Azərbaycan Avropa təsisatları ilə münasibətlərə bütövlükdə qarşıdurma prizmasından deyil, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsipləri əsasında yanaşır. Əsas məqsəd beynəlxalq əməkdaşlıqdan imtina etmək deyil, bu əməkdaşlığın qarşılıqlı hörmət, beynəlxalq hüquq və bərabərlik prinsipləri əsasında qurulmasını təmin etməkdir”.
Cavanşir Abbaslı
Musavat.com






