İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddən Azərbaycana artan dron təhdidi - “Hərbi arsenalımızda elə PUA-lar var ki...”

1315 20.05.2023 11:26 Gündəm A A

Hərbi ekspert: “Ermənilər həmin aparatlara heç də güvənməsinlər, çünki...”

Kapitulyant Ermənistanın hər sülh danışıqları ərəfəsi sərhəddə hərbi təxribatlara əl atması artıq ənənə halını alıb. İndi də xarici içlər nazirlərinin 19 may Moskva görüşü ərəfəsi əsl xislətlərini göstərdilər.

Belə ki, mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülüb. “Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - məlumatda qeyd edilib.

Bundan qabaq, Brüssel görüşü ərəfəsi də düşmən ölkə sərhəddə dronlardan istifadə etmişdi.

Bəs bunlar nə PUA-lardır belə? İran, Hindistan istehsalımı, yoxsa? Ermənistanın hərbi arsenalında onların sayı nə qədədir? Göstəriciləri. Ordumuz üçün nə dərəcədə təhlükə mənbəyidir?

Polkovnik Rövşən Məhərrəmov: "Ali Baş Komandanın bir əmri kifayətdir ki..."

Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, üçtərəfli görüşlər davam edir, Ermənistan isə bir tərəfdən bu görüşlərdə iştirak etməklə guya sülh tərəfdarı olduğunu göstərməyə çalışır, digər tərəfdən isə görüşlər ərəfəsi, hətta görüşün keçirildiyi gün Azərbaycanla şərti sərhəddə hərbi təxribatlar törədir, artıq təxribatlarını PUA-larla həyata keçirir: “Diqqət çəkən daha bir məqam odur ki, adətən Ermənistanın hərbi təxribatları əsasən görüşlər Rusiyada keçirilməyəndə baş verirdi, lakin bu dəfə Moskva görüşü öncəsi də təxribata əl atdılar. Eyni hərəkəti Ermənistan 19 may görüşü ərəfəsində də təkrar etdi. Bu, bir təxribatdır və Ermənistanın əslində sülh istəmədiyinin sübutudur.

Ermənistanın bu siyasətinin arxasında Rusiya dayanır. Rusiya özünün sülhməramlılarının iki ildən sonra da Qarabağda qalması, KTMT müşahidəçilərinin Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi üçün şərait yaranmasını istəyir. Bu şəraiti isə Ermənistanı təxribatlara sövq etməklə yaratmağa çalışır. Ermənilərə sərf edir ki, rus sülhməramlılar daha uzun müddətdə, hətta daimi Azərbaycan ərazisində-Qarabağda qalsın. Ordumuzun döyüş qabiliyyəti daim yüksək səviyyədə olmalıdır ki, istənilən təxribatların qarşısı dərhal alınsın. Rusiya faktiki olaraq Azərbaycanla  Ermənistan arasında sülh sazişinin imzalanmasında və nəhayət, Cənubi Qafqaza sülh gəlməsində, Qarabağda erməni separatizmi probleminin həll olunmasında maraqlı deyil".

Ekspert xatırlatdı ki, Ermənistan uzun müddətdir vaxt udmaq üçün ən müxtəlif oyunlara gedirdi və gedir: “Vaxt udmaqda məqsədlərdən biri məhz hansısa vasitələrlə hansısa dövlətlərdən PUA almaq, PUA əldə etməkdir. Belə görünür ki, aradan keçən müddətdə ermənilər PUA-lar əldə ediblər. Artıq həmin PUA-lardan təxribatlarda istifadə eləyirlər. Ermənistanda müxtəlif növ PUA-lar var. Məlumata görə, həm Hindistan, həm İran PUA-ları əldə ediblər. Son məlumatlara görə, Fransa da onları kəşfiyyat PUA-ları ilə təmin edir. Ancaq döyüş PUA-ları əldə etdiyi barədə dəqiq məlumatlarım yoxdur. Amma böyük ehtimalla hər üç dövlət kəşfiyyat PUA-larını Ermənistana pulsuz veriblər və ya uzun müddətə kreditlə verilməsi mümkündür.

Kəşfiyyat PUA-larının alınması barədə Ermənistan mətbuatında məlumatlar gedib. Həmin aparatlar bizim üçün böyük təhlükə deyil. Azərbaycanın həmin PUA-ları zərərsizləşdirmək üçün silahları var. Biz Ermənistana döyüş PUA-larımızla cavab verməyə də qadirik. Ordumuz Ermənistanın təxribatlarının qarşısını almaq imkanındadır. Hava hücumundan müdafiə sistemlərimiz güclüdür. Yəni Ermənistanın PUA-lardan istifadə etməsi onu göstərdi ki, Azərbaycan ordusu PUA-lar qarşısında aciz deyil. Əksinə, ordumuz ermənilərin qaldırdığı çoxlu sayda PUA-ları asanlıqla zərərsizləşdirdi. Ermənilər əldə etdikləri həmin aparatlara heç də güvənməsinlər".

Ekspert onu da qeyd etdi ki, Hindistan və İran PUA-ları İsrailin və Türkiyənin PUA-alarından, həmçinin Azərbaycanın özünün istehsal etdiyi PUA-lardan qat-qat zəifdir: “Eyni zamanda, silahlı qüvvələrimizin arsenalında elə PUA-lar var ki, hələ bu günə qədər onlardan istifadə etməmişik. Onlar çox ciddi döyüş qabiliyyətinə malikdirlər. Lazım olsa, ermənilər onların da gücünü görərlər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR