İnsanlara hürriyət, millətlərə istiqlal!

Silahlarla dolu karvanlar Ermənistana çatdı: Təchizatçı kimdir - Moskva, Yeni Dehli, yoxsa Tehran? FOTO VİDEO

2932 18.01.2024 19:53 Region A A

İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb.

Musavat.com xəbər verir ki, Calibre.az-ın əldə etdiyi məlumata görə, 17 yanvar 2024-cü il tarixdə saat 17:50 radələrində İran İslam Respublikasının Culfa kəndindən Nurduz kəndi istiqamətində üzərində naməlum yükü brezentlə örtülmüş 2 ədəd “HINO” markalı avtomaşının hərəkəti qeydə alınıb.

Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanının “Nurduz” sərhəd-keçid məntəqəsindən Ermənistanın "Aqarak" gömrük-keçid məntəqəsinə, saat 21:17-21:31 radələrində isə Meğri kəndindən Leqvaz kəndi istiqamətində hərəkəti müşahidə olunub. 

Nəzərə alsaq ki, daşınma qaranlıqda aparılıb, yükün özü isə gizlədilməsi üçün açıq-aşkar örtülüb, bunun hərbi məqsəd daşıdığı şübhə doğurmur.

Və burada aşağıda müzakirə edəcəyimiz nüanslar görünür.

Əsas sualdan başlayaq: bu dəfə kim Ermənistana silah tədarük etmək qərarına gəlib?

Burada bir neçə variant var. Siyahıda birinci yerdə Rusiyadır. Bir neçə gün əvvəl Paşinyanın partiyasının nümayəndəsi, istefada olan general Qaqik Melkonyan Ermənistana Rusiya silahlarının daha bir partiyasının gətirildiyini yüksək səslə elan edib. Eyni zamanda o, Moskvanın İrəvana konkret olaraq nə çatdırdığı barədə danışmaqdan imtina edib. Yada salaq ki, Paşinyan və onun tərəfdaşları dəfələrlə Rusiyanı İrəvanın artıq ödədiyi silahları tədarük etməkdən imtina etməkdə ittiham ediblər. Bu kontekstdə güman etmək olar ki, Rusiya tərəfi əvvəllər ödənilmiş texnika və silahları KTMT müttəfiqinə ötürmək qərarına gəlib. Ötən ilin dekabrında Rusiya səfiri Kopırkin TASS agentliyinə müsahibəsində xatırladıb ki, İrandan Ermənistana Rusiya hərbi texnikasının yeni partiyası gedib.

“Bağlanmış müqavilələrin demək olar ki, hamısı vaxtında və yüksək keyfiyyətlə tamamlanıb, ya da icrasının son mərhələsindədir. Moskva və İrəvan da yeni sazişlərin bağlanmasını müzakirə edirlər. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər müzakirə olunur”, - deyə səfir bildirib.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, hətta 44 günlük müharibə zamanı Rusiya silah, texnika və sursatları İran ərazisindən keçərək Ermənistana daşınırdı. Ehtimal etmək olar ki, Rusiya tərəfi yenidən İran vasitəsilə Ermənistana yeni silah partiyası göndərib. Və burada Moskva üçün tamamilə ağlabatan sual yaranır: İrəvanı silahlandırmaqda davam edərsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün özünü necə vasitəçi kimi təqdim edir?

İkinci variant Hindistandır. Paşinyan özü 2022-ci ildə parlamentin tribunasından Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı fəal şəkildə inkişaf etdirəcəyini yüksək səslə bəyan edib. Ermənistan çoxsaylı raket buraxılış sistemləri, özüyeriyən artilleriya qurğuları, tank əleyhinə idarə olunan raketlər, artilleriya radarları, pilotsuz uçuş aparatları və hətta Hindistan istehsalı olan raketlərin alınmasına böyük maraq göstərib.

Belə ki, “Economic Times” qəzeti Ermənistan və Hindistanın silah tədarükü ilə bağlı bir sıra müqavilələr imzaladığını yazıb.

Məqalədə deyilir ki, müqavilələrin ümumi dəyəri təxminən 245 milyon ABŞ dolları təşkil edir. Bura dörd "PINAKA MLRS" sistemi və avadanlığı daxildir.

Hindistan mətbuatının məlumatına görə, sənəddə idarə olunan raketlər də var. Bununla belə, 2022-ci ilin oktyabrında Hindistanın “The Print” qəzeti bu siyahıya "AKASH" zenit-raket sistemlərini də əlavə edib.

2022-ci ilin noyabrında Ermənistan Hindistandan təxminən 160 milyon dollara 155 millimetrlik özüyeriyən artilleriya sistemi sifariş edib. Siyahı Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın 2023-cü ilin fevralında Hindistana səfərindən sonra genişlənməyə başlayıb.

Bundan əlavə, Caliber.az-ın artıq yazdığı kimi, İrəvan orta mənzilli "BrahMos" raketləri və yerüstü qısa mənzilli “Pralay” taktiki ballistik raketləri almağa hazırlaşır. Güman etmək olar ki, indi millətçi Modinin hökuməti Ermənistanı silahlandırmaqda davam edib.

Və nəhayət, İranın bu dəfə Ermənistanı silahlandırmaq qərarına gəldiyini istisna edə bilmərik. Bildiyiniz kimi, bu ölkə Zəngəzur dəhlizi ilə bağlı mütəmadi olaraq hədələyici bəyanatlar verir, “Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi qırmızı xəttdir” deyir.

Ehtimal etmək olar ki, müxtəlif istiqamətlərdə (Yəmən, Suriya, Livan, İraq, Qəzza, indi də Pakistan) proksi müharibələr aparan Tehran Ermənistanın silahlandırılmasının onun ərazisinə qoşun yeritməkdən daha məqsədəuyğun olduğuna qərar verib. Bu qərar Azərbaycanın Türkiyə və İsraillə artan hərbi-texniki əməkdaşlığına zidd olaraq Tehranda verilə bilərdi. Pakistan isə Azərbaycana dost ölkədir. 

Əldə etdiyimiz məlumata görə, iki ölkənin müvafiq strukturları arasında diplomatik razılaşmalar olub ki, İran bundan sonra Ermənistana silah tranziti üçün öz ərazisini verməyəcək. Görünən odur ki, tərəflər bu barədə ötən ilin yayında Hindistan silahlarının İran vasitəsilə Ermənistana çatdırılması məlum olandan sonra razılaşıblar. İndi də İran bu razılaşmaları aşkar şəkildə pozub. Bu, şübhəsiz ki, Bakı ilə Tehran arasında münasibətlərdə fəsadlara gətirib çıxaracaq. Və burada, fikrimizcə, İran azərbaycanlıları da öz sözünü deməlidir. Axı onların ərazisindən Ermənistana silah-sursat olan karvanlar keçir. Onlar artıq 44 günlük müharibə zamanı özlərini ciddi qüvvə kimi göstərmişdilər. Sonra İran ikili oyun oynadı - sözlə Bakını dəstəklədi, əslində isə İrəvana kömək etdi. 

Yekun olaraq. Ermənistanı kim silahlandırırsa, biz həm onlara, həm də İrəvana Azərbaycan prezidenti İlham Əliyevin sözlərini xatırlatmaq istəyirik: “Biz heç vaxt sakit qala bilmərik. Ordumuzun quruculuğu prosesi davam edəcək. Ermənistan bilməlidir ki, nə qədər silah alsa da, nə qədər dəstəklənsə də, bizə qarşı hər hansı təhlükə mənbəyi dərhal məhv ediləcək. Bunu gizlətmirəm ki, sabah heç kim gözlənilməz bir şey olduğunu deməsin. Qoy hamı eşitsin ki, özümüz üçün real təhlükə aşkar etsək, o zaman onları məhv etmək üçün dərhal qabaqlayıcı tədbirlər görəcəyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR