İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimal qonşumuzun ikiüzlü oyunu: Moskva tərəfdaşlıq deyir, amma təbliğat maşını Azərbaycana hücum edir

429 16.07.2026 14:07 Siyasət A A

 

Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına dair rəsmi səviyyədə müsbət mesajların verildiyi bir vaxtda Moskvanın informasiya məkanında Bakıya qarşı növbəti hücum dalğası başlanıb.

Bu da diqqətləri çəkməyə bilməz. Xüsusilə, Prezident İlham Əliyevin Şuşadan əməkdaşlıq və dialoq çağırışları etdiyi, xarici işlər naziri Ceyhun Bayramovun münasibətlərin bərpası istiqamətində Moskvaya səfəri günlərində Kremlə yaxın media resurslarının və “Telegram” kanallarının Azərbaycana qarşı koordinasiyalı qarayaxma kampaniyasına başlaması təəccüb doğurur.

Nə üçün Rusiya tərəfindən rəsmi bəyanatlarda tərəfdaşlıqdan danışılır, informasiya cəbhəsində isə Azərbaycan hədəfə çevrilir? Bu kampaniyanın arxasında hansı siyasi məqsədlər dayanır və Moskva bununla hansı nəticəni əldə etməyə çalışır?

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a açıqlamasında bildirdi ki, bu ziddiyyət, əslində, Rusiya-Azərbaycan münasibətlərinin son illərdəki xarakterini yaxşı əks etdirir:

“Rəsmi diplomatiya bir istiqamətdə, informasiya cəbhəsi isə bəzən tamam başqa istiqamətdə hərəkət edir. Bunun təsadüf olmadığını göstərən bir neçə əlamət var.

XİN naziri Ceyhun Bayramovun 16-17 iyul Moskva səfəri, doğrudan da, AZAL təyyarəsinin vurulmasından (dekabr 2024) sonra soyuyan münasibətlərin bərpası istiqamətində gözlənilən addım kimi təqdim olunur. Bu səfər uzun müddət davam edən gərginlikdən sonra siyasi dialoqun bərpasına yönəlmiş ilk ciddi addımlardan biridir. Azərbaycan tərəfi Moskvanın postsovet məkanında əvvəlki təsir imkanlarının xeyli məhdudlaşdığı bir vaxtda rus diplomatiyasının münasibətlərin normallaşması üçün müxtəlif, bəzən qeyri-standart addımlar atmağa çalışacağını gözləyir. Son zamanlar ölkələrarası diplomatik yaxınlaşma fonunda Kremlə yaxın media strukturlarının fərqli davranışı sadəcə təəssüf doğurur. Məsələn, Rusiyanın federal telekanalı "Rossiya-1" Ukraynaya qarşı Rusiya tərəfində vuruşan erməni könüllü batalyonu haqqında tərifli reportaj yayımlayıb. Bu, erməni separatizmi mövzusunu yenidən gündəmə gətirməkdən başqa bir şey deyil. Bundan başqa, Kremlə yaxın teleqram kanalları Azərbaycanı və Türkiyəni “Turan ordusu” ideyasını reallaşdırmaqda ittiham edib. Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələr Türk dövlətləri arasında hərbi inteqrasiyanı “anti-Rusiya” layihəsi kimi təqdim edir. Rusiyada rəsmi XİN xətti ilə hərbi təhlükəsizlik dairələrinə yaxın media resursları həmişə eyni mesajı vermir. İkincilər tez-tez daha “yastıq” rolunu oynayır, rəsmi dövlətə “əl çirkləndirmədən” təzyiq vasitəsi kimi istifadə olunur.

Moskva danışıqlar zamanı əl açıq qalsın deyə, paralel olaraq təzyiq alətini də canlı saxlayır. Bu, danışıqlarda daha güzəştli mövqe əldə etmək cəhdidir”.

Naqif Həmzəyev — Vikipediya

Parlamentari onu da qeyd etdi ki, Azərbaycanın Türkiyə ilə hərbi-siyasi inteqrasiyasının dərinləşməsi, Türk Dövlətləri Təşkilatının fəallaşması Kremlin ənənəvi “postsovet ərazisi” anlayışına real təhdid kimi görünür və bu da bəzi dairələrdə sərtləşmə yaradır: “Rusiyadakı erməni icması və ona yaxın dairələr Moskvanın media məkanından fəal istifadə edir. Bu da Azərbaycan əleyhinə materialların dövriyyəyə düşməsinə şərait yaradır.

Nəticə etibarilə, Moskvanın hədəflədiyi əsas nəticə çox güman ki, Bakını tam qırılma nöqtəsinə aparmaq deyil, ikili çərçivə yaratmaqdır. Bir tərəfdən iqtisadi və nəqliyyat əməkdaşlığını (ticarət dövriyyəsi artıq 4,8 milyard dollara çatıb) qoruyub saxlamaq, digər tərəfdən isə Azərbaycanın Qərb və Türk dünyası ilə yaxınlaşmasına qarşı təzyiq vasitələrini əldə saxlamaq məqsədi güdülür. Bu, klassik “yumşaq güc + sərt siqnal” kombinasiyasıdır və bunun 2024-cü ilin dekabrından əvvəlki güvən səviyyəsinə tez qayıdışa mane olduğunu əminliklə vurğulamaq gərəkir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR