İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta ittihamla ağır cəza verdikləri əsgərlərimizi kimlərlə dəyişəcəklər?

1161 11.05.2023 09:40 Gündəm A A

Zahid Oruc: “Əsirlərin dəyişdirilməsi istər-istəməz müzakirə olunacaq”

Ermənilər tərəfindən əsir götürülən və saxta ittihamlarla cinayət işi açılan azərbaycanlı hərbçilərdən biri qanunsuz olaraq azadlıqdan məhrum edilib.  Belə ki, Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Aqşin Bəbirov haqqında 11 il 6 ay müddətinə həbs qərarı çıxarıb. Ona qarşı “dövlət sərhədini qanunsuz keçmə, odlu silah və döyüş sursatlarının dövlət sərhədindən qanunsuz keçirilməsi” maddəsi ilə saxta ittiham irəli sürülüb. A.Bəbirov bu ittihamlarla təqsirli bilinib.

Digər azərbaycanlı hərbçi Hüseyn Axundovla bağlı hələ ki qərar verilməyib.  Erməni tərəfi onu qətldə ittiham edir. Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu itiriblər, nəticədə Ermənistan ordusu tərəfindən əsir götürülüblər. 

Ermənilərin əsgərlərimizin biri haqda belə tələsik hökm çıxarması onların niyyətlərindən xəbər verir. Gözlənilir ki, tezliklə Hüseyn Axundov haqda daha ağır cəza veriləcək. Bundan sonra isə onları Bakıda cəza çəkən diversantlarla  dəyişmək təklif ediləcək. Bakının bu halda reaksiyası nə ola bilər?

Zahid Oruc: Otuz il ərzində istismar etdikləri qızıl-mis yataqları  ermənilərin saxta dövlətini xilas etmir - AZƏRTAC

Zahid Oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərdən hibrid müharibənin tərkib hissəsi kimi faydalandığına diqqət çəkdi: “Ermənistan azərbaycanlı əsirləri işgəncəyə məruz qoyaraq maksimum dərəcədə xalqımızın heysiyyətinə toxunmağa, ümummilli birliyi zərbə altında qoymağa çalışırdılar. Onlar bunu təbliğat vasitəsinə çevirməklə gerçəkdən də istəklərinə nail olmuşdular. İkinci Qarabağ müharibəsini fərqləndirən mühüm cəhətlərdən biri də budur ki, ermənilər bu imkanı itirdilər, əksinə, yüzlərlə şəxs əsir düşmüşdü.  İstənilən şəraitdə yüzlərlə ermənini mühasirəyə almaq, siyasi, yaxud başqa xarakterli planları həyata keçirmək olardı, lakin bu, Azərbaycanın siyasətinə ziddir. Ermənistan əsir götürülmüş hərbçilərimizlə bağlı ölkə daxilində ümumi vəziyyətə təsir vasitəsi kimi istifadə etməyə çalışdı, o cümlədən Bakıda ermənilərin məhkəmə prosesinə qarşılıq olaraq balansyaradıcı addım atmaq istədilər. O cümlədən Şahbaz Quliyev və Dilqəm Əsgərovun vəziyyətində olduğu kimi situasiyanı torpaq uğrunda savaşımızın, hüququmuzun əleyhinə çevirərək məhkəməni siyasətə tabe etdirmək istədilər. Bu, balans yaradacaq hadisə deyil. Azərbaycanda müəyyən sayda erməni diversantı var. Əsirlərin dəyişdirilməsi istər-istəməz müzakirə olunacaq”.

Z.Oruc qeyd etdi ki, Ermənistan prosesdən bəhrələnə bilməyəcək. O xatırlatdı ki, azərbaycanlı hərbçiyə qarşı edilən qəddarlıq görüntüsü beynəlxalq aləmdə Ermənistanın özünə çox böyük zərbə vurdu: “Bu BMT-nin Ədalət Məhkəməsində dövlətimiz əleyhinə çıxarılan qərarların qarşısında mühüm əsasa çevrildi. Sübut olundu ki, Ermənistan 90-cı illərdəki siyasətini davam etdirir. Bu qərarlar Azərbaycana, "Böyük Qayıdış" siyasətinə, sərhədlərdə möhkəmlənməmizə əsla mane ola bilməz. Ümidvaram ki, Azərbaycan dövləti mühüm siyasi, hərbi, hüquqi iradəsini ifadə edərək hərbçilərimizin qayıdışını təmin edəcək”.

Ombudsmanın Qarabağ regional mərkəzinin yaradılması nəzərdə tutulur - Səbinə  Əliyeva (Müsahibə)

Səbinə Əliyeva

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularının qanunsuz olaraq azadlıqdan məhrum edilmələrinə etiraz edib: “2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanda qurulmuş saxta "məhkəmə prosesi"ni və Aqşin Bəbirovun qanunsuz olaraq azadlıqdan məhrum edilməsini kəskin şəkildə pisləyirik. Daha əvvəl Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsi ilə əlaqədar tərəfimizdən beynəlxalq və regional təşkilatlara müraciət edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun qeyri-insani rəftara və zorakılığa məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunmuş, bu məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlanmışdır.

Ermənistan tərəfindən keçirilmiş qondarma “məhkəmə prosesi”ndə verilmiş “qərarı” ədalətsiz hesab edir, azadlıq hüququnun kobud pozulmasına səbəb olan bu qərarın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirir, əsgərlərimizin tez bir zamanda azad olunmasını tələb edirik".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR