İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilidən ŞOK: “İvanişvilinin rejimi Ermənistan–Azərbaycan yaxınlaşmasını bloklayır"

950 10.12.2025 17:23 Siyasət A A

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili regionda gedən proseslərlə bağlı sərt bəyanat yayıb.

Musavat.com xəbər verir ki, o, “Facebook” səhifəsində etdiyi paylaşımda hazırkı Gürcüstan hakimiyyətinin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə qəsdən mane olduğunu iddia edib.

Saakaşvilinin sözlərinə görə, Azərbaycan hökumətinin Ermənistana yanacaq məhsullarının çatdırılması ilə bağlı qəbul etdiyi tarixi qərar Tbilisi üzərindən həyata keçirilə bilərdi. Lakin rəsmi Tbilisi bu prosesə süni əngəllər yaradıb. O bildirib ki, Gürcüstan tərəfi elə yüksək tariflər müəyyənləşdirib ki, buna razılaşmaq praktiki olaraq mümkün deyil.

“İvanişvili çox yaxşı bilir ki, bu qiymətləri heç kim ödəməyəcək. Məqsəd yalnız birdir – Bakı ilə İrəvanın yaxınlaşmasını və Trampın təklif etdiyi regional dəhliz siyasətini bloklamaq”, – deyə sabiq prezident qeyd edib.

Saakaşvili iddia edib ki, Gürcüstan hakimiyyəti Azərbaycan sərhədindən daxil olan yük maşınlarına da təzyiq göstərir. Onun sözlərinə görə, hər bir yük avtomobili cərimə meydançasına aparılır və keçid üçün təxminən 1000 dollara yaxın rüşvət tələb olunur. Bu isə nə sürücülərin, nə də yükdaşıma şirkətlərinin imkanlarına uyğun gəlir.

Sabiq prezident hesab edir ki, hazırkı iqtidarın bu davranışı ya birbaşa Moskvanın tapşırıqlarının yerinə yetirilməsi, ya da Tramp administrasiyasının diqqətini cəlb etmək üçün atılan uğursuz addımdır.

Saakaşvili sonda Gürcüstan mediasını da tənqid edib. O bildirib ki, ölkə jurnalistikası hələ də məhkəmə xəbərləri və siyasətçilərin bəyanatları ilə məşğuldur, halbuki regionda ciddi geosiyasi proseslər baş verir və buna lazımi diqqət ayrılmır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR