İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərgən gəlir – görək, o həmişəki ötkəmliyini Bakıda da sərgiləyə biləcəkmi?

2562 21.06.2023 08:13 İdman A A

O, türk futbolunun gəlmiş-keçmiş ən istedadlı futbolçusudur. Hansısa başqa futbolçunun nailiyyətləri, çempionluqları onunkundan çox ola bilər, kimlərsə UEFA kudoku qazandığı, dünya və Avropa üçüncüsü olduğu ilə öyünə, amma heç biri Sərgəndən daha istedadlı olduğunu dilə gətirməz. Türkiyənin, demək olar ki, bütün futbol adamları onun birinciliyini qəbul edirlər – necə ki, Braziliyada Pele, Argentinada Maradona, Rumıniyada Hacı, Hollandiyada Kruiff şəkk-şübhəsiz birincidir, Türkiyədə də o yer Sərgənə aiddir.

Onun əsl Ali Rıza Sərgən Yalçındır, 1972-ci il 5 noyabrında İstanbulda doğulub. Atası Sərgəni “Beşiktaş”a baxışa aparıb. Seleksioner Serpil Hamdi Tüzün 10 yaşlı Sərgənin oyununa 15 saniyə baxıb və qərarını verib: “Bu uşaq böyük futbolçu olacaq”.

46100d91-dcc7-45f2-9383-b31ccdd093c7.jpg (27 KB)

Beləcə, Sərgənin böyük futbola yolu açılıb. Çox gənc ikən “Beşiktaş”ın əsas heyətində forma geyib və 1991-1992-ci mövsümünün "Məğlubedilməz çempion"u adlandırılan komandanın əsas heyətində yer alıb. 1993-cü ildə keçirilən Aralıq dənizi oyunlarında Sərgənli Türkiyə millisi yarımfinalda Zidanın da oynadığı Fransa millisini (21 yaşlılar) məğlub edib, finalda da Əlcəzairə qalib gələrək qızıl medal qazanıb.

Sərgən ayrı-ayrı vaxtlarda Türkiyənin çempionu olmuş, “dörd böyüklər” adlandırılan komandaların dördündə də oynayıb. Bunlar “Beşiktaş”, “Qalatasaray”, “Fənərbaxça” və “Trabzonspor”dur. Ən çox dogma klubu “Beşiktaş” forması geyən S.Yalçın “İstanbulspor”da da oynayıb. 1997-ci ildə rekord qiymətə “İstanbulspor”a transfer olunan Sərgən bu klubu çempionatın 4-cüsü edib və Avropaya çıxarıb. 2000-ci ildə "The Guardian" qəzeti S.Yalçının haqqında belə yazıb: "Onun əvəzolunmaz sol ayağı var, hətta topu 60 metr məsafədən külqabıya tuşlaya bilir". Ayrıca “Nyukasl Yunayted”in baş məşqçisi olan məşhur futbolçu Bobbi Robson Sərgən Yalçının fanatı olduğunu bildirib.

1170_2.jpg (95 KB)

2002-ci ildə S.Yalçın yenidən “Beşiktaş”a qayıdıb və yaradılışının 100-cü ilində çempionluq qazanan komandasının bombardiri olub. 2003-cü ildə o, Türkiyədə “İlin futbolçusu” seçilib. 1 oktyabr 2003-cü ildə “Çelsi” və “Beşiktaş” komandaları Çempionlar Liqasının qrup matçında Londonda qarşıalaşarkən Sərgən Yalçın 2 qol vurub. Bununla da “Beşiktaş” tarixində ilk dəfə Avrokuboklarda İngiltərə komandasını məğlub edib.

İstedadlı futbolçu 2002-ci ildə gəldiyi “Beşiktaş”dan 2006-cı ildə ayrılıb. O, liqada 100 qol vuran nadir yarımmüdafiəçilərdən biridir. 2017-ci ilin sentyabrında İngiltərədə çıxan “This Football Times” qəzetində onun haqqında belə bir yazı gedib: "Sergen Yalçın: O, dünyanın ən yaxşı futbolçusu ola bilərdi".

Bəs Sərgən Yalçın Türkiyənin ən yaxşı futbolçusu ola bildiyi halda nədən dünyanın ən yaxşısı ola bilmədi?

632x314-yillar-sonra-flas-itiraf-chelsea-ve-sergen-yalcin-1587144118540.jpeg (35 KB)

Bu futbolçunu yaxından tanıyan, dostluq, yoldaşlıq edən futbol adamları bir ağızdan deyirlər ki, Sərgən istedadlı olduğu qədər də dikbaş, ötkəm və intizamsız idmançı olub. Sərgən özü də bu xasiyyətini danmır. Onun bu xüsusda yimoristik bir etirafı da var: “Bir ara “Bavariya” məni izləyir, transfer etmək istəyirmiş”. Jurnalist soruşur: “Nə oldu bəs, niyə almadılar?” S.Yalçın cavab verir: “Araşdırdılar, almadılar”.

Bəli, alman mütəxəssislər araşdırıblar ki, bu meydançada liderlik edən oyunçu uyumsuzun, intizamsızın biridir, məşqçilərlə öcəşməyi də var.

trapz.JPG (27 KB)

“Trabzonspor”da baş məşqçi olmuş Giray Bulak danışır ki, Sərgəni kluba dəvət edəndə yarımmüdafiəçi ona şərt qoyub: “At yarışı oynamağıma, tum çırtlamağıma qarışma, komandanı çempion edim”.

1996-1997 mövsümünün sonunda müqaviləsi başa çatan Sərgən ötkəmliyi üzündən "Beşiktaş"ın meneceri Uğur Ekşioğlu ilə mübahisə edib və komandanın heyətindən çıxarılaraq transfer siyahısına salınıb.

sergenqalat.jpg (148 KB)

O, kapitan olub-olmamasından asılı olmayaraq həmişə komandada lider olub. Bununla bağlı bir məzəli hadisə də var. Cərimə meydançasının önündə “Beşiktaş”ın oyunçusunu yıxırlar, hakim cərimə zərbəsi təyin edir. Ahmet Dursun tez topu götürüb zərbə vurulacaq nöqtəyə qoyur və Sərgəndən soruşur: “İndi nə edəcəyik, abi?”. Sərgən sakitcə cavab verir: “Nə edəcəyik ki? Ahmet dursun, Sərgən vursun”.

Bir ara hamı az qala ondan əlini üzüb, adamın futbolçu kimi bitdiyini düşünüblər. 1999-cu ilin əvvəlində aşağı division komandalarından “Jetpa”ya transfer olunsa da, heç bir oyunda oynamayıb. Sonra o, Fadıl Akgündüz və Tanju Çolak tərəfindən pulsuz və icarə əsasında “Fənərbaxça”ya verilib. Baş məşqçi Yoahim Lövün razılığı ilə "Fənərbaxça"nın formasını geyən futbolçu köhnə Sərgən olduğunu sübut edib və onu yenidən milli komandaya dəvət ediblər.

sergenfen.jpg (8 KB)

Növbəti il dostu Rıdvan Dilmən “Fənərbaxça”nın baş mışqçiliyindən kənarlaşdırıldıqdan sonra, Sərgən onun yerinə gələn Zdenek Zemanla anlaşa bilməyib və müqaviləsi ləğv edilib.

2001-2002 mövsümündə Mirça Luçeskunun rəhbərlik etdiyi “Qalatasaray”da oynayan Sərgən performansı ilə yenidən diqqət çəkməyə başlayıb. Ancaq 2002-ci ilin fevralında çarpaz bağları qopub və uzun müddət bərpa prosesi keçib. Həmin il o, Türkiyə millisinin 3-cü olacağı 2002-ci mundialına qatıla bilməyib.

Daha sonra yenidən Luçesku ilə birlikdə “Beşiktaş”a qayıdan və çempion olan Sərgən 2006-2007 mövsümündə 2-ci liqaya yeni yüksələn komandalardan olan "Etimesgut Şekerspor"a transfer olunub. 2007-ci il iyulun 8-də "Əskişəhərspor"a keçib. Sonra bu komandanın da heyətindən çıxarılıb. 2008-ci ildə o, futbolu karyerasını bitirib.

Ümumiyyətlə, Sergen Yalçın Türkiyə liqalarında 390 matçda meydana çıxıb. Bu matçların 347-si Superliqada, 21-i I liqada, 22-si isə II liqada olub. O, 230 dəfə “Beşiktaş”, 36 dəfə “İstanbulspor” və “Qalatasaray”, 24 dəfə “Fənərbaxça”, 22 dəfə “Etimesqut Şekerspor”, 21 dəfə “Trabzonspor” və “Əskişəhərspor”da çıxış edib.

60 dəfə (bütün yaş qrupları üzrə) milli komandalara çağırılan Sergen Yalçın toplamda 57 qol vurub.

Onun məşqçilik karyerasısını da uğurlu saymaq olar. 2008-ci ildən məşqçiliyə başlayan S.Yalçın aşağıdakı komandaları çalışdırıb:

millitak.jpg (158 KB)


2008-2009 “Beşiktaş” (U15)
2009-2010 “Beşiktaş” U21
2013-2014 “Gaziantepspor”
2014-2015 “Sivasspor”
2017 “Kayserispor”
2017 “Eskişehirspor”
2018 “Konyaspor”
2018-2019 “Alanyaspor”
2019-2020 “Yeni Malatyaspor”
2020-2021 “Beşiktaş”

650x344-besiktasta-sergen-yalcin-imzayi-atti-iste-ilk-aciklamalari-1580403736339.jpg (55 KB)


29 yanvar 2020-ci ildə 20 min azarkeş qarşısında “Beşiktaş”la 1,5 illik rəsmi müqavilə imzalayan S.Yalçin ilyarımdan sonra komandasını çempion edib. O, Türkiyədə, içində böyüdüyü komandanı çempion edən ilk və yeganə məşqçidir. Eyni zamanda “Beşiktaş”da həm futbolçu, həm də məşqçi kimi çempion olan şəxsdir.

İndi bu uğurlu futbolçu və uğurlu mşqçinin “Neftçi” ilə anlaşmaq üçün Bakıya gəldiyi bildirilir. Təki anlaşma olsun, bu transfer baş tutsun. Ümid edək ki, onun fəaliyyəti Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək. Bu ölkənin futbol təsərrüfatı rəhbərlərinin öhdəsindən yalnız Sərgən Yalçın kimi biri öz ötkəmliyi ilə iradə sərgiləyə bilər.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR