İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahmud Abbas nədən TBMM-də çıxışdan imtina etdi?

1195 29.07.2024 09:00 Yazarlar A A

 

Fələstin lideri Mahmud Abbasın Türkiyə parlamentində çıxış etməkdən boyun qaçırması rəsmi Ankarada, yumşaq desək, narazılıq doğurub.

Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin liderini Türkiyəyə dəvət etdiklərini deyərək, əlavə edib ki, cənab Abbasın parlamentdə çıxış etməməsinə təəssüflənir. Türkiyə lideri onu da qeyd edib ki, Abbas Türkiyədən üzr istəməlidir.

Ankara ölkə parlamentində Mahmud Abbasa tribunanı İsrailin baş naziri Binyamin Netanyahunun iyulun 24-də ABŞ Konqresindəki çıxışına cavab olaraq vermək istəyib.

Türkiyə siyasiləri düşünüblər ki, Netanyahunun öz fikirlərini yüksək kürsüdən dünyaya duyurmaq imkanı yaranıbsa, qoy M.Abbas da xalqının dərdini dünyanın diqqətində olan bir ölkənin, regional gücün parlamentindən dilə gətirsin.

Ancaq Fələstin administrasiyası bu təkliflə nəinki olumlu, ümumiyyətlə, cavab verməyib və bu, Ankarada məyusluq yaradıb.

Bir çox politoloqlar açıq-açığına deməsələr də, ortada bir nankorluq amilinin olduğuna eyham edirlər.

Budur, 14 ildir ki, Türkiyə sırf Fələstin xalqının, Qəzza sektoru sakinlərinin həyati maraqlarına görə öz köhnə müttəfiqi İsraillə atı daşlığa sürüb. İki dövlət arasında münasibətlər bəzən olduqca gərginləşib, bəzən açıq düşmənçilik müstəvisinə keçib.

İsveçrənin qlobal iqtisadi foruma ev sahibliyi edən Davos qəsəbəsində Rəcəb Tayyib Ərdoğan və İsrail prezidenti Şimon Peres arasında başlayan “van minut” qovğasından bəri Türkiyə lideri yüz dəfələrlə İsraili aqressiyada, hərbi cinayətlərdə suçlayıb, Fələstinə azadlıq tələb edib.

Məsələ təkcə İsrailə ünvanlanmış kəskin ritorikalı bəyanatlarla, sərt açıqlamalarla bitməyib, Ankara Fələstinə və Qəzzaya humanitar yardım da göstərib, siyasi dəstək də verib, münaqişə tərəfləri arasında sülh yaratmaq üçün diplomatik zəmində fəaliyyət də göstərib.

Türkiyənin bu mövqeyi İsraildə ciddi narazılıq doğurub və Təl-Əviv türk dövlətini də “İsrailin düşmənləri” siyahısına əlavə edib. İndi o siyahıda ən başda İrandırsa, orta yerlərdə Türkiyənin də adı var.

Türkiyənin Fələstinə münasibətdə həssasiyyəti həm tarixi, həm geosiyasi, həm də din-məzhəb aspekti daşıyır. Anadolu sakinləri Fələstini özlərinin din-məzhəb qardaşları sayır, onların xroniki əzilmələrə məruz qalmasını həzm edə bilmirlər. Artıq insanlar 108 il öncəki hadisələri unudublar. İndi çox adam Osmanlı imperiyasının dağılmasında Fələstin ərəblərinin rolunu, ingilislərin fitvasıyla türk ordusuna zərər vermələrini yada salmır. Heç onu da düşünən yoxdur ki, Osmanlı imperiyasının əsgərlərini Fələstindən, Hicazdan, Yəməndən çıxaran ərəblər onların yerini Britaniya hərbçiləri ilə doldursalar da, bu, onlara xoşbəxtlik gətirmədi. Ən ağır durumda isə fələstinlilər qaldı. İndi onlar vaxtilə malik olduqları ərazilərin yarısının yarısına da sahib deyillər.

Türkiyə isə bu xoşagəlməz keçmişə baxmayaraq, hələ də Fələstin xalqının pasibanı olaraq qalmaqdadır və bu istiqamətdə digər güclü ərəb ölkələrindən daha prinispialdır.

Düzdür, bu rola iddialı olan ikinci bir qeyri-ərəb ölkəsi də var – İran. Ancaq İran Fələstin problemindən sırf İsrailın regiondakı mövcudluğuna qarşı istifadə etmək istəyir.

Əslində Türkiyənin Fələstinə verdiyi dəstəkdə də siyasi məqsədlər var. Rəsmi Ankara istəyir ki, bu yolla ərəb dünyasında sevimli olsun, çoxsaylı ərəb dövlətləri onun böyüklüyünü qəbul etsin, ona güvənsin. Ancaq başda Səudiyyə Ərəbistanı olmaqla digər ərəb ölkələri Türkiyənin bu niyyətini sabotaj edir, vaxtaşırı ona boz sifət göstərirlər.

Fələstin administrasiyası da o sıradadır. Artıq Avropa ölkələrindən ciddi siyasi dəstək görən Mahmud Abbas əmindir ki, Türkiyənin dəstəyi olmasa da, Fələstinin dövlət olaraq tanınması prosesi sürət götürəcək.

Fələstin liderinin TBMM-də çıxış etməsinin əsl səbəbi Avropanın qüdrətli ölkələri ilə intriqada olan, onlardan təzyiq görən Türkiyə ilə bir sırada dayanmamaq, onun müttəfiqi kimi görünməmək istəyidir. M.Abbas düşünür ki, Türkiyə ilə yaxınlaşma Fələstinə ziyan gətirər, Avropadan dəstəyi zəifləyər.

Beləliklə, yavaş-yavaş ortaya çıxır ki, rəsmi Ankara öz xarici siyasətinə yüngülvari korrektələr etməli, kiçik muxtariyyatın təqdirini qazanmaq üçün böyük güclərlə çəkişmə-dartışma içində olmamalıdır. Yenə Türkiyə göstərdiyi dəstəklərə görə bir minnətdarlıq jesti görsəydi, dərd yarıydı, ancaq əksinə olur, fələstinlilər bütün edilənlərə baxmayaraq Türkiyəni sevmirlər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR