İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sərhəd revizorları” Azərbaycan - Aİ münasibətlərini qıra bilər

1069 20.01.2023 12:35 Gündəm A A

Bakı “yox” deyəcək, bəs nəticə?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi mətbuat konfransında Avropa İttifaqı müşahidəçilərinin Ermənistana yerləşdirilməsi barədə mövqeyini açıqlayıb.

“Müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Yaxşı, bu, əslində Ermənistanın hüququdur, amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan işə salınarsa, əks-nəticə verə bilər. Bu, sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıq yarada bilər”, - Lavrov bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Aİ-nin müşahidə missiyası haqda danışmışdı: “Bu məsələ də çox geniş müzakirə edilmişdir. Təkliflərdən biri o idi ki, o cümlədən Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli olacaq, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Bir müddət sonra Avropa İttifaqının yüksək vəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın? Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə. Yəni bu, bizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Ondan sonra rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da sadəcə olaraq, manipulyasiyadır. İndi yeni missiyanın nümayəndələri Ermənistandadır, orada yüksək vəzifəli şəxslərlə görüşlər keçirirlər. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan”.

Dövlət başçısı deyib ki, növbəti missiyanın göndərilməsi, təhlükəsizliyi artırmayacaq, əksinə, bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq: “O danışıqlar formatları ilə bağlı burada sual verildi. Minsk Qrupu "rəhmətə gedəndən" sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək".

Yada salaq ki, bugünlərdə Almaniya Prezidenti İlham Əliyevlə telefon danışığında Avropa İttifaqının vasitəçiliyi ilə danışıqların davam etdirilməsinə çağırıb. Amma Aİ-nin mövqeyi onu göstərir ki, onlar Bakı ilə anlaşmaqda o qədər də maraqlı deyillər. Baş verən proses Bakıya Aİ ilə illərdir davam edən danışıqların yekunlaşması üçün təzyiqdirmi? Ermənistanla assosiativ saziş imzalayan Aİ İrəvanın tərəfini seçməklə nə mesaj verir? Azərbaycanın “yox” dediyi missiyanın gəlməsinin Aİ-Azərbaycan münasibətlərinə hansı mənfi təsirləri olacaq?

Bəhruz Məhərrəmov: AQEM-in Zirvə Toplantısı Azərbaycanın Avropadakı  diplomatik qələbəsinin Şərqdə bəyanı baxımından müstəsna imkan oldu -  AZƏRTAC

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov konkret suallar ünvanladı: “Bildiyiniz kimi, Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistana müşahidə missiyası göndərməsi məsələsi Praqa görüşündə gündəmə gəlmişdi. Prezident İlham Əliyev missiyanın Azərbaycan ərazisində fəaliyyətə başlamasına icazə verməsə də, Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik müşahidə missiyası göndərməsinə razılıq vermişdi. Lakin məhz Avropa İttifaqının, konkret olaraq Fransanın qeyri-sağlam davranışları ilə Praqa görüşündə missiya ilə bağlı müəyyən olunan çərçivələr pozuldu. Cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də ifadə etdiyi kimi, "bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa da buna əməl etməliyik".

Bildiyiniz kimi, daha sonra növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və nəhayət, ötən həftə Avropa Şurasının “Siyasi məsələlər və təhlükəsizlik”, eləcə də “Böhranlı idarəetmə üzrə mülki işlər” komitələri, habelə Avropa İttifaqı səfirlərinin görüşündə müzakirələrdən sonra Ermənistana iki illik missiya göndərməyi qərara alıb.

Azərbaycanın məsələ ilə bağlı mövqeyi aydındır. Cənab Prezidentin yanvarın 10-da müsahibəsində ifadə etdiyi kimi, “Növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq”. Dövlət başçısı mövqeyini ilk növbədə onunla ifadə etmişdi ki,  sülh danışıqlarında vasitəçi rolunda çıxış edə bilməsi üçün Avropa İttifaqı özünü dürüst aparmalıdır. Amma görünən odur ki, Avropa İttifaqı, Fransanın müstəsna “xidmətləri” ilə ən azı bu missiya məsələsində özünü dürüst aparmamaqdadır. Bu məqamda isə haqlı suallar meydana çıxır. Məsələn, prosesin gedişatı necə ola bilər? Yaxud Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyən edilmədən, Avropa İttifaqının missiyası fəaliyyətini hansı sərhədlərlə bağlı müəyyən edəcək? 30 il işğalçı kimi rəsmən tanınan Ermənistanın təcavüzkar, revanşist tələb və iddiaları əsasındamı?

Digər tərəfdən, sirr deyil ki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını səbəbsiz yerə ləngidir, Azərbaycan isə dəfələrlə bəyan edib ki, uzunmüddətli müzakirələr aparmağa niyyətimiz yoxdur və vəziyyət bu cür davam edərsə, sərhədlərimizi tarixi ədalətə əsaslanaraq özümüz təkbaşına müəyyən edəcəyik. Proses bu məcrada inkişaf edərsə, Avropa İttifaqının müşahidə missiyasının davranışı necə olacaq?

Yaxud mümkün sərhəd qarşıdurmasında Avropa İttifaqı qərəzsiz qalmağı bacaracaqmı? Ötən ilin oktyabrından başlanan missiyanın hesabatlarında Ermənistan tərəfindən dəfələrlə pozulan atəşkəslə bağlı məlumatlar varmı?

Bütün bunlar, əlbəttə, ciddi sual doğuran məqamlardır və missiyanın tərəfsizliyi əsaslı şübhə doğurur.  Digər çox mühüm məqam, istənilən ölkənin sərhədləri yaxınlığına həmin dövlətin icazə və razılığı olmadan hər hansı adda missiyanın yerləşməsi özlüyündə təhdid kimi qiymətləndirilir və özünümüdafiə hüququ və mexanizmlərini zərurətə çevirir. Başqa sözlə, desək, Avropa İttifaqının missiyası özlüyündə sabitləşdirici meyar yox, daha çox mümkün sülh üçün təhdid kimi çıxış edir. 

Düzdür, Avropa İttifaqının missiyasının bölgəyə gəlişi eyni zamanda Rusiyanın bölgədən sıxışdırılması kimi qiymətləndirilir, yaxud İranla əlaqələndirilir. Bu halda Avropa İttifaqı missiyasının İranla sərhəddə, yaxud Rusiya hərbçilərinin Ermənistanda fəaliyyət göstərdiyi sərhədlər boyunca, o cümlədən Gümrüdə yerləşdirilə bilərdi".

İlyas Hüseynov: Azərbaycanda bu ilin ilk üç ayının yekunları müsbət  qiymətləndirilməlidir

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun sözlərinə görə, Avropa İttifaqının yeni tərkibdə və bütün Ermənistan ərazisində yerləşdirilən mülki missiyası ilk növbədə İrəvanın özü üçün geosiyasi problemlər gətirəcək: “Geosiyasi planda Ermənistan öz ərazisini Rusiya və Qərb arasında siyasi və hərbi mübarizə meydanına çevirəcək. Bu məsələnin Azərbaycanla razılaşdırılmaması da ondan xəbər verir ki, Brüssel tamamilə Fransadan asılı vəziyyətə düşüb və Merkeldən sonra Avropanın siyasi və təhlükəsizlik arxitekturasında Avropanın ümidi çoxsaylı siyasi səhvlər buraxan Makrona qalıb. Lakin Azərbaycan tərəfi Prezident İlham Əliyev səviyyəsində məsələyə münasibət bildirilib. Bizim razılığımız olmadan regiona istənilən müşahidəçi və monitorinq həyata keçirmək niyyəti olan şəxslərin gəlməsi yolverilməzdir. Eyni zamanda belə görünür ki, Ermənistan tamamilə Qərbin təhlükəsizlik çətirinin altında gizlənməyi üstün tutur və Rusiya ilə ziddiyyətləri davam etdirmək niyyətindədir. Hətta Rusiyanin xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında KTMT və Aİ missiyası arasında İrəvanın avropalılara üstünlük verdiyinə diqqət çəkib. Bu proses həm də Ermənistanın KTMT üzvlüyündən çıxmasına doğru gedir. Sonra isə Rusiyanın 102-ci hərbi bazası ilə yollarını ayıracaqlar”.

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı bu proseslərdə əsas oyunçu Fransanı görür: “Avropa İttifaqının Ermənistana gələn 200 müşahidəçisi, fikrimcə, bölgədə Rusiyaya qarşı hərbi mövcudluğun ilkin təməllərinin atılmasıdır və bəllidir ki, bu prosesdə əsas oyunçu Fransadır. Paşinyan hakimiyyətinin KTMT-yə və Rusiyanın hərbi bazasına etirazları fonunda bu müşahidəçilərin gəlişi də hərbi təmsilçiliyə hesablanıb. Bunun Bakıya Aİ ilə danışıqların yekunlaşması üçün təzyiq olduğu ehtimalı daha az görünür. Burada əsas məqsəd bölgədə təmsil olunmaq istəyən Avropanın yeganə platformasının Ermənistan olmasıdır. Təbii ki, Azərbaycanla da əməkdaşlıqda maraqlıdırlar, lakin rəsmi Bakının müstəqil siyasəti onların strategiyasına uyğun deyil. Fikrimcə, bunun Aİ və Azərbaycanın enerji sektorundakı münasibətlərinə təsiri olmayacaq. Sadəcə olaraq, Brüsselin vasitəçilik missiyası təhlükə altına düşəcək. Azərbaycanın icazəsi olmadan Aİ müşahidəçilərinin sərhədlə bağlı hazırladıqları hesabatlar da legitim olmayacaq”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR