İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail naziri Ərdoğanı ölümlə təhdid etdi! Bölgədə böyük müharibə havası var

2143 29.07.2024 07:46 Gündəm A A

Ərdoğanın "girərik" xəbərdarlığına İsrail naziri "Səddamın taleyini xatırlasın", - deyə, sərt cavab verdi, yer yerindən oynadı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə xəbərdarlığına cavab bu ölkənin Xarici İşlər nazirindən gəlib.

Musavat.com İsrailin xarici işlər naziri Yisrael Katzdan sitatı təqdim edir:

"Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hədələyir. İstəyirik ki, o, orada baş verənləri və bunun necə bitdiyini xatırlasın".

Bu, açıq şəkildə Türkiyə prezidentini ölümlə hədələmək, "səni Səddam Hüseyn kimi asdırarıq" deməkdir.

Bəs nə baş verdi ki, onsuz da gərgin olan münasibətlər bu həddə gəldi?

Xatırladırıq ki, dünən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Rizə təşkilatının tədbirində çıxışı zamanı İsraili nəzərdə tutaraq belə deyib:

"Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik".

Bu açıqlamadan və İsrail XİN rəhbərinin məlum (tərbiyəsiz) cavabından sonra sosial mediada və bütün platformalarda, o cümlədən də qlobal televiziyalarda Türkiyə - İsrail müharibəsinin başlaya biləcəyi ehtimalları barədə müzakirələr başlayıb.

Bunun, hətta Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı ilə bağlı açıq iddialar da səsləndirilir.

Baxmayaraq ki, Türkiyə heç vaxt hərbi güc olaraq Qarabağa girməyib və bunu İsrail də hər kəsdən yaxşı bilir. Ərdoğanın ifadəsi sadəcə İsrailin aşırı güc istifadəsinə münasibətdə bir reaksiyadır.

İşin qəribə tərəfi də budur ki, hər iki ölkə II Qarabağ müharibəsində Azərbaycanın haqq savaşını, azadlıq mübarizəsini dəstəkləyiblər.

Qardaş Türkiyə və onun lideri Ərdoğan İkinci Qarabağ savaşında Azərbaycana misilsiz siyasi dəstək verib, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin azad edilməsi uğrunda apardığı müharibəyə üçüncü ölkənin qarışacağı təqdirdə Türk Ordusunun da savaşa girəcəyini elan edib. Türkiyə ordusuna məxsus "F-16” təyyarələri Azərbaycan ərazisində keşikdə olub və hər hansı kənar müdaxiləni qarşılayacağı dünyaya elan edilib. Türkiyənin istehsal etdiyi PUA-lar savaşın seyrinə təsir edib, lakin Qarabağa girən də, döyüşən də Azərbaycan ordusu olub.

Həmin zamanlarda İsrail də kimsə ilə paylaşmadığı, kimsəyə satmadığı ultramüasir silahlarını, PUA və hava hücumundan müdafiə sistemlərini Azərbaycana satıb. İsraildə yaşayan minlərlə Azərbaycan doğumlu yəhudi bizim haqq işimizə açıq dəstək ifadə edib, sosial mediada informasiya dəstəyi veriblər, nümayişlər keçiriblər. Yəni hər iki ölkə Azərbaycan - Ermənistan arasında gedən 44 günlük müharibədə bir-birinin iştirak dərəcəsini yaxşı bilir...

Musavat.com bu xatırlatmalarla Türkiyə və İsraili eyniləşdirmir. Biz Türkiyənin önəmini və yerinin ayrıcalığını yaxşı bilirik.

Üstəlik, qardaş Türkiyənin lideri Azərbaycanın Qarabağ qələbəsini özününkü bilməkdə haqlıdır. Bunu cəm halında "BİZ" deyə, ifadə də edə bilər. Şuşa bəyannaməsindən sonra BİZ təkcə qardaşlıq telləri ilə deyil, hərbi müttəfiq kimi də bir-birimizə bağlıyıq. Necə ki bizim davamız Türkiyənindir, eləcə də Türkiyənin hər hansı davası bizimdir.

WhatsApp Image 2024-07-29 at 09.08.50.jpeg (115 KB)

Lakin biz İsraillə də yaxın müttəfiqik. Bu baxımdan, qardaşımız Türkiyə ilə müttəfiqimiz İsrailin sözdə də olsa, bir-birinə girməsi, aralarının düşməncə pisləşməsi, bir-birini təhdid etməsi bizi üzür, narahat edir.

İnanmaq istəyirik ki, Türkiyə ilə İsrail arasındakı gərginlik sözdən o tərəfə keçməyəcək.

Üstəlik, İsrail XİN rəhbərinin tərbiyəsizcə olan açıqlamasını da qınayır, bir an öncə üzr istəməsini arzulayırıq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR