İnsanlara hürriyət, millətlərə istiqlal!

Şah İsmayıldan sonra Qurbanın “köhlən atları” Avropanı fəth etdilər

1928 16.02.2024 20:10 İdman A A

“Qarabağ” rüzigarı Pireney yarmadasında əsdi-Cristiano Ronaldonun vətənində qazanılan qələbə...

Fevralın 15-i gecəsi Avropada Azərbaycan adına bir rüzigar əsdi. Bu “Qarabağ” rüzigarı adlandı. Son 10 ildə ölkəmizin adını Avropada qürurla təmsil edən, şərəflə daşıyan “Qarabağ” futbol komandamız sözün həqiqi mənasında bütün dünyanı mat vəziyyətində qoydu.

Ardıcıl 10 dəfə avro liqalarda qruplarda oynamağı bacaran və son iki ildə qruplardan üst mərhələyə çıxan “Köhlən atlar” daha bir ilkə imza atmaq üçün futbol əfsanəsi Ronaldonun vətəni Portuqaliyada tarixi bir oyuna çıxdılar. Rəqib bu ölkənin ən güclülərindən sayılan son çempion “Braqa” idi. Komandamız Avropa Liqasında ilk dəfə qruplardan çıxmışdı və bunun üçün də təcrübə baxımından rəqib üstün tərəf kimi göstərilirdi. Bu, bukmekerlərin proqnozlarında da özünü göstərirdi. Amma “Qarabağ” hər kəsi şok, proqnozları isə alt-üst etdi, oyuna üstün tərəf kimi başlayıb, üstün tərəf kimi də bitirdi. Futboldakı “Qarabağ fatehi”miz 4-2 hesabı ilə qalib gəldi. Oyunda sadəcə heyfsləndiyimiz bir məqam son dəqiqələrdə qapımıza təyin olunan penalti qolundan sonra aradakı fərqin 2-yə endirilməsi oldu. Bir də son dəqiqələrdə gənc futbolçumuz Nəriman Axundzadənin qapıçı ilə üzbəüz qalması və yüz faizlik qolu tordan keçirməməsi hamını həm qəzəbləndirdi, həm də məyus etdi.

Avropada hər zaman haqsızlıqla üzləşən, saysız-hesabsız həlledici məqamlarda qolları hesaba alınmayan “Qarabağ”ımızın inamlı qələbəsində “VAR” sistemi də öz ədalətli qərarı ilə az rol oynamadı. Təsəvvür edin ki, adi bir futbol azarkeşi kimi “VAR”a iki dəfə gediləndə yüz faiz qolun təmiz olduğuna inandığım halda, hakimlər ofsayd qeydə almışdılar. “VAR” olmasaydı, ən yaxşı halda Portuqaliyadan heç-heçə ilə dönəcəkdik. İndi xalqımız ancaq hakimi söyməklə məşğul idi...Necə ki, bunu dəfələrlə etmişik. Əslində Ağdam təmsilçimiz ən çox da 2016-ci ildə yeyilən haqqını geri qaytardı. Xatırlayaq ki, 8 il öncə Bakıda qrupun son oyununda İtaliya nəhəngi “İnter”in qapısına son saniyələrdə vurduğu qolla Avropa Liqasının qruplarından çıxmağımıza hakim izn verməmişdi. Gülməli bir şəkildə qolumuzu qeydə almamışdı. O zaman “VAR” olsaydı, biz indi yox, 8 il öncə bu mərhələdə ilk dəfə oyuna çıxmışdıq.

IMG_0430.jpeg (208 KB)

“Qarabağ” Portuqaliyada elə bir zəfər qazandı ki, “Braqa”nın nədənsə şikayət etməyə sözləri qalmadı. Bu, onların məşqçisinin və oyunçularının açıqlamalarında özünü açıq şəkildə göstərdi.

"Günümüz deyildi. Bunu qəbul etməli və ona uyğun davranmalıyıq. İstədiyimiz oyun deyildi, "Qarabağ" üstümüzdən keçdi".
Bu sözləri "Braqa"nın kapitanı Abel Ruis oyundan sonra deyib.

"Barselona"nın yetirməsi olan ispaniyalı hücumçu Bakıdakı oyunda çox şeyi dəyişmək lazım olduğunu bildirib: "Cavab matçında hər şeyi dəyişməliyik. Qarşıda 90 dəqiqə var. Əvvəlcə diqqətimizi çempionatdakı oyuna yönəldəcəyik. Bundan sonra "Qarabağ" haqda düşünəcəyik. Revanşda çox şeyləri fərqli etməliyik".

"Braqa"nın məşhur futbolçusu Joao Moutinyo: “Biz fərqli oyun göstərmək istəyirdik. Yaxşı nəticə əldə etməli idik, amma alınmadı. Biz nə qələbəyə, nə də heç-heçəyə layiq deyildik. Cavab matçında gücümüzü 100 faiz ortaya qoymalıyıq. Bu, təkcə keyfiyyətlə bağlı deyil, həm də iradə və ruhla bağlıdır. 2:4 hesablı məğlubiyyət vəziyyəti çox çətinləşdirəcək. Amma məqsəd varsa, ümid də var. Bunun öhdəsindən gəlmək üçün mən də daxil olmaqla cavab matçına fərqli münasibət göstərməliyik”.

"Braqa"nın baş məşqçisi Artur Jorje oyun haqqında danışarkən bu məğlubiyyətin çox ağır olduğunu söyləyib: “Əslində bunu izah etmək çox çətindir. Ağır bir məğlubiyyətdir. Həqiqət budur ki, bəzi narahatlıqlar hiss etdik. Bir araya gəlməliyik, qopmamalıyıq. Biz dərhal bu yanaşmanı tətbiq edəcəyik. Uduzduq və ümumi hesabda geridəyik. Lakin gələn həftənin cümə axşamı günü cavab oyunu var. Biz buna psixoloji cəhətdən hazırlaşmalıyıq".

Azərbaycan futboluna “Qarabağ”a baş məşqçilik etdiyi 16 ildə sözün həqiqi mənasında can verən, onu ölməyə qoymayan əfsanəvi məşqçimiz Qurban Qurbanov isə, hər zaman olduğu kimi öz sadəliyində qalıb. Onun oyundan sonrakı fikirlərindən sitat: “Azarkeşlər üçün çox maraqlı oyun oldu. Özümüz üçün də vacib idi ki, bu rəqibə qarşı sona kimi mübarizə aparaq, meydanda düzgün yerləşib, düzgün oyun sərgiləyək. Şükürlər olsun ki, hər şey tərəfimizdə oldu. Qələbə futbolçulara böyük inam verdi. Futbolçularım üçün çox sevindim ki, azarkeşlərin basqısına, rəqibin sürətli oyununa davam gətirdilər. Hələ cavab oyunu var. Cavab oyununda çalışacağıq ki, daha da diqqətli olaq”.

1708037821163928212_1200x630.jpg (290 KB)

Q.Qurbanov qeyd edib ki, 4:2 hesablı qələbəyə aldanmaq lazım deyil: "Qarşımızda "Braqa" kimi komanda var. Oyundan əvvəl də demişdim ki, bu rəqib istənilən oyunda, istənilən komandaya qalib gələcək gücdədir. Çox bacarıqlı və keyfiyyətli oyunçuları var. Qapımıza təyin edilən penalti zamanı gördünüz, "Braqa" futbolçusunun fərdi ustalığı, sürətli olması gətirib penaltiyə çıxardı. Bu nəticəyə aldanmalı deyilik. Bakıda daha məsuliyyətli və diqqətli olmalıyıq".

Baş məşqçi bildirib ki, cavab matçında da ənənəvi oyun prisiplərinə sadiq qalacaqlar: "İlk növbədə vəzifəmiz öz oyunumuzu qoruyub-saxlamaqdır. Ondan əl çəkməyəcəyik. Amma hansısa detalları dəyişməyə gəlincə, bu oyuna baxacağıq. Tam analiz etdikdən sonra ola bilər ki, oyunun gedişatında hansısa dəyişiklik edək".

"Qarabağ"ın direktoru Emrah Çelikel də öz sevincini bölüşüb: “Çox sevincliyik, gözəl nəticədir. Səfərdə 4:2 hesablı qələbə hamımızın ürəyincə oldu. Bundan sonra təmkinli, diqqətli olmalıyıq. Cavab matçında daha çox dəstək lazımdır. Bu gün sevincliyik, amma sabahdan hazırlıqlara başlamalıyıq".

E.Çelikel komandalar arasında Bakıda keçiriləcək cavab oyununun daha çətin olcağını qeyd edib: "Artıq komandalar bir-birini tanıyır. Qurban müəllim indi daha məlumatlıdır. Onu bilirəm ki, təmkinli olmalıyıq. Bakıdakı oyundan da qələbə gözləyirəm, bunu arzulayırıq və istəyirik. Hamı kimi əlimizdən gələni edəcəyik".

Vurduğu 2 qol və bir qol ötürməsi ilə oyunun əsas qəhrəmanına çevrilən, bu mərhələnin ən yaxşı oyunçusu seçilməyə namizəd olan "Qarabağ"ın futbolçusu Abdullah Zubir: “Nəticə yaxşıdır, amma bizim də ambisiyalarımız var. Bura qələbə qazanmaq üçün gəlmişdik. Amma bu hələ son deyil. Bir həftə sonra Bakıda cavab oyunu var. Evdə daha yaxşı oynayacağıq. İnanırıq ki, ikinci görüşdə də sərfəli nəticə qazanıb mərhələ adlayacağıq. Bakıdakı oyun daha çətin olacaq. Onlar cavab görüşünə qələbə qazanmaq üçün gələcəklər. Diqqətli olmalı və 2 topluq üstünlüyümüzdən yararlanmalıyıq. Bu görüşü təhlil etməli, Bakıdakı oyuna hərtərəfli hazırlaşmalıyıq. Ehtiyatlı olmalıyıq. Böyük turnirdə böyük komandaya qarşı oynayacağıq. İki qol vurduğuma görə xoşbəxtəm. Amma əsas komandanın nəticəsidir”.

"Çox xoşbəxtik. Buraya müsbət nəticə qazanmağa gəlmişdik. Hər şey istədiyimiz kimi alındı".

Bu sözləri vurduğu bir qolla qələbədə pay sahibi olan "Qarabağ"ın hücumçusu Juninyo Portuqaliyaya ezam olunmuş QOL.az əməkdaşına verdiyi açıqlamada deyib: “Açığı, bu hesabı gözləmirdim. Amma qələbə qazanacağımızı bilirdim. Bakıda azarkeşlərimizin qarşında eyni istəklə oynayacağıq və növbəti qələbə üçün meydana çıxacağıq”.

olaviyo-juninho.jpg (228 KB)

Futbol mütəxəsissi Kənan Məstəliyev bu qələbənin inanılmaz olduğunu söylədi: “Qarabağ" yeni bir tarix yazdı. Üstəlik, bu tarix elə bir oyun, elə bir gözəlliklə gəldi ki, adam hələ də inana bilmir. Özündən 10 dəfə bahalı heyəti olan, avrokuboklarda həmişə iddialı olmuş, bir dəfə Avropa Liqasının finalında oynamış "Braqa"ya onun meydanında 4 top vurmaq, iki top fərqlə qalib gəlmək sadəcə inanılmaz bir şeydir. Bu tarix deyil, tarixdən daha üstün bir nəsnədir. Normal futbol çempionatı olmayan, elitasında stadionsuz, infrastruktursuz komandaların yarışdığı bir yerdən belə bir qələbəni çıxarda bilmək üçün inanılmaz bir işin öhdəsindən gəlmək lazımdı, "Qarabağ" da bunu etdi. Fantastikadır. Qurban Qurbanov oyuna yaxşı hazırlaşmış, rəqibi yaxşı analiz eləmişdi, necə oynamaq lazım olduğunu düzgün müəyyənləşdirmişdi. Bilirdi ki, arxaya oturmaq olmaz, güc sərf etmək, pressinqi azaltmamaq, hücumda olmaq lazımdı. Elə də etdi. "Braqa" isə buna hazır deyildi və özünə gələndə artıq iş-işdən keçmişdi. Son saniyələrdə Nəriman Axundzadə qol vursaydı, daha rahat olardıq, amma iki topluq fərq də superdir. Nəinki superdir, əladır, möhtəşəmdir. Portuqaliya təmsilçisi Bakıda hücuma getməli və boşluqlar verməli olacaq, bundan da istifadə etmək lazım olacaq. Əminəm ki, "Qarabağ" tur keçəcək. Buna zərrə qədər də şübhəm yoxdur. Çünki Qurban Qurbanovun komandasında eyforiya, arxayınlıq olmur, rəqibdən, nəticədən asılı olmayaraq köklənmə yüksək səviyyədə olur. Ona görə də inanırıq. "Qarabağ"a bizə bu möhtəşəm hissləri, böyük sevinci yaşatdığı üçün bir daha təşəkkür edirik. Yaxşı ki, varsınız”.

Tanınmış idman yazarı Natiq Muxtarlı “Qarabağ”ın əsl Avropa komandası olmasını qəbullanmağın zamanının çoxdan keçdiyini qeyd etdi: “Qarabağ”ın Portuqaliyada sanballı qələbəsi gözlənilməzdirmi? Qətiyyən. “Qarabağ” çoxdan Avropada ciddi klub kimi qəbul edilir. Bu komanda Avropa səviyyəlidir. Bunu hər kəs qəbul edir, amma azərbaycanlılardan savayı. Bizə hər dəfə elə gəlir ki, “Qarabağ” qarşılaşdığı rəqibdən zəifdir. Niyə belə düşüncəyə sahibik? Bizi belə düşünməyə vadar edən Azərbaycan futbolunun ümumi mənzərəsidir. Bu futbolun içindən “Qarabağ”ı çıxardın. Yerdə nə qalacaq? Heç nə. Milyardlar xərclənir, amma ortada “Qarabağ”dan savayı heç nə yoxdur. Üstəlik, milyardları xərcləyənlər də “Qarabağ”a mane olmaqla məşğuldurlar. Ona görə də cəmiyyətin baxışı Azərbaycan futbolunun real durumu ilə formalaşır. Azərbaycan futbolunun ümumən zəif olması “Qarabağ”ın real gücünü qiymətləndirməyimizə mane olur. Amma Avropada “atlar”ın gücündən xəbərdardırlar, “Qarabağ”a olduqca ciddi münasibət göstərirlər. Bizim “Qarabağ”ın gücünü qiymətləndirməyimiz üçün isə Azərbaycan futbolunun real mənzərəsi dəyişməlidir. Ölkədə “Qarabağ”dan savayı da komanda olmalıdır, milli komanda rəqabətə davamlı səviyyəyə yüksəlməlidir. “Qarabağ” Azərbaycan futbolu deyil. Bu həqiqəti qəbul etmək lazımdır”.

Cavanşir ABBASLI
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR