İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabahkı görüş Bakı neftini “VURA” bilər

803 18.06.2026 14:41 İqtisadiyyat A A

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dünya neft bazarında ucuzlaşma tendensiyası müşahidə olunur. Neftin qiymətinin qarşıdakı dövrdə hansı həddə qədər ucuzlaşa biləcəyi və bunun neft gəlirlərindən asılı iqtisadiyyatlara necə təsir göstərəcəyi isə suallar doğurur.

Sabah – 19 iyunda ABŞ ilə İran anlaşması gözlənilir. Bu da neftin dünya bazarında qiymətini daha da ucuzlaşdıra bilər. Bəs neftin hansı həddə qədər ucuzlaşması gözlənilir? 65 dollardan da aşağı düşə bilərmi?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“ABŞ və İran arasındakı razılaşma olduqca kövrək xarakter daşıyır.

ABŞ və İran arasında əldə olunan razılaşma bir çoxlarında münasibətlərin normallaşacağı təəssüratı yaratsa da, mənzərə əslində daha mürəkkəbdir. Tərəflər arasında əsas ziddiyyətlər olan nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili olduğu kimi qalır. Sadəcə hazırda hər iki tərəf yeni müharibənin iqtisadi və siyasi xərcinin həddindən artıq yüksək olduğunu görür. Bu səbəbdən yaxın dövr üçün ən real ssenari barışıq senarisi yox, idarə olunan gərginlikdir. Yəni tərəflər açıq müharibədən uzaq duracaq, lakin qarşıdurma tam bitməyəcək. Vaxtaşırı böhranlar, sərt bəyanatlar və təzyiqlər davam edəcək".

Ekspert deyib ki, razılaşmada əks olunan 14 bəndlik öhdəliklərin ABŞ tərəfindən tam yerinə yetiriləcəyini inandırıcı hesab etmir: "İcra prosesində ləngimələr olduqca müəyyən problemlərin yaranması qaçılmazdır. Oktyabrın sonu və noyabrın əvvəllərinə doğru bu prosesin bir qədər səngiyəcəyini və həmin dövrdə neft qiymətlərinin 80 dollar ətrafında dalğalanacağını proqnozlaşdırıram. Qiymətlərin 65 dollardan aşağı düşəcəyini isə ümumiyyətlə gözləmirəm. Bunun bir neçə fundamental səbəbi var. İlk növbədə, qlobal infrastruktur zədələnib və inkişaf etmiş aparıcı iqtisadiyyatların neftə çox böyük ehtiyacı var. Digər tərəfdən, strateji neft ehtiyatlarından həddindən artıq istifadə olunub və bu ehtiyatlar əhəmiyyətli dərəcədə azalıb. İndi neftə olan tələbat təkcə cari istehlakı qarşılamaq üçün deyil, həm də boşalmış strateji ehtiyatların yenidən bərpası və artırılması üçün yüksək qalacaq. Məhz bu səbəbdən neft qiymətlərində uzun müddət kəskin ucuzlaşma, xüsusən də 65 dolların altına düşmə tendensiyası gözlənilmir. Hətta qiymət bu həddən aşağı düşsə belə, artıq 3-4 aydan çoxdur ki, neft büdcədə nəzərdə tutulandan 40-50%, bəzi hallarda isə hətta 80-90% daha baha satılır”.
İqtisadçı hesab edir ki, 2026-cı ilin sonuna neftin orta illik qiyməti 80 dollar ətrafında qərarlaşacaq. Yaxın dövrdə, adətən yay aylarında olduğu kimi, dövlət büdcəsinə yenidən baxılması gözləniləndir. Neft daxilolmalarındakı kəskin artım səbəbindən Dövlət Neft Fondundan büdcəyə əlavə transfertlər həyata keçirilə bilər. Bu transfertlərin müxtəlif investisiya layihələrinin icrasına yönəldilməsi isə ölkədə ÜDM-in artım dinamikasına birbaşa müsbət təsirini göstərəcəkdir".

Ekspert vurğulayıb ki, razılaşmanın ən həssas məqamlarından biri İsrail faktorudur: "Çünki faktiki olaraq İsrail bu razılaşmanın tərəfi deyil və onun təhlükəsizlik prioritetləri ilə Vaşinqtonun cari siyasi prioritetləri hər zaman üst-üstə düşmür. Bu isə gələcəkdə yeni fikir ayrılıqları və gözlənilməz gərginlik riskini artıran amillərdən biridir. Noyabr ayına qədər isə Vasinqtonun əsas hədəflərindən biri Yaxın Şərqdə gərginliyin minimum səviyyəyə endirilməsi və problemlərin nəzarət altına alındığı görüntüsünün yaradılması olacaq. Aralıq seçkilər səbəbilə Trmp administrasiyası həm daxili siyasi gündəm, həm də seçicilərə verilən vədlər baxımından yeni müharibədən daha çox sabitlik və nəticə nümayiş etdirməyə çalışacaq. Elə bu məntiqin və startegiyanın nəticəsidir ki, ABŞ tərəfindən İran iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına və iqtisadi əlaqələrin müəyyən qədər yumşaldılmasına dair müsbət siqnallar da verilir. Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına kapital axını, enerji sektoruna investisiyalar və neft ixracının genişlənməsi ilə bağlı gözləntilər güclənə bilər. Lakin bu prosesin davamlılığı yenə də siyasi münasibətlərin sabitliyindən asılı olacaq. Məhz buna görə də noyabrın ikinci yarısından etibarən gərginliyin növbəti mərhələsinin başlanması ehtimalını daha yüksək qiymətləndirirəm. Çünki həmin dövrə qədər təxirə salınan və ya dondurulan bir çox ziddiyyətlərin yenidən gündəmə qayıtması mümkündür. Əlqərəz, hazırda müşahidə etdiyimiz proses problemin həlli yox, onun idarə olunmasıdır”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR