İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların axırıncı ümidi - İrəvanda müəmmalı hərəkətlənmə

1252 09.01.2024 11:48 Siyasət A A

Azərbaycanın “artsax” oyunlarının təhlükəyə çevrilməsinin qarşısını almaq hüququ var 

Ermənilər qədər xəyalpərəst, özünə saxta tarix və miflər uydurub onlara inanan, bu səbəbə qonşular üçün son dərəcə təhlükəli ikinci toplum yəqin ki, yoxdur. Bunu kim bilməsə də Azərbaycan xalqı başına gələnlərdən çox gözəl bilir. 

İndi də revanşist-separatçılar uydurma “artsax” ideyasını hansısa şəkildə Ermənistanda yaşatmağa çalışırlar. Buna nə dərəcədə nail ola biləcəklər, əlbəttə, asılı olacaq erməni cəmiyyətinin, özəlliklə Qarabağı könüllü tərk etmiş ermənilərin bu avantüristlərə yenə dəstək verib-verməyəcəyindən. Bir də Nikol Paşinyan hökumətinin reaksiyası və qətiyyətindən.        

Bu arada özünü hələ də sırtıqcasına ""artsax"ın keçmiş dövlət naziri" adlandıran Artak Beqlaryan ad-soyadlı separatçı “Caucasus Watch” alman nəşrində müsahibəsində Ermənistanda “mühacir artsax hökuməti” yaradılmasını lüzumsuz saysa da, “qurum”un Ermənistanda öz “missiyasını” davam etdirməsi üçün ""artsax" hökumətinin yenidən təşkilini” zəruri və mümkün hesab edib. 

“Ən yaxşı variant Ermənistanda belə bir hökumətin olması olardı. Əgər Ermənistan hakimiyyəti bu fikrə qarşı çıxsa və ya onun həyata keçməsinə mane olmağa çalışsa, o zaman "artsax hakimiyyəti" həll yolu axtarmalı və başqa yerdə yer tapmağa çalışmalıdır", - Beqlaryan çərənləyib.

Fantaziyasını daha da gücləndirən separatçının sözlərinə görə, hadisələrin inkişafı baxımından müxtəlif ssenarilər mümkündür: “Lakin onların bir çoxunun artsax ermənilərinin digər ölkələrdəki dövlət strukturlarının fəaliyyətinin müstəqilliyi baxımından öz məhdudiyyətləri var. Çox şey xarici hakimiyyət orqanlarının Qarabağ hökuməti qarşısında hansı şərtlər irəli sürəcəyindən asılıdır”.

Beqlaryan oyuncaq qurumun buraxılması haqqında Samvel Şahramanyanın “əmrini” “artsax konstitusiyasına” (?!) zidd adlandırıb və ardınca iddia edib ki, “artsax dövlət qurumları” yanvarın 1-dən sonra öz işini davam etdirəcək. Daha sonra o, rəsmi İrəvanın “mühacir artsax hökuməti”ndə maraqlı olmadığnı və bunu Ermənistanın milli təhlükəsizliyinə birbaşa təhdid saydığını xatırlatsa da, ümidlərini tam üzmədiklərini deyib: “Mən bu narahatlıqların nə dərəcədə əsaslı olduğunu bilmirəm, amma hesab edirəm ki, Ermənistan və Dağlıq Qarabağın hakimiyyət orqanları bu məsələləri açıq şəkildə yox, özəl şəkildə müzakirə etməli və yanvarın 1-dən sonra artsaxın dövlət institutlarının davamlı fəaliyyəti üçün həll yolu tapmalıdırlar”. 

Hansı həll yolu? Separatçı-revanşitlərə Nikol Paşinyan, nəhayət, qəti sözünü deyəcəkmi, yoxsa Bakıya qarşı ikili oyun davam edəcək? 

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - Turkic World

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri, siyasi ekspert İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Qarabağdan könüllü olaraq köçən və separatçı rejimin buraxılması ilə bağlı qərar qəbul eləyən şəxslər 2023-cü ilin son ayından fəallaşıblar. Hətta qərarı imzalayan separatçıların başçısı Samvel Şahramanyanın öz qərarını geri çəkməsi barədə fikirlər də yayıldı. Lakin bu fikirləri Nikol Paşinyanın partiyasından olan şəxslər, deputatlar təkzib etdilər. Bu, onu göstərir ki, Ermənistanda qondarma “artsax”ın tör-töküntlərinin təhlükə mənbəyinə çevrilməsini əvvəlcədən sezirlər: “Əlbəttə ki, qondarma rejimin fəaliyyətinin bərpası mesajları ilk növbədə Ermənistanın özünün dövlətçiliyi üçün təhlükədir. Ermənistan dövlətçiliyini içindən aşındırmaq, revanşizmi gücləndirmək və ölkəni yeni böhran müstəvisinə çəkmək istəyən qüvvələr İrəvanda "artsax" oyununu davam etdirmək istəyirlər. İstisna olunmur ki, Ermənistan hakimiyyəti də “artsax” məsələsinin gündəmdə saxlanmasında gizlində maraqlıdır. Çünki Nikol Paşinyan və onun hökumətinin bu illər ərzində ikili oynadığını sübut edən çoxsaylı faktlar var. İndi də istisna deyil ki, üzdə “artsax”ın Ermənistanda fəaliyyətinin mümkün olmadığı bəyanatlarını verirlər, gizlində isə bunun əksini edirlər. Lakin Ermənistan hakimiyyəti anlamalıdır ki, özünü buraxmış və fəaliyyətinə son qoyulmuş separatçı rejimin Ermənistanda fəaliyyət göstərməsi istəyinin arxasında dayananlar əslində Cənubi Qafqazda öz maraqlarını Ermənistanın maraqlarını qurban verməklə təmin etmək istəyirlər. Xarici dairələr bölgədə münaqişənin qalması vəziyyətində öz maraqlarını təmin edirlər. Separatçılarla erməni kilsəsinin birgə fəaliyyəti də müşahidə olunur. Separatçıların Ermənistanda fəaliyyətinin qarşısı tam şəkildə alınmalıdır. Əks halda, sonda Ermənistan çox böyük problemlərlə üz-üzə qalacaq".  

Qeyd edək ki, Paşinyan hökumətinin təmsilçiləri dekabr ayında Ermənistanda Qarabağ separatçılarına Ermənistanda hər hansı institut yaratmağa imkan verilməyəcəyini bildiriblər və bunu Ermənistanın təhlükəsizliyi üçün təhdid adlandırıblar. O sırada parlamentin sədri Alen Simonyan üstəlik bəyan edib ki, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur. Simonyan da Qarabağla bağlı hər hansı institutlarının yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə saydığını söyləyib, öz həmkarlarını da belə bir mövqe tutmağa çağırıb. 

Siyasi ekspertlər hesab edir ki, Ermənistan parlamentinin spikeri Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə saymaqda haqlıdır. Alen Simonyan bunu ona görə deyib ki, Qarabağ separatçıları Ermənistan ərazisində fəaliyyətlərini davam etdirərlərsə, “mühacir hökumət” və “mühacir parlamenti” formalaşdırarlarsa, bu, Ermənistana baha başa gələcək, buna cavab olaraq Azərbaycan ərazisində də qərbi azərbaycanlıların mühacir hökuməti və mühacir parlamenti formalaşacaq. Ermənistan hökumətinin ən çox qorxduğu Azərbaycanda Qərbi Zəngəzur mövzusunun müzakirə edilməsidir. Alen Simonyanın açıqlamasının ardınca, İrəvanda Qarabağ separatçılarının “nümayəndəliyi” də ləğv edilməlidir. Bəzi siyasi, hərbi ekspertlər isə hesab edir ki, separartçı tör-töküntüləri Azərbaycanla böyük sərhədi olan Ermənistanın ərazisində qondarma “artsax”ı diriltməyə cəhdlər edərlərsə və anti-Azərbaycan fəaliyyətlərini genişləndirirlərsə, Azərbaycan dövlətinin öz təhlükəsizliyini qorumaq üçün sərt addımlar atmaq hüququ var. Bu addımlar sırasında hətta Ermənistan ərazisində həmin separatçıların saxlanması, zərərsizləşdirilməsi üçün əməliyyat keçirmək hüququ da var. Bu hüququ beynəlxalq konvensiya və qanunlar da Azərbaycana verir. 

Bəzi siyasi analitiklər isə hesab edir ki, özlərini buraxdıqlarını elan etmiş separatçıların son zamanlar Ermənistanda fəallaşmasının, toplantılar keçirməsinin bir neçə səbəbi və məqsədi var.  Ermənistanın dövlət büdcəsindən 200 milyon dollara yaxın qondarma “artsax respublikasının” maliyyələşməsinə vəsait ayrılırdı. Bundan başqa, diaspor vasitəsilə “artsax”a yardım adı ilə böyük miqdarda vəsaitlər toplanırdı. Bütün bu vəsaitlər hesabına separatçılar özlərinin maraqlarını təmin edirdilər, varlanırdılar. Azərbaycan Qarabağda separatçılığı çökdürəndən və separatçılar özlərinin buraxıldığını elan edib Ermənistana köçdükdən sonra həmin vəsaitlərdən məhrum olublar. Hətta məlumatlara görə, onların saxta “dövlət strukturları”nın maaşları da kəsilib, Ermənistan mövcud olmayan nəyəsə büdcəsindən pul ayırmaq istəmir. Ona görə də separatçı tör-töküntüləri süni şəkildə guya öz mövcudluqlarını, fəaliyyət göstərdiklərini elan etməklə, bu görüntünü yaratmaqla Ermənistan büdcəsindən və xaricdən maliyyə ayrılmasını az da olsa təmin etmək istəyirlər. Başqa bir səbəb və məqsəd isə guya mövcud olduqlarını göstərməklə Ermənistan hakimiyyətinə təsir göstərmək istəyirlər. Ən müxtəlif məqsədlərini həyata keçirmək üçün onlar Paşinyan hökumətinə təsir və təzyiq etmək imkanına sahiblənməyə çalışırlar. Qarabağ erməniləri həmişə Paşinyan hökumətinə müxalif olublar. Onları indi də Ermənistanda Robert Köçəryan-Serj Sərkisyan cütlüyü qızışdırır. Bir həftə öncə Serj Sərkisyanın Samvel Şahramanyanla görüşməsi də bunun təsdiqidir. Eyni zamanda Ermənistandan kənarda olan anti-Paşinyan güclər və erməni kilsəsi də onlardan istifadə etməyə çalışırlar. Bütün bu amillər separatçıların hərəkətlərinə stimul verir. ABŞ-ın son bir-iki ayda  Azərbaycana qarşı davranışları da Ermənistandakı separatçıları həvəsləndirir.

Lakin Nikol Paşinyan hakimiyyətinə onların mövcudluğu, Ermənistan ərazisində toplantılar keçirmələri, aktivləşmələri sərf etmir və risklər yaradır. Separatçı tör-töküntülərinin Ermənistanda o cür hərəkətlənmələri istər Paşinyanın özünün hakimiyyəti üçün, istərsə də Azərbaycanla apardığı danışıqlar üçün mənfi təsirləri göstərir, problemlər yaradır. Ona görə də rəsmi İrəvan separatçı tör-töküntülərinin bu hərəkətlənmələrinin, fəaliyyətlərini guya bərpa etmək cəhdlərinin qarşısını almalıdır. Bakı görsə ki, Ermənistanın dövlət strukturları separatçılara şərait yaradır və onları Azərbaycana qarşı təzyiq üçün aktivləşdirirlər öz etirazını sərt şəkildə ortaya qoyacaq. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR