İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı gedən həmişə torpaq itirir iddiası - 2 rəy

5831 21.09.2023 08:25 Siyasət A A

Əli Orucov: “Azərbaycan Ermənistan-Rusiya münasibətlərinin pisləşməsindın maksimum və çevik surətdə bəhrələnməlidir”

“Nikol Paşinyan hələ də bir şeyi başa düşə bilməyib - Amerikanın vədlərinə və göstərişlərinə əməl edən və ruslara qarşı fəaliyyətə başlayan istənilən ölkə gec-tez ərazi itirir”.

Musavat.com xəbər verir ki, bunu NovostiNk.net-ə radikal müxalifət Respublikaçılar Partiyasının (sədri Xocalı hərbi canisi Serj Sərkisyandır - red.) Ali Şurasının üzvü, parlamentin keçmiş vitse-prezidenti Eduard Şarmazanov deyib.

“Mən əminəm ki, Paşinyan Ermənistanı iki fövqəldövlətin - Rusiya və ABŞ-ın maraqlarının toqquşması sferasına sürüməklə ölkəmiz üçün yeni təhdidlər vəd edən perspektivlərlə dolu son dərəcə təhlükəli vəziyyət yaradıb. Ermənistanın ABŞ-la birgə hərbi təlimlərdə iştirakı bunun bariz sübutudur”, - deyə o qeyd edib. Belədirmi? Gerçəkdənmi Rusiyaya qarşı gedən həmişə torpaq itirir, yoxsa səbəb rusun bitməyən imperiya iştahıdır?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə suallarımıza belə cavab verdi: “Rusiya imperiya ənənələrindən irəli gələn ambisiyalarla davranan bir ölkədir. Odur ki, keçmiş imperiya arealında olan dövlətlərdən tələbi odur ki, onun yanında olmasalar belə, qarşısında da olmasınlar. Lakin Ermənistan bunu etdi, Rusiyanın qarşısında yer alaraq kollektiv Qərbin hərbi-siyasi strukturlarına yaxınlaşmağı üstün tutdu. Odur ki, Azərbaycanın öz suveren ərazilərində konstitusiya quruluşunu bərpa etməsini Rusiya hazırda səssiz razılıqla izləyir, İrana Zəngəzur dəhlizinin açılması mövzusunda təsir göstərir.

Ermənistana qarşı daha bir məhkəmə-təzminat tələbi

Şəhla Cəlilzadə: “Ermənistan xalqı Heydər Əliyev kimi bir dühaya möhtacdır”

Məsələn, 1991-1993-cü illərdə Azərbaycan hakimiyyətinin anti-Rusiya mövqeyini və yaşananları biz dejavü olaraq bugünkü Ermənistanda müşahidə etməkdəyik. Onların öz hakimiyyət davaları, siyasi parçalanmaları hələ bundan sonra daha da güclənəcək, artıq antihökumət yönümlü mitinqlər təşkil olunmaqdadır. İlkin mərhələdə isə bu, Qarabağın tamamilə Ermənistan nəzarətindən çıxması ilə özünü büruzə verdi. Belə ki, Qarabağdakı qondarma rejimin təmsilçiləri 20 sentyabr 2023-cü il tarixində ağ bayraq qaldıraraq, silahı yerə qoyub hərbi birləşmələrinin birdəfəlik dağıdılacağını, Azərbaycanla reinteqrasiya danışıqları üçün Yevlağa gələcəklərini bəyan etdilər.

Maraqlısı isə Azərbaycanın mövqeyidir. Biz 1990-ların Ermənistanından fərqli olaraq Rusiyanın peyki deyilik, artıq neçə illərdir Qoşulmama Hərəkatına rəhbərlik edən ölkəyik. Azərbaycan Prezidenti dünyanın ən nüfuzlu liderləri ilə bir sırada dayanır və mövqeyini diktə edir. İlham Əliyev öz ölkəsinin suverenliyini bütün ərazimizdə bərpa etməyi bacarmış Müzəffər Liderdir və uğurla reinteqrasiya siyasətini həyata keçirməkdədir. O, Ümummilli liderin davamçısıdır. Ermənistan xalqı isə Heydər Əliyev kimi bir dühaya möhtacdır. Onları düşdükləri vəziyyətdən yalnız fövqəlbəşər düşüncəyə sahib bir düha qurtara bilər.

Hazırkı şəraitdə Ermənistan cəmiyyətində parçalanma ya Paşinyanın ölümü və ya istefası və beləcə Ermənistanın təkrar Rusiya orbitinə qayıtması, bölgədə yeni bir regional geosiyasi strukturun formalaşması, yaxud ikinci variant, Paşinyanın hakimiyyətini qoruması və Azərbaycanla sülh müqaviləsini imzalaması, beləliklə, bölgədə davamlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması kimi iki alternativ arasında qalan bir dilemma xarakteri daşıyır".

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

 Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın mövcud durumdan son dərəcə bəhrələnməsini olduqca vacib sayır: “Ermənilər öz uğursuzluqlarını həmişə Rusiyanın üzərinə atıblar. Elə 44 günlük müharibədə də ağır məğlubiyyətlərinin səbəblərini rəsmi Moskvada gördülər. Amma bir məsələni unutdular ki, Rusiyasız Ermənistanın bir dövlət kimi mövcudluğu şübhə altına düşər. Ermənilərin xəyanətkar xisləti şərait yaranan kimi dərhal özünü büruzə verir. Rusiya hazırda əvvəlki gücdə və nüfuzda deyil. Ona görə də Paşinyan Rusiyadan qopmağa çalışır. Lakin bu heç də asan deyil. Çünki Ermənistan Rusiyanın forpostu olub və bu asılılıq o qədər dərin və genişdir ki, onu dəf etmək və alternativ təhlükəsizlik təminatı almaq mümkün görünmür. Region və qonşu dövlətlərlə gərgin münasibətlərdə və münaqişə vəziyyətində olub Qərbdən təhlükəsizlik təminatı almaq, yaxud da vədlərinə inanmaq utopiyadır.

Ermənistanın təhlükəsizliyinə təminatı Türkiyə və Azərbaycana qarşı düşmən mövqeyindən imtinası verə bilər. Tutaq ki, Paşinyanı hakimiyyətdən devirib rusiyameyilli şəxsi hakimiyyətə gətirdilər. Bu, Ermənistana və ümumilikdə regiona sabitlik və təhlükəsizlik vəd etmir. Əksinə, vəziyyət daha da mürəkkəbləşəcək. Orası da doğrudur ki, Rusiya ilə müttəfiqlik edib, sonra ona xəyanət edənlər sərt şəkildə cəzalandırılır. Paşinyan hələ də dəqiq nə istədiyini bilmir. Rusiya ilə Qərb arasında vurnuxur ki, bu da nəticədə regionu maraqlı dövlətlərin mübarizə poliqonuna çevirib.

Rusiyada neoimperialistlər olub və bu gün də imperiya ambisiyasında bulunanlar var. Lakin real durum və tarixin axarı bu iddiaların gerçəkləşməsinə qətiyyən imkan verməz. Bununla belə, aqressiyanı artırır, praqmatik siyasət yürüdülməsinə maneçilik törədir. Hesab edirəm ki, Azərbaycan Ermənistan-Rusiya münasibətlərinin pisləşməsindın maksimum və çevik surətdə bəhrələnməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR