İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirin XİN-ə çağırılması Tehranın xətrinə dəyib - həm suçlu, həm üzlü...

1319 15.03.2023 09:30 Siyasət A A

Polkovnikdən cavab: “Kifayət qədər imkanlarımız var ki, sərhədimizi pozan hərbi təyyarələri endirək”

İranın hərbi təyyarəsi Azərbaycan sərhədini keçməyib, buna görə də İran səfirinin izahat vermək üçün Azərbaycan XİN-ə çağırılmasını yanlış addım hesab edirik. Bu barədə martın 13-də brifinqdə İran XİN-in nümayəndəsi Naser Kanani bildirib.

“Uçuş adi uçuş olub. İranın sərhəddəki rayonlarının müşahidəsi çərçivəsində və İran ərazisində müntəzəm olaraq bu cür uçuşlar həyata keçirilir. Əvvəllər də belə uçuşlar həyata keçirilib”, - deyə Fars agentliyi Kananidən sitat gətirir.

“Bizim Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz var, hətta səfirlik fəal şəkildə işləyir, orada bizim hərbi attaşemiz fəaliyyət göstərir. Məsələ ilə bağlı İran səfirliyinə və hərbi attaşemizə müraciət etmək olardı. Fikir mübadiləsi aparılardı və anlaşılmazlıq aradan qaldırıla bilərdi. Biz Azərbaycan hökumətinin səfiri dəvət etməsini xoşməramlı addım kimi qiymətləndirə bilmərik”, - deyə Kanani bildirib.

Xatırladaq ki, martın 11-də səhər 40 dəqiqə ərzində İrana məxsus hərbi təyyarə Azərbaycan sərhədi boyunca uçuş həyata keçirib və bəzi yerlərdə sərhədi keçib. Bakı bu uçuşu təxribat kimi qiymətləndirib, Tehrandan izahat tələb edib.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov  İranın ölkəmizin sərhədlərində uçuş həyata keçirməsi haqda ilginc iddia irəli sürüb.  T.Zülfüqarov vurğulayıb ki, bu cür uçuşların məqsədi Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin yerinin aşkarlanmasıdır: “İran qırıcı təyyarə vasitəsilə Azərbaycan ərazilərini nəzərdən keçirib. Onlar bu yolla hava hücumundan müdafiə sistemlərimizi aşkar etmək istəyiblər. Belə hərəkətlər beynəlxalq prinsiplərə və qonşuluq münasibətlərinə uyğun deyil.   Azərbaycan bütün bu prosesləri izləməli və uyğun olan addımları atmalıdır. Əgər gələcəkdə İranın uçuşları genişlənərsə, yəni sərhədi keçərsə, onlara xəbərdarlıq olunmalı, qırıcılar qaldırılmalıdır. Həmin təyyarəni vurmaq isə ən sonuncu yoldur”.

Bakı bu məsələni hərbi attaşelər səviyyəsində həll etməli idimi? Səfirin XİN-ə çağırılması daha sərt addımdır?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

 Rövşən Məhərrəmov

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, yaranmış vəziyyətdə Azərbaycan düzgün addım atıb. Səfirin XİN-ə dəvət edilməsində heç bir qanun pozuntusu, diplomatik qaydaları pozmaq halı yoxdur: "İran səfiri elə məhz məsələyə aydınlıq gətirilməsi, İran hərbi təyyarəsinin Azərbaycan sərhədi üzərində uçuşlar keçirməsinin məqsədinin nə olduğunun izahının alınması üçün nazirliyə dəvət edilib. Tehran bundan narazı qalmamalıdır. Belə hallar 2006, 2007, 2008-ci illərdə də olmuşdu. Tez-tez İran hərbi təyyarələri Azərbaycanın hava sərhədini pozurdular. Azərbaycan qırıcı təyyarələr əldə etdikdən sonra həmçinin uzaqmənzilli raketlər də əldə etdik. Həmin raketlər qırıcı təyyarələrimizə quraşdırıldı və o zaman qırıcılarımız havaya qalxırdılar və sərhədlərimizi pozan İran hərbi təyyarələri dərhal sərhədlərimizi tərk edirdilər. Yəni Azərbaycan hələ o zamanlardan hava sərhədlərini pozmaq cəhdlərinin qarşısını hətta havaya qırıcılarımızı qaldırmaqla alırdı. İndi hələ biz daha yumşaq davranaraq havaya qırıcılarımızı qaldırmadıq, İranın səfirini XİN-ə dəvət edib etirazımızı ifadə etdik. Mən də hesab edirəm ki, İran Azərbaycanın havadan müdafiə sistemləri ilə bağlı yoxlama kəşfiyyat məqsədilə həmin uçuşları həyata keçirib. Azərbaycanın kifayət qədər güclü, müasir hava hücumundan müdafiə sistemləri, müasir raketləri, qırıcı təyyarələri mövcuddur. Bizim kifayət qədər imkanlarımız var ki, sərhədimizi pozan hərbi təyyarələri endirək, təxribatların qarşısını bu şəkildə alaq. Lakin biz İranla bağlı buna getmədik, əslində səfiri dəvət etməklə yumşaq davrandıq. Dövlət sərhədi pozulubsa, artıq burada məsələ hərbi attaşe səviyyəsindən yüksəyə qalxmış sayılır. İran bunları nəzərə almalıdır. Əgər gələcəkdə hava sərhədlərimiz pozulacaqsa, daha sərt addımla cavab vermək hüququmuz var. Azərbaycan bu hüququndan istifadə edib öz qırıcılarını havaya qaldırmalı, təxribatın qarşısını almalıdır. Sərhədlərimizə yaxın məsafədə uçuşlar keçirilməsinə də eyni sərt reaksiyanı verməliyik. Beynəlxalq konvensiyalar Azərbaycana öz təhlükəsizliyini cavab tədbiri ilə qorumaq hüququnu verir”.

Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti də İrana məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirib. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, İran uzun müddətdir regionda pis niyyətli oyunçu olub: “Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, bir az əvvəl çox fərqli kontekstdə dediyimiz kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meyilli regiona nail olaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR