İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliklərimizə hücumların pərdəarxası - London, Fransa, Tiflis...

2485 21.09.2022 08:50 Gündəm A A

Təhlillər göstərir ki, bu hücumlar bir mərkəzdən idarə olunur

Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi, səfirliyə zorla daxil olmağa cəhd etmələri, əllərindəki əşyalarla binaya və ətraf əraziyə maddi ziyan vurmaları diqqətlə təhlil edilir. Faktla bağlı Azərbaycan baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla bağlı qərar versə də, rəsmi Paris hələ ki günahkarların tapılıb cəzalandırılmasına tələsmir.

Sentyabr 19-da isə Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Qeyd edək ki, elə həmin gün Gürcüstanın paytaxtı Tiflisdə də ermənilər Azərbaycan səfirliyinə qarşı təxribata cəhd ediblər. Belə ki, Tiflisdə yaşayan ermənilər Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Polis yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Əraziyə çoxlu sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Məlum olduğu kimi, avqustun 4-də bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər. Londondakı hücumla, Fransa səfirliyinə hücum və Tiflisdəki məlum insident arasında əlbəttə ki, əlaqə də var. Çünki Londondakı hadisə Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror-təxribat əməlinə cavab olaraq keçirdiyi “Qisas” əməliyyatından bir gün sonraya təsadüf etmişdi. İndi də Ermənistanın sərhəd təxribatına Azərbaycan Ordusunun sərt cavabından sonra ermənilərin səfirliklərə hücumu başladı.

Nəzərə almaq lazımdır ki, ermənilərin ASALA və başqa terror təşkilatları var. Onlar yarandıqları gündən Azərbaycana və Türkiyəyə qarşı fəaliyyət göstərirlər, diplomatik korpusları hədəf alırlar. Son hücum cəhdlərinin arxasında da erməni terror qruplarının dura biləcəyi ehtimalı böyükdür. Səfirlik qarşısında etiraz aksiyaları bütün dünyada normal haldır, Azərbaycanın xaricdə yaşayan fəalları da müxtəlif dövlətlərin səfirlik binaları qarşısında bu cür tədbirlər təşkil edirlər. Amma diplomatik korpusun yerləşdiyi binaya hücum fərqli anlamdır, cinayət əməlidir. Səfirliyə hücum, elə həmin dövlətə, konkret halda isə Azərbaycana hücum deməkdir, çünki səfirlik ərazisi bizim ərazimizdir. Son olaraq Fransa səfirliyinə hücum, Tiflisdə isə belə bir cəhd bir daha göstərir ki, bütün bunlar “gözü qızmış erməni vətənpərvərləri” deyil, bir mərkəzdən idarə olunan prosesdir, dünyada Azərbaycanın haqq işini əngəlləmək, ölkəmizin diplomatik fəallığını zəiflətmək məqsədi daşıyır...

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, səfirliyimizə hücum edənlərə müdaxilə etməmək üçün xüsusi tapşırıq verilib: “Ümumiyyətlə, səfirliklərin qorunmasına bütün dünyada səfirliyin yerləşdiyi ölkə təminat verir və bu məqsədlə qapısında 24 saatlıq silahlı mühafizə təşkil olunur. Hər hansı problem baş verərsə, həmin mühafizə tərəfindən həyəcan siqnalı verilir və bir neçə dəqiqəyə lazım olan sayda polis əraziyə gəlir. Londonda, Parisdə, Beyrutda Azərbaycan səfirliklərinə qarşı törədilən hücumlarda səfirliyi qorumağa borclu olan yerli polislər nəinki buna mane olmağa cəhd göstərdilər, hətta onların kənardan gülərək müşahidə etməsini də gördük. Bu onu deməyə əsas verir ki, həmin basqınlar zamanı onlara müdaxilə etməmək tapşırığı verilib. Belə görünür ki, səfirliklər qarşısında bu şəkildə basqınları təşkil edənlər dünyada və həmin ölkələrdə Azərbaycan haqqında ictimai rəydə mənfi obraz yaratmağa, bu addımlar vasitəsilə şantaj etməyə çalışır və təəssüf ki, səfirliyin yerləşdiyi ölkənin rəsmiləri də buna göz yummaqla onlara dəstək olması təəssüratı yaradır”.

Ekspert XİN-i də günahlandırdı: “Londondaki məlum hadisələrdən sonra XİN bilməli idi ki, bu hadisə digər dövlətlərdə analoji addım atılması üçün stimul ola bilər. O səbəbdən səfirliklərimizin daxildən silahlı mühafizəsi təşkil olunmalı idi. Bunun üçün risk zonasında olan səfirliklərimiz müəyyənləşdirilib, ilk növbədə, orada işlər qurulmalı idi.  Səfirliyin içində silahlı mühafizənin (Azərbaycan vətəndaşları) olması və lazım olan zaman həmin silahdan istifadə olunması tam qanuni bir işdir. Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin çoxunda bu prosedur həyata keçirilir. Təsəvvür edin ki, səfirliyə hücum edən qüvvələr aldıqları tapşırıqlara görə özlərini o qədər rahat hiss edirlər ki, səfirliyin qapısını qırıb içəri daxil olmağı adi bir iş sayırlar. Həmin zaman mühafizəçimiz bir xəbərdarlıq atəşi açıb, ikinci atəşi içəri daxil olan basqınçının üzərinə atarsa, dünyanın heç bir yerində Azərbaycan səfirliyinə bu şəkildə hücumları görmərik. Necə ki, bizim vətəndaşlar hər hansı səfirlik önündə etiraz keçirəndə onlardan səfirlikdən ən azı 15-20 metr aralı durmaqları tələb olunur, eynilə bu hamıya şamil olunacaq. Hadisələrin gedişatı onu göstərir ki, Azərbaycana qarşı bu və ya buna oxşar şəkildə təxribatlar müxtəlif ölkələrdə təkrar oluna bilər. Bu hadisələrin də siyasi kampaniya şəklində idarə olunması şübhəsizdir. O səbəbdən belə hadisələrə qarşı daha kəskin münasibət ortaya qoyulmalıdır və iştirakçılarıdan daha çox bu işləri təşkil edənlərin və şərait yaradanların üzərinə gedilməlidir. Təxribatçıların bu addımları sərhədimizə olunan təcavüz kimi qiymətləndirilməlidir. Belə hallarda hətta beynəlxalq hüquq sərhəd pozanların saxlanılıb neytrallaşdırılmalarını, ehtiyac yaranarsa, zərərsizləşdirilməsini məqsədəuyğun hesab edir”.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozlar iflasa uğradı!

Kamran Məmmədli

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli isə hesab edir ki, səfirliyimizə hücum edilən ölkələrin əvvəlcədən bundan xəbərləri olub: “Düşünürəm ki, Azərbaycanın bir neçə ölkədəki səfirliyinə qarşı edilən bu hücumlar erməni vandallarının başqa edə biləcəkləri bir şeyin olmadığından, çarəsiz qalmaqlarından qaynaqlanır. Burada xüsusi diqqət ediləsi digər məqam isə odur ki, bu hücumlar hansısa Afrika və ya antidemokratik ölkələrdə deyil, Fransa və İngiltərə kimi özlərini demokratiyanın beşiyi hesab edən ölkələrdə baş verib.

Mümkün deyil ki, dünyanın ən güclü kəşfiyyatlarından birinə sahib olan bu ölkələrdə səfirliklərə hücum olunsun və qabaqcadan bu ölkələrin bundan xəbəri olmasın. Təəssüf ki, yenə də Azərbaycana qarşı ikili standartlar sərgilənir. Hətta bildiyim qədər İsraildə də belə bir addım atmaq istəyiblər, lakin İsrail  tərəfindən lazımi addımlar atılaraq bunun qarşısı alınıb. Bütün bunları nəzərə alsaq, aydın olur ki, bu hücumlar bir mərkəzdən idarə olunur  və dünyada Azərbaycanın haqq işini əngəlləmək, sülh prosesinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan XİN-in Fransa səfirliyinə notası təqdirəlayiq addımdır və belə də olmalıdır. Hətta Azərbaycan səfirliklərinə qarşı bu təxribatlar davam edərsə, artıq bizdə də həmin ölkələrin səfirliklərinin qarşısında xalqın və milli müxalifətin rəhbərliyi altında etiraz piketləri təşkil olunmalı və həmin ölkələrə daha ciddi xəbərdarlıq edilməlidir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR