Yaxın Şərqin enerji ehtiyatlarının dünya bazarına çıxışını əngəlləyən ABŞ-İran münaqişəsinin həlli istiqamətində atılan mühüm addımlar neft bazarında qiymətləri ucuzlaşdırır. Bu gün səhər "Brent" etalon markasının qiyməti 78 dollardan aşağı düşüb.
Böyük anlaşma: İran nefti bazara qayıdır - Qiymətlər hansı həddə qədər düşəcək?
Tehranla Vaşinqton arasında anlaşmanın sorağı gələndən beynəlxalq analitik mərkəzlərdə neft-qaz bazarında gözləntilərlə bağlı müzakirələr artıb: Qiymətlər hansı həddə qədər düşə bilər? Müharibədən əvvəlki həddə nə zaman çatılacaq? Bu suallar hazırda həm enerji ixracatçılarını, həm də alıcılarını düşündürən əsas suallardandır.
İlk öncə qeyd edək ki, Hörmüzdə hərəkəti kəskin məhdudlaşdıran münaqişə qiymət artımı ilə yanaşı, neft istehlakını aşağı salıb. Əksər ölkələr kəskin qənaət rejiminə keçiblər. Eyni zamanda ehtiyatları olan ölkələr daha çox anbarlardan istifadə ediblər, nəinki bazardan almaq. Nəticədə, münaqişə dövründə neftə tələbat azalıb, bu isə qiymətlərin daha kəskin artımının qarşısını alıb.
Beynəlxalq Enerji Agentliyinə (BEA) görə, 2026-cı ildə qlobal gündəlik neft tələbatı 1,12 milyon barel azalacaq. Halbuki bir ay əvvəl analitiklər gündəlik 418.000 barel azalma gözləyirdilər. Bu, proqnoza 700.000 barel əlavə olunması deməkdir.
Son hesabata görə, 2026-cı ildə gündəlik neft tələbatının 103,29 milyon barel(əvvəlki qiymətləndirmə: 104,03 milyon barel) olacağını gözləyir. Agentliyin 2027-ci il üçün ilk qiymətləndirməsi 105,3 milyon barel. Beləliklə, təşkilatın analitikləri qlobal neft tələbatının gələn il gündə 2 milyon barel artacağını gözləyirlər.
BEA qeyd edir ki, qlobal neft tələbatı aprel və may aylarında İranla bağlı münaqişənin təsiri fonunda kəskin şəkildə azalıb və bu da təklifin azalmasına səbəb olub. İlkin məlumatlara görə, ikinci rübdə neft tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla gündə 5 milyon barel və ya təxminən 5 faiz azalacaq.
Qeyd edək ki, İran neftinin açıq satışına icazə verilməsə, hətta Körfəz ölkələri Hörmüzlə neft ixracını tam bərpa etsələr belə, bu ilin sonunadək müharibədən əvvəlki bərpanın davam edəcəyi daha realdır. Ona görə ki, ABŞ və İran anlaşma üzərində işləri yekunlaşdırmasalar belə, iyunun əvvəlindən Hörmüzlə neft ixracı demək olar ki, bütünlüklə bərpa olunmuşdu. BEA-nın hesablamalarına görə, iyunun əvvəlindən etibarən Fars körfəzindən ümumi ixracat gündə 9,6 milyon bareldən 12 milyon barelə qədər artıb: Körfəz ölkələrində həm anbarlarda, həm tankerlərdə on milyonlarla barel neft toplanıb, bu həcmlər sürətlə bazara çıxarılır.
Anlaşmadan sonra Körfəzdən ixrac stabil qalarasa, ilin sonunadək ehtiyatlarını sərf edən dövlətlər onların yerini doldurmaqla məşğul olacaqlar. Bundan əlavə, yanacaq sərfiyyatının artdığı yay dövründə tələbatın da yüksələcəyi şübhə doğurmur. Bütün bu amillər 2026-cı ilin sonunadək neft qiymətlərinin 75-80 dollar ətrafında qalmasını şərtləndirə bilər.
Lakin bu şərtlər İran nefti üzərindən sanksiyaların götürülməsi halında ciddi dəyişikliyə də uğraya bilər. Analitiklərə görə, İran sanksiyalardan azad olunarsa, qısa müddətdə gündəlik neft ixracını sürətlə artırmaq imkanındadır. İran OPEK+ çərçivəsində üzərinə hasilatı azaltmaqla bağlı hər hansı öhdəlik götürməyib. Bu isə ən uzağı 2 aydan sonra dünya bazarına irihəcmli əlavə neftin daxil olması demək olacaq.
Daha bir təhdid OPEK və OPEK+ alyanslarının taleyi ilə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri hər iki alyansdan çıxıb, hasilatı artırmaq üçün ciddi layihələr icra edir. Hörmüzdən keçid sərbəstləşəcəyi təqdirdə bu ölkə də qısa müddətdə bazara azı 300-400 min barel əlavə neft çıxarmaq imkanındadır.
Digər tərəfdən, İran və BƏƏ-nin bazara əlavə həcmlər çıxarması, Yaxın Şərqdəki gərginliyin aradan qalxması OPEK və OPEK+ daxilindəki kəskin problemləri gündəmə gətirəcək. Hər iki alyansın dağılması ehtimalı getdikcə daha çox müzakirə olunur. Bu, baş verərsə, bazara çıxarılacaq əlavə həcmlər qısa müddətdə on milyon barelə qədər arta bilər.
Neft bazarı üçün ümidverici proses Rusiya nefti ilə bağlıdır. Bu günlərdə Fransada keçirilən G7 lider zirvəsinin yekun bəyanatında qrup üzvləri Rusiya neft-qazına qarşı sanksiyaları gücləndirəcəklərini elan ediblər. Eyni zamanda ABŞ Rusiya neftini sanksiyadan azad edən lisenziyanın müddəti 17 iyunda bitsə də, onu yenidən uzatmayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya neftinə qarşı sanksiyaları bərpa etmək üçün şərait yaranıb; İran nefti bazara qayıdır.
ABŞ-ın razılığı olacağı təqdirdə Rusiya neftinə qarşı sanksiyaların yenidən sərtləşdirilməsi bu ölkənin ixrac imkanlarını kəskin daralda bilər. Doğrudur, Rusiya neftinin iki əsas alıcısından biri - Çin heç bir sanksiyaya baxmadan bu alışı davam etdirməkdə qərarlıdır. Lakin İran nefti ilə bağlı təcrübə göstərir ki, Pekin sanksiyalı nefti dünya bazar qiymətindən kəskin ucuza almaqda maraqlıdır. Bu baxımdan, Çinin Rusiya neftini almağa davam etməsi qiymətləri bahalaşdıracaq amil hesab olunmur. Rusiya neftinin ikinci əsas alıcısı olan Hindistan Qərb təzyiqləri qarşısında Çin qədər immunitetə malik deyil və təcrübə göstərib ki, Yeni Dehli alışları minimum səviyyəyə endirməyə məcbur qalır.
Beləliklə, İran neftinin bazara sərbəst çıxışı fonunda Rusiya neftinin mühüm hissəsinin onu tərk etməsi müəyyən təklif sabitliyinə səbəb ola bilər. Bu həm də o halda baş verəcək ki, OPEK+ razılaşması davam etsin.
Göründüyü kimi, neft bazarı ilə bağlı şərtlər və ehtimal müxtəlifliyi var. Belə yüksək qeyri-müəyyənlik nüfuzlu analitik mərkəzlərin proqnozlarında da əksini tapır. Məsələn, Citi qiymətin dördüncü rübdə 70 dollara düşəcəyinə inanır, Barclays isə 2026-cı ildə orta neft qiymətinin 100 dollar olacağı proqnozunu dəyişməyib. Morgan Stanley ilin sonuna qədər qiymıtin 80 dollar olacağını gözləyir.
RBC Capital Markets LLC analitikləri daha ehtiyatlıdırlar və müharibədən əvvəlki səviyyələrə çatmaq üçün bir neçə ay lazım olacağına inanırlar.
İqtisadiyyatı neft ixracı və qiymətindən birbaşa asılı olan Azərbaycanda neft hasilatı sürətlə azalır. BEA-nın hesablamalarına əsasən may ayında gündəlik 440 min barel təşkil edib. Bu, aprel ayı ilə müqayisədə 10 min barel və ya 2,2 faiz azdır. IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın may ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 110 min barel geri qalıb.
Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin yanvar-may aylarında Azərbaycan 8 milyon 828 min 552,37 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azdır.
Bu ixracdan ölkə 5 milyard 121 milyon 378,16 min ABŞ dolları gəlir əldə edib. Bu isə o deməkdir ki, neft ixracından əldə olunan gəlirlər ötən ilin 5 ayına nəzərən 9,24 faiz azalıb.
Hasilat və ixracın belə azalması fonunda qiymətlərin kəskin düşməsi kifayət qədər ciddi nəticələrə səbəb ola bilər.
Dünya,
Musavat.com






