İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların sülhməramlılarla birgə təxribatları dayanmır - nə etməli?

1160 20.07.2023 09:25 Gündəm A A

Rusiyanın Qarabağdakı oyunbazlıqları gərginliyi tətikləyir; Ermənistanın daha bir riyakar bəyanatına Azərbaycan XİN-dən kəskin cavab

Rusiya Cənubi Qafqazla, xüsusilə də Qarabağla bağlı artıq belə demək mümkünsə, “açıq oynamağa” başlayıb. İndiyədək müxtəlif vasitələrlə imitativ görüntülər yaratmağa çalışırdılar ki, guya Qarabağda sülhün, sabitliyin əldə olunması üçün səylər göstərirlər. Ancaq indi Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində verilən bəyanat qızışdırıcı mövqe kəsb edir, sülhməramlıların Xankəndidəki qərargahı önündə “artsax” adlı oyuncağın əski parçası Ermənistan (?!-"YM") və Rusiya bayraqları ilə yanaşı asılır.

Anti-Azərbaycan mövqe təkcə bununla məhdudlaşmır. Paralel olaraq açıq şəkildə separatçıların mövqeyindən çıxış edərək, Laçın yolunda nəzarətin aradan qaldırılmasını tələb edirlər. Eyni zamanda sülhməramlıların müşayiəti ilə gizli yollarla qanunsuz erməni silahlı dəstlərinin döyüş mövqelərinə hərbi təminatların daşınması davam etdirilir. Sonuncu dəfə videogörüntülər iki gün öncə yayıldı. İyulun 18-də Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması fiksə edilib. Onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb. Videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikasının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın görünür. İyulun 18-də həmçinin separatçılar sülhməramlıların müşayiəti ilə Əsgəran-Ağdam yolunu bağlayıb, aksiya keçiriblər... Zəruri qeyd: Azərbaycan Qarabağdakı ermənilərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib, bu, böyük humanistlik nümunəsidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Brüssel görüşündən sonra bu marşrutu dəstəkləyib, faktiki olaraq rəsmi Bakının mövqeyini bölüşüb. Amma reinteqrasiya əleyhdarı olan Rusiyanın tətikləyici addımları nəticəsində separatçılar fasiləsiz etiraz aksiyalarına başlayıblar, Xankəndidə çadırlar qurublar, Xocalıda mitinq keçiriblər, eyni zamanda Əsgəran yolunu beton piltələrlə bağlayıblar. Bu, açıq şəkildə Azərbaycana savaş elan etmək cəhdi, həmçinin həyasızlıq nümunəsidir. “Arxalı köpək qurd basar” - deyiblər, amma Qarabağdakı bir ovuc çaqqal sürüsü bu addımlarla sonunu gətirir.

Sülh danışıqlarının davamında və imzalanmasında maraqlı olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını “tutuquşusayağı” davamlı şəkildə təkrar edən Ermənistan rəhbərliyi də qızışdırıcılıq meyillərindən əl çəkmir və paralel olaraq təxribatçı bəyanatlar yayır. Azərbaycanın Xarici İşlər Nazirliyi ötən gün rəsmi İrəvanın riyakar siyasətinə növbəti dəfə etirazını bildirib. Bəyanatda qeyd olunub ki, iyulun 18-də Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib. Azərbaycan XİN bildirib ki, bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. “Ermənistan bölgədə sülh, sabitlik və təhlükəsizlikdə maraqlıdırsa, riyakarlıq və saxta manipulyasiyalara son qoymalı və sülh prosesinin uğurla nəticələnməsi üçün beynəlxalq hüquqi öhdəliklərinə əməl etməlidir” - bəyanatda deyilir.

Bəli, mövqe bildirilib, kifayət qədər sərt və arqumenli şəkildə. Amma çətin ki, Ermənistan bundan sonra da konstruktiv davransın. Görünən budur ki, Rusiyanın, Fransanın və digər anti-Azərbaycan çevrələrin qızışdırıcı funksiya rolunu oynaması sayəsində qarşı tərəf sözlə başa düşmək niyyətində deyil.

Bölgədə atəşkəs demək olar hər gün pozulur, qanunsuz erməni silahlı birləşmələri mövqelərimizi davamlı olaraq atəşə tutur. Buna görə sülhməramlılar heç bir tədbir görmür, əksinə, onları himayə edir, qoruyur...

Özü də atəşkəs pozuntusunun miqyası və intensivliyi gündən-günə artır. İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, iyulun 19-u saat 00:40-dan 01:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca və Qafan rayonunun Acıbac yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Faktlar hər şeyi deyir. Deməli, “Dəmir yumruq”suz olmayacaq!

Rusiya xüsusilə Brüssel görüşündən sonra aqressivləşib və separatçı rejimə aşkar dəstəklərinin, davranışlarının məğzi odur ki, sülhə, reinteqrasiyaya qəti şəkildə imkan vermək istəmirlər. Əksinə, ermənilərlə döyüş mövqelərinə silah-sursatı birgə daşıyaraq, indiki həssas anda növbəti təxribatlara hazırlıq aparırlar.

Bugünlərdə Rusiya XİN-in avantürist mövqeyinə cavab olaraq rəsmi Bakı sərt etirazını bildirib. “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir” - Azərbaycan XİN bildirib. Açıq şəkildə erməni separatizmini müdafiə etməsinə adekvat cavab alan Rusiya heç şübhəsiz 2025-ci ildən sonra bölgədə qala bilməyəcək, bunun anonsunu ötən həftə cənab Ərdoğan da verdi.

Mövcud vəziyyət və perspektivlərlə əlaqədar ekspertlərimizə müraciət etdik. Belə vəziyyətdə Azərbaycan hansı addımları atsın və ya atmalıdır? Rusiya ilə necə danışaq? Onunla anlaşma əldə etmək mümkün olmayacaqmı? Alternativ variantımız nə ola bilər?

Əməliyyatlar davamlı olacaq”-Arzu Nağıyev

Deputat: “Moskva istər Vaşinqton, istərsə də Brüsseldə imzalanacaq sənədi qeyri-legitim sayacağına eyham vurur və absurd bəyanatlar verir”

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə, korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son gərginlik məhz Rusiya tərəfindən yaradılıb: “Çünki danışıqların bir neçə müstəvidə getməsinə baxmayaraq, Kremlin istəyi istənilən sənədin məhz Rusiyanın iştirakı ilə imzalanmasıdır. Yəni Moskva istər Vaşinqton, istərsə də Brüsseldə imzalanacaq sənədi qeyri-legitim sayacağına eyham vurur və absurd bəyanatlar verir. Bu kimi absurd mövqe, nəhayət, iki gün əvvəl Azərbaycanın Moskvadakı səfirinin Rusiya Xarici İşlər Nazirliyinə, Rusiyanın Bakıdakı səfirinin isə Azərbaycan XİN-ə dəvət olunması ilə nəticələndi. Rusiya tələb edir ki, 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına uyğun olaraq "Laçın dəhlizinin blokadası" tam və dərhal açılmalıdır... Yəni absurd bir tələbdir. Azərbaycan tərəfi də vurğulayıb ki, Moskvanın Laçında nəzarət-keçid məntəqəsinin quraşdırılması nəticəsindən Qarabağda gərgin humanitar vəziyyətin yaradılması barədə iddiaları reallığı əks etdirmir". A.Nağıyevin sözlərinə görə, paralel olaraq Rusiya istəyir ki, Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etsin: “Kremlin niyyəti budur ki, ən yüksək səviyyədə razılaşmaların həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün Moskvada keçiriləcək Rusiya-Azərbaycan-Ermənistan sammitini təşkil etsin, sonra isə yekun sənəd imzalansın. Bu, bizim yuxarıda qeyd etdiklərimizin təsdiqi deməkdir...”

Milli Məclis üzvü digər məqama da xüsusi diqqət yetirməyi vacib sayır: “Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması məsələsi və bunu Rusiya tərəfinin də tirajlaması heç bir diplomatik etiketə sığmır. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla, tanımalıdır və tanıyıb da. Bunun Qarabağa ayrıca şamil edilməsi kökündən səhvdir. Sülhməramlılara gəldikdə, artıq onları törətdiklərinə görə neytral tərəf hesab etmək heç də düzgün deyil. Rusiya hərbi kontingentinin hərəkətləri və sərgilədiyi mövqelər antiterror əməliyyatlarına gətirib çıxara bilər. Kreml də bunu yaxşı başa düşür. Ona görə də çalışır ki, Qərbin və Türkiyənin regionda artan nüfuzuna mane olsun. Lakin Rusiya Ukraynaya qarşı savaş apardığı dönəmdə paralel olaraq Cənubi Qafqazda yeni bir cəbhə açmaqdan çəkinir və buna heç gücü də yoxdur. Zənnimcə, Rusiya reallığı başa düşür və güman edirəm ki, Azərbaycanla razılaşmadan hər hansı bir addım atmayacaq”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Politoloq: “Azərbaycan antiterror əməliyyatı keçirməli və silahlı erməni birləşmələrini buradan çıxarmalıdır”

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın Qarabag iqtisadi rayonunda yerləşən sülhməramlı qüvvələri öz missiyasından kənara çıxaraq Azərbaycanın təhlükəsizliyini təhdid edir və erməni separatizmini dəstəkləyir: “Kreml əldə olunan razılaşmaların ziddinə hərəkət edərək konkret sülhün əldə edilməsinə qarşı mövqe ortaya qoyub. Rusiya nə Brüsselin, nə də özünün vasitəçiliyi ilə hər hansı bir sülhün əldə edilməsinə imkan vermir. Moskva çalışır ki, erməni separatizmi mövcudluğunu davam etdirsin, o da buradakı hərbi kontingenti daim saxlasın. Lakin Azərbaycan buna imkan verməyəcək. Dövlətimiz qətiyyətli şəkildə Brüssel və Vaşinqton formatını davam etdirərək sülhün əldə edilməsinə və reinteqrasiya prosesinə nail olacaq”. Politoloq qeyd etdi ki, hazırda Rusiya 1988-ci il olaylarını təkrarlayır: “Azərbaycan hazırda güclüdür və məkrli planların reallaşmasına imkan verməyəcək. Rusiya tam şəkildə Azərbaycana qarşı separatizmi dəstəkləyir və təxribatlara hazırlaşır. Azərbaycan antiterror əməliyyatı keçirməli və silahlı erməni birləşmələrini buradan çıxartmalıdır. Bu istiqamətdə Türkiyə ilə birgə hərəkət edərsə, Rusiyanın səyləri nəticəsiz qalacaq. Rusiya görür ki, Azərbaycan reinteqrasiya prosesinə yaxınlaşır. Ona görə də belə bir mövqe ortaya qoyub”. Separatçı-terrorçu qüvvələrin aktivləşməsinə, davamlı təxribatlara gəlincə, M.Əsədullazadə əminliklə bildirdi ki, Azərbaycan qətiyyətli hərbi addımlar atmalıdır: “Bunun bir yolu var, hərbi əməliyyatlar keçirib, Sərsəng su anbarını və digər strateji yüksəklikləri nəzarətə almaq lazımdır”.

Artıq ictimai rəyin səbr kasası dolub, Rusiya oyunbazlıqlarına son qoymalıdır! Unutmasın ki, Azərbaycan təzyiq və təhdidlərə rəğmən, heç vaxt anti-Rusiya planlarında yer almayıb ötən illərdə. Amma Kremlin qırmızı xətləri keçməsi son nəticədə ölkəmizi seçim qarşısında qoya bilər...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR