İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi təfəkkürümüzdə həkk olunmalı vurğular - ŞƏRH

559 20.09.2023 18:06 Siyasət A A

Hamımızın Vətəni olan Azərbaycanın tarixində baş verən ən möhtəşəm hadisələrin canlı şahidi olmaq taleyimizin qismətidir. Bunu unutmayaq, layiqincə dəyərləndirək və bu uğurları milli qürur mənbəyi kimi daim qəlbimizdə yaşadaq. Heç bir qərəzli yozum, habelə kimlərinsə bədniyyətli şərhləri bu qürur hisslərinə ləkə sala bilməz. Məhz elə bu səbəbdən də əhalinin siyasi təfəkküründə konkret siyasi hadisələrlə əlaqədar adekvat təsəvvürlər və dəqiq vurğular müəyyən olunmalıdır. Milli maraqlar kontekstində nəzarətsiz informasiya axını səbəbindən həqiqətin təhrif olunması və yanlış baxışların formalaşdırılmasının qarşısı mütləq və zamanında alınmalıdır.

Odur ki, baş vermiş mühüm hadisələrlə əlaqədar siyasi təfəkkürümüzdə həkk olunmalı bəzi prinsipial vurğuları müəyyən etməyə çalışaq. Sentyabrın 19-da başlamış hadisələr məhz lokal xarakterli antiterror tədbirləridir. Bizim Vətən müharibəmiz Şuşanın azad olunması ilə bitib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını artıq rəsmiləşdirib. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktı beynəlxalq təşkilatlarla yanaşı, Ermənistanın baş naziri tərəfindən də etiraf olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Siyasi təfəkkürümüzdə həkk olunmalı vurğular” sərlövhəli məqaləsində yer alıb.

O qeyd edib ki, Azərbaycan antiterror tədbirləri vasitəsilə, 44 günlük müharibədə olduğu kimi, öz gücü hesabına əldə edilmiş razılıqların yerinə yetirilməsi ilə məşğul olub. Sadəcə bu dəfə Azərbaycan Ermənistanın üzərinə düşən öhdəlikləri könüllü şəkildə yerinə yetirəcəyinə və beynəlxalq təşkilatların obyektiv mövqeyinə artıq inanmadığı üçün daha 30 il gözləmək niyyətində olmadı. Odur ki, hər kəs mütləq olaraq baş verən hadisələri məhz Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri kimi adlandırmalı və tanımalıdır. Nəzərə almalıyıq ki, “antiterror tədbirləri” ifadəsinin istifadə olunması, eyni zamanda, “ikili siyasəti” həyata keçirən və daim erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatların qərəzli bəyanatlarının qarşısının alınması üçündür.

“Azərbaycan Hökumətinin bəyan etdiyi antiterror tədbirlərinin məqsədlərinə bir daha nəzər yetirək: 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının təmin olunması; Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması; Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması; işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması; Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi. Müəyyən olunmuş amillər bir daha sübut edir ki, Azərbaycan 44 günlük müharibənin nəticəsində bərpa olunmuş öz ərazinin suverenliyini qorumaq məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirib.

Qətiyyən məkrli niyyətli qüvvələrin təxribatlarına uymaq olmaz. Ölkəmizin hər bir vətəndaşı birmənalı olaraq bilməlidir ki, Azərbaycan Ordusu məsuliyyətlidir və bizim Ordumuz tərəfindən mülki əhali, habelə infrastruktur obyektləri hədəfə alınmır. Hədəfdə yalnız legitim hərbi obyektlərdir. Ordu ilə bağlı olan istənilən məsələdə vətənpərvər mövqeyin nümayişi hər bir azərbaycanlının mənəvi borcudur”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu hər zaman olduğu kimi, bu dəfə də mülki əhaliyə qarşı son dərəcədə nümunəvi davranış nümayiş etdirdi. Belə ki, Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır. Hökumətimiz bununla kifayətlənməyib, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüququn normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsinin təşkil olunacağını da bəyan edib. Müdafiə Nazirliyinin müvafiq bəyanatında qeyd olunur ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqlar. Xocalı soyqırımı kimi faciəni bizə yaşadan Ermənistana bu cür münasibətin sərgilənməsi bütün dünya və özünü “beynəlxalq hüquqların carçısı” adlandıran qurumlar üçün nümunəvi örnək və davranış sayıla bilər. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın bu cür davranışını təqdir etməli və alqışlamalıdır.

“Hadisələr onu da bizlərə göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə ikitərəfli qardaşlıq münasibətləri formatına artıq sığışmır. Azərbaycan-Türkiyə tandemi qlobal münasibətlər sistemində mütləq nəzərə alınmalı beynəlxalq amilə çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında səsləndirdiyi fikirləri yaddaşımıza yazaq və bu cür münasibəti bütün mümkün olan qısqanclıqdan qoruyaq: “Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik... Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başda bir statusun zorla qəbul etdirilməsi əsla qəbul olunmayacaq”. Dövlətçilik mövqeyindən çıxış edərək deyə bilərik ki, qeyd olunan fakt sadəcə iki dövlət arasında qardaşlıq münasibətlərinin təzahürü deyil, bu, eyni zamanda, Azərbaycan diplomatiyasının zirvəsidir. “Zirvəni” də bütün bəd gözlərdən qorumaq lazımdır.

Sentyabrın 19-da Azərbaycan Prezidentinin Administrasiyasının yaydığı məlumatda öz əksini tapmış: “... antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır” - kimi sözlər milli qürur tariximizə qızıl hərflərlə yazılan cümlələrdir. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq” sözlərini xatırlayaq. Bu sözləri və bu fikirləri eşidən zaman yaşadığımız hisslər təkrarolunmazdır. Otuz il öz doğma torpaqlarının həsrətində olan, min bir əzab və əziyyət çəkmiş milyondan artıq insan üçün, habelə milli qüruru bərpa olunmuş bütöv bir xalq üçün bu sözlər və bu fikirlər vətənpərvərliyin himnidir. Ermənilərin qaldırdıqları “ağ bayraq” Azərbaycanın üstün gücə malik olduğunu nümayiş etdirməklə yanaşı, tarixi ədalətin və haqqın təntənəsidir. Bu cümlələri eşitmək və bu anları yaşamaq üçün xalqımız qurbanlar verib. Odur ki, xain siyasətbazların məkrli niyyəti və xəstə ambisiyaları bu qüruru və bu iftixar hisslərini bizdən oğurlaya bilməz”, - deyə A.Adil vurğulayıb.

“Əlbəttə ki, çətin sınaqlardan keçdiyimiz zaman və bütöv bir xalq olaraq Vətən ilə bağlı olan sevincli anları yaşayanda biz hər zaman ölkəmizdə milli həmrəyliyə şahidlik edirik. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışlarında prinsipial və israrla hər zaman təkrar edir: “Biz birlikdə güclüyük”. Bu sözlər müasir “Azərbaycançılıq” ideologiyasının əsas fəlsəfi leytmotivlərindən birini təşkil edir. Məhz elə buna görə də bizim milli birliyimiz və həmrəyliyimiz hər zaman xain güclərin hədəfindədir. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən 23 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiyini bəyan edib. Təəssüflər olsun ki, hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən hətta bu məqamda siyasi “trio” öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalıb. Vətənsevər siyasi qüvvələrin birgə Bəyanatına imza atmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası yenə də öz xəstə ambisiyalarına qalib gələ bilmədilər, xalqın sevincinə şərik çıxmadılar və milli həmrəyliyi təcəssüm edən ədalətli siyasi aksiyada iştirak etmədilər.

Əvəzində isə biz sentyabrın 20-də ermənilərin təslim olduğuna şahidlik etdik. Bununla da hadisələrin gedişatı kimin nəyi nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bildiyini bir daha hamı üçün agah etdi”, - deyə məqalədə diqqətə çatdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR