İnsanlara hürriyət, millətlərə istiqlal!

Salavatlı su

1687 15.11.2023 10:48 Yazarlar A A

“Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var; bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir?”

(Mirzə Fətəli Axundov, “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər”, 1850-ci il)

Mətbuatın, kütləvi informasiya vasitələrinin əsas funksiyalarından biri maarifçilik, xalqı bilgiləndirməkdir. Təəssüf ki, biz hazırda bu işin öhdəsindən gəlmirik. Bəzən maarifçilik cəhənnəm, cəhalət yaymaqla məşğul olan “jurnalistlər”, “publisistlər” vardır. Məsələn, onlar utanmadan hansısa piri, mollanı, cadugəri, ara həkimini reklam edə bilərlər. Özləri, uşaqları azarlayanda aptekə qaçan, elmi sınaqdan çıxmış dərman alan, xaricdə həkim axtaran bu lotular xalq üçün hansısa ucuz mistikanı, uydurmaları, cəfəngiyyatı məsləhət bilər, təbliğ edərlər.

Bugünlərdə gözümə bir xəbər dəydi. Onu izləyəndən sonra bir daha vəziyyətimizə ağlamağım tutdu. Xəbəri hansısa “jurnalist” qoltuğunun altından eşələyib çıxartmışdı, əslində heç xəbər dəyəri olmayan mövzu idi, lakin onun çatdırılma forması əcaib idi, o üzdən diqqətimi çəkdi. Qısa yazsam, hansısa dələduzlar alış-veriş saytlarında yeni, üzərində gerb olan 50, 20 qəpiklərimizin satışı elanları qoyubmuş. Guya bunları 100, 200 manata satır və ya alırlar.

Təbii ki, dünyada pul kolleksiyası toplayanlar var, bu işə numizmatika deyilir. Əgər hansısa pul raritet - nadirdirsə o zaman qiyməti nominalına nisbətdə qalxa bilər. Kolleksiyaçılar üçün az tirajlı, müəyyən qiymətli metaldan yubiley, xatirə pulları buraxıla bilir. Ya da pul texniki səhvlə dərc edilib, sonra dövriyyədən yığışdırılıbsa - belə də olur. Lakin bizim gerbli qəpikləri keçən ilin yayından Mərkəzi Bank rəsmən dövriyyəyə buraxıb və onlardan hazırda dükan-bazarda, kassalarda, camaatın cibində bəlkə yüz minlərlədir. Onları dəyərindən qat-qat baha dəyişdirməyə heç bir əsas yoxdur. Bu iş tərtəmiz fırıldaqdır. Bizim media bunu belə, qısaca izah etmək əvəzinə nə edib? “Ekspertlər” danışır (zəvzəyir yazsaq daha uyğundur), həmin alış saytları “reklam edilir”, mənasız xəbər şişirdilib yayılır... Həmin pulların 2022-də rəsmən dövriyyəyə buraxılmağı, raritet-zad olmadığı haqda isə sıfır məlumat... Belə jurnalistikanı itə atsan, it yeməz.

Ona görə də bizdə keçilərə piano çalmağın südü artırdığına hamı inanır. Cadu çıxartmaq üçün rayonlardan xüsusi adamları paytaxta dəvət edirlər. Bu yaxında ən zırpı şirkətlərimizdən birinin müdirinin bacısı oğlunu aldadan cadugər qadın haqda xəbər oxumuş, xeyli gülmüşdüm. Bacıoğlu o qədər idiot imiş ki, cadugərə on minlərlə manat və dollar, qiymətli daş-qaş xərcləyib. Nə üçün? Dayısı buna şirkətdə yaxşı vəzifə versin, daha çox hörmət qoysun deyə... Amma tək o idiot deyil ki? İdiot həm də bizik, çünki həmin şirkət ölkədə ən böyük inhisarçılardandır. Öz xidmətlərini bizə on qat bahasına sırıyır. O pulları da axırda bir lotu-cadugər əkişdirir.

Türkiyədə İsgəndər Pala adından biri var. Guya yazıçıdır. Açığı, hər hansı kitabını oxumamışam, o üzdən qiymət verməkdə çətinlik çəkərdim. İki gün öncəyədək. Həmin gün dostlardan biri həmin bu İsgəndər əfəndinin AYB-nin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”nə verdiyi intervüdən parçanı mənə yolladı. Orada adam deyir: “Əgər bir qabdakı suya Təkbir və ya Salavat oxusanız, digər qabdakı suyun yanında söyüş söysəniz və ya pis sözlər işlətsəniz, suyun molekulyar dəyişimini xüsusi cihazlar vasitəsilə görə bilərsiniz”. Təsəvvür edin. Biz elə bilirdik klassiklərimiz bu söhbətləri 100 il qabaq bağlayıb. Heç zad. İrəliləyiş sıfır.

Ondan başqa, guya suyun yaddaşı olması haqda geniş yayılmış cəfəngiyyatı da təkrar edib.

Əlbəttə, kim istəyir sərsəmləsin, bunun qarşısını ala bilmərik. Sadəcə, dövlət büdcəsindən, xalqın puluyla maliyyələşən AYB və onun qəzeti belə uydurmaları sərbəst yaymaq haqqına malik deyil. Hələ bu harasıdır, deyəsən, İsgəndər Pala-nı dövlət xətti ilə Bakıdakı kitab sərgisinə dəvət ediblər. “Dəyərli” intervüsünü də o istiqamətdə alıblar.

Gedim bir dualı çay içim, əsəbiləşdim. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR