İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi partiyalar üçün qeydiyyatın son günü, onları nələr gözləyir? Partiya sədrləri DANIŞDI

980 10.07.2023 15:34 Siyasət A A

“Siyasi partiyalar haqqında” qanuna əsasən, yenidən qeydiyyatdan keçmək üçün siyasi partiyalar iyulun 11-dək Ədliyyə Nazirliyinə müraciət etməlidir. Bunun üçün siyasi partiyanın 5000 üzvü olmalıdır.

Musavat.com bir neçə partiya sədri ilə əlaqə saxlayıb, qeydiyyat prosesinin gedişi ilə maraqlanıb.

fezail.jpg (100 KB)

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Musavat.com-a açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyinə iyunun 4-də müraciət edilib. Partiya sədri qeyd edib ki, fəaliyyət “Siyasi partiyalar haqqında” yeni qanuna əsasən qurulacaq:

“Partiyamızın 6150 üzvü var. Bütün partiyalar üçün prioritet seçki prosesində iştirak etməkdir. Proporsional seçki sisteminin tətbiqi üçün Konstitusiyada dəyişiklik edilməlidir. Azərbaycanda qarışıq seçki sisteminin tətbiqi daha məqbuldur. Proporsional seçki sistemi siyasi sistemdə partiyaların yerinin və rolunun güclənməsinə, ölkə Prezidentinin siyasi islahatlarında yer alan yeni partiyaların konfiqurasiyasının inkişafına tamamilə uyğundur. Majoritar sistemin seçki prosesində yer alması doğru olardı”.

F.Ağamalının fikrincə, yeni partiyalar qeydiyyatdan keçdikdən sonra yeni situasiya yaranacaq: “Yeni qanunun müddəalarına, tələblərinə uyğun olaraq qeydiyyata alınan partiyaların fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Qeydiyyatdan keçməyən partiyalar isə majoritar qaydada seçkidə iştirak edə bilərlər. Partiya üzvü olmayan vətəndaşlar da müstəqil şəkildə seçki mübarizəsinə qoşula bilərlər. Seçiləcəkləri halda Milli Məclisdə müstəqil deputat kimi fəaliyyət göstərə bilərlər. “Siyasi partiyalar haqqında” qanun siyasi partiyaların siyasi prosesdə daha fəal iştirak etməsinə geniş imkanlar açır”.

elsad_musayev.jpg (34 KB)

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev hesab edir ki, proporsional seçki sisteminin ləğv olunması siyasi partiyaların fəaliyyətinə mənfi təsir edib:

“Siyahını hazırlayıb Ədliyyə Nazirliyinə təhvil vermişik. Son məlumata görə, siyahıda 7388 nəfər var. 31 partiya isə özünü buraxdı. Bu, onların daxili işidir. Verilən qərarlara hörmətlə yanaşmaq lazımdır. Ölkədə hələ ki, nisbi majoritar seçki sistemi tətbiq olunur. Nisbi majoritar sistemdən fərqli olaraq mütləq majoritar sistemdə namizəd 50+1 faizlə qalib gəlir. Nisbi majoritar sistemdə isə qalib sadə səs çoxluğu ilə seçilir. Proporsional seçki sisteminin ləğv olunması siyasi partiyaların fəaliyyətinə mənfi təsir etdi. Bu sistemin tətbiq edilib-edilməyəcəyini dəqiq demək mümkün deyil. Ölkə başçısı çıxışlarında majoritar sistemin üstünlüklərindən danışıb. Mən qarışıq sistemin tərəfdarıyam. Nəhayət ki, parlamentdə partiyaların fraksiyaları olmalıdır. O cümlədən parlamentin səlahiyyəti xeyli genişlənməlidir. Ölkədə seçki və siyasi sistemi əhatə edən hərtərəfli islahat həyata keçirilməlidir”.

tural.jpg (72 KB)

Ağ Partiya sədri Tural Abbaslının fikrincə, Azərbaycanda majoritar sistem ləğv olunmalıdır:

“İyulun 5-i siyahını Ədliyyə Nazirliyinə təqdim etmişik. Yenidən qeydiyyat üçün əsas meyar üzvlərin sayıdır. Ağ Partiyanın 10 001 nəfər üzvü var. Təxminən 1 aydan sonra cavab bəlli olacaq. Düşünürəm ki, qeydiyyatdan keçməyimizlə bağlı problem olmayacaq. Ağ Partiya intensiv şəkildə üzv qəbul edən yeganə partiyadır. Bəzi partiyaların təqdim etdiyi rəqəmlər reallığa uyğun deyil. Qanun layihəsinin ilkin variantında rayon təşkilatlarının sayı nəzərə alınmalı idi. Bunun üçün isə rayon təşkilatının ən azı 100 üzvü olmalı idi. Sonradan bu maddə çıxarıldı. Qeydiyyatdan keçə bilməyən təşkilatlar artıq özünü qeyri-hökumət təşkilatı kimi elan edib. Maraqlıdır, 31 partiya özünü buraxıb, amma hələ ki, bir üzv belə digər partiyalara müraciət etməyib. Ya ideoloji baxımdan partiyaya bağlı idilər, ya da yox imişlər. Dünyanın bir çox ölkəsində proporsional seçki sistemi tətbiq olunur. Majoritar sistemin ləğvinin tərəfdarı olsam da, iqtidarın bu sistemdən tam imtina etməyə hazır olduğunu düşünmürəm. Çoxpartiyalı sistemin yaşaması, siyasətin peşəkarlaşması üçün proporsional sistem bərpa olunmalıdır. Ehtimallar var ki, qarışıq sistem olacaq. Fikrimcə, yarı-yarıya olsa, daha yaxşı olar. Bu, partiyalar üçün də yaxşı olar, təsir imkanları artar, perspektivli insanlar partiyalara yönələrlər. Parlamentdə şəxslərin yox, partiyaların mübarizəsi gedər”.

Tural Abbaslı hesab edir ki, bu günə qədər prosesləri təhlil etdikdə təxminən 18-20 partiya qeydiyyatdan keçəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR