İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilidən Paşinyana ÇAĞIRIŞ: Dərhal Azərbaycanla SAZİŞ imzala

1533 18.10.2023 13:07 Son xəbər A A

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana həbsxanadan çağırış edib.

Musavat.com-un xəbərinə görə, həmin müraciətində Saakaşvili Paşinyana bir sıra məsləhətlər verib.

Bunlara “Azərbaycanla sülh müqaviləsinin dərhal imzalanması” da daxildir.

Qeyd edək ki, Saakaşvilinin çağırışı onun “X” mikrobloqunda yayılıb. Burada sabiq dövlət başçısı regionun və Ermənistanın taleyindən çox narahat olduğunu ifadə edir.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə “rəngli inqilab” nəticəsində gəldiyinə görə, Putin onu “heç vaxt bağışlamayacaq”.

“Xüsusilə də son bəyanatlarınızdan, siyasi addımlarınızdan və ələlxüsus, Roma Əsasnaməsinin təsdiqindən sonra o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla - daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək”, - deyə Saakaşvili qeyd edib.

Saakaşvilinin iddiasına görə, Paşinyanın “çox az vaxtı” qalıb. Onun fikrincə, Ermənistan baş nazirinin buna görə “Kremlin beşinci kolonu” olan dövlət aparatını “təmizləməsi” lazımdır.

“Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz 3 Baltikyanı ölkə kimi yaşaya - açıq sərhədlərlə, üçünün hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər cür tərəddüddən qaçmalı və irəliyə doğru addım atılmalıdır”, - deyə gürcü siyasətçi qeyd edib.

Bunun üçün o, Paşinyanı Rusiya hərbi bazasını ölkədən dərhal xaric etməyə, Ermənistanı MDB, KTMT və Avrasiya İttifaqından çıxmağa, Avropa İttifaqı və NATO-ya üzvlük üçün müraciət etməyə çağırıb.

“Nəhayət, siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı, bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız”, - deyə Saakaşvili bildirib.

“Putinə Ermənistanı və bütün regionu məhv etməyə imkan verməyin”, - deyə Saakaşvili müraciətini bu cümlə ilə bitirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR