İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya “bahalı Baxmut hədiyyəsi”: Ukraynada cəbhə xətti dəyişir...

2221 23.05.2023 08:00 Gündəm A A

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi sabah 28-ci aya adlayacaq. Ancaq  müharibənin nə vaxt və necə bitəcəyi haqda hələ də müəyyənlik yoxdur. Son günlər isə Rusiya qüvvələrinin Donbasda bəzi taktiki üstünlük qazandığı haqda xəbərlər gəlir. Söhbət xüsusən də Baxmut şəhərinin ələ keçirilməsindən gedir. Bu xəbər tam dəqiq olmasa da, gələn son məlumatlar ancaq bu yöndədir.

Şəhərin əldən getməsi cəbhə xəttində, Qərbin Ukraynaya hərbi dəstəyində və Kiyevin əks-hücum planlarında hansı dəyişikliyə gətirə bilər? Cəmi 70 minlik əhalisi olan balaca bir şəhəri - Baxmutu 9 aya və fantastik itkilər hesabına ələ keçirən “dünyanın ikinci ordusu”nun hazırkı imkan və göstəriciləri necədir?

Bu arada qeyd edək ki, Ağ Ev sahibi Co Bayden Rusiyanın Baxmutda 100 min hərbçi itirdiyi barədə fikirlər səsləndirib.

Baş verənlərin fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin xarici ölkələrə səfərləri diqqət çəkir. Baxmutun işğalı zamanı o, Yaponiyada idi. Müharibənin qızğın vaxtında və əks-hücum əməliyyatları gözlənildiyi vaxtda bu səfərlərdə məqsəd nədir?

Bu arada Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, ABŞ istehsalı olan “Patriot” sistemlərindən səmərəli istifadə etməklə Ukrayna artıq rusları hava müharibəsində məğlub edib.

“Tarix dərsliklərində yazılacaq ki, Rusiya Ukraynaya və "Patriot"a uduzdu. Bu, fantastik səslənir. Bununla belə, ümumiyyətlə, “bizim nəyisə etməyə haqqımız var, ya yox” kimi ritorikadan qurtulmaq lazımdır. Bizim hər şeyi etməyə haqqımız var. “Patriot” tamamilə yaxşı vəziyyətdədir. Onun orada heç bir problemi yoxdur. O, Kiyev səmasını qorumağa davam edəcək", - Podolyak bildirib.

Podalyak əlavə edib ki, Ukraynanın bu gün etdiyi hər şey beynəlxalq hüquq çərçivəsində və tamamilə qanunidir: “Bizim işğal olunmuş ərazilərdə hər şeyi vəhşicəsinə məhv etmək hüququmuz var”.

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat isə bildirib: ""F-16"lar olanda biz bu müharibədə qalib gələcəyik. Bu təyyarələr Ukraynaya gəlsə, onlar bizim əməliyyat aerodromlarımızda müxtəlif bölgələrdə döyüş növbətçiliyində olacaqlar. Ukrayna ərazisi və dövlət sərhədinin uzunluğu böyükdür. Buna görə də bizə qırıcı örtüyü olan "F-16" lazımdır. Qırıcı həm aşağıdan, həm də yuxarıdan hava hədəfləri üzərində işləyə bilir. Hava hücumundan müdafiə olmayan yerdə "F-16" fəaliyyət göstərəcək”.

Məgər "F-16"larsız Ukraynanın qalibiyyəti mümkün deyil? Ukraynaya qələbədən ötrü neçə "F-16" lazımdır və neçəsi veriləcək, yaxud vəd olunub?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov: “Biz ruslara məğlub ordu kimi baxsaq da...”

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov rus ordusunun bir növ getdikcə özünə gəldiyini düşünür: “Bir müddət əvvəl demişdim ki, rus qoşunlarına elə-belə baxmaq lazım deyil. Bilirsiniz ki, Rusiyada səfərbərliklə çağırılanların sayı çoxdur. Artıq Rusiya qoşunları formalaşmağa başlayıb. Təcrübə durmadan yığırlar. Əgər əvvəl "Vaqner"lər aktiv döyüş əməliyyatı keçirirdilərsə, hazırda Müdafiə Nazirliyinin nizami ordusu hazırlanmaqdadır. Onlar artıq döyüşlərə atılırlar. Düzdür, 9 aydan çoxdur ki, Baxmut istiqamətində ağır döyüşlər gedir. Bu döyüşlərdə həm özəl şirkətlər, həm də Müdafiə Nazirliyinin nizami qüvvələri döyüşür. Ukrayna ordusu da hücumların qarşısını müvəffəqiyyətlə alırdılar. Bu döyüşlərdə yüz minə yaxın rus qoşunları itki verdi. Bu da çox böyük bir itkidir. Əgər Əfqanıstanda uzun müddət gedən müharibədə 20 minə yaxın itki verilmişdisə, indi kiçik bir bölgədə 9 aya keçən müddətdə yüz minə yaxın itki verildi. Hazırda Ukrayna Silahlı Qüvvələrinin arsenalında ballistik raketlər yoxdur. Qərb və Amerika Ukraynanı hələ o silahlarla təmin etməyib. Məlumata görə, İngiltərə, Fransa, Amerika tərəfindən o silahların Ukrayna ordusunun arsenalına verilməsi məsələsinə baxılır. Bu da gözləniləndir. Bu raketlərin verilməsi cəbhədə, əlbəttə, vəziyyəti dəyişə bilər. Bu raketlərin oxşarı Rusiyada var. Ruslar bilirsiniz ki, uzaqmənzilli raketlərdən istifadə edirlər. Ballistik raketlərdən istifadəyə önəm verirlər. Başqa-başqa silahlardan da istifadə olunur. Bütün bunlara baxmayaraq, Ukrayna ordusu sönməyib. Ukrayna xalqı və ordusu bu gün birlikdə mübarizəsini aparır. Biz ruslara məğlub ordu kimi baxsaq da, amma onlarda artıq formalaşma başlayıb, döyüş qabiliyyətinin artırılması istiqamətində müəyyən işlər aparılıb və bu da nəticəsini verməkdədir. Əgər əvvəllər səfərbərlikdən çağırılanları hazırlıqsız, dərhal döyüşə atırdılarsa, hazırda bu baş vermir. Onlara ilk növbədə, döyüş hazırlığı keçilir. Qısamüddətli olsa da, təlimlər keçilir. Hazırda Ukraynanın dövlət başçısı səfərdədir, ölkələrlə danışıqlar aparır. Bilirsiniz ki, Ukraynanı NATO, Amerika başda olmaqla, Qərb ölkələri lazım olan silahlarla bir dəfəyə təmin etmir. Bu da Ukrayna ordusunda çox çətinliklər yaradır. Aldığım son məlumatlara görə, Baxmut artıq rusların tam nəzarəti altındadır. Bu barədə Ukraynadakı hərbçi dostlardan öyrəndim. Onlar dedilər ki, strateji mövqelərə çəkiliblər və müəyyən yüksəkliklərdə bərkitmə işləri ilə məşğuldurlar. Gözləyirlər ki, əks hücumla Baxmutu boşaltsınlar. Bir sözlə, Ukrayna ordusu üçün kiçik ərazi sayılsa da, bu ərazinin işğalı böyük itki olacaq. Oranı çox uzun müddətə Ukrayna ordusu qoruyub saxlaya bildi. Əslində böyük qəhrəmanlıq göstərdilər. Hər iki tərəfdən itkilərin sayı-hesabı yoxdur. İtirilmiş bu mövqeləri bərpa etsələr, Ukrayna ordusunun da itkiləri kifayət qədər böyük olacaq. Əgər NATO, Qərb ölkələri Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməsələr, Ukrayna ordusu çox çətinliklər yaşayacaq".

Hərbi ekspert Ukrayna rəhbərinin Avropada olmasına da xüsusi diqqət ayırdı: “Zelenski hazırda Avropada görüşlər keçirir. Düşünürəm ki, bu görüşlərdə əsas məqsəd Ukrayna ordusunun silahlarla tam şəkildə təmin edilməsidir. Həm Avropada, həm də Yaponiyada uğurlu görüşlər keçirilir. Hansısa nailiyyətlər əldə olunur. Yerli mətbuatlarında bu barədə ekspertlərin şərhləri də gedir. "F-16"ların verilməsi barədə artıq qərar var. Bunun verilməsi Ukrayna ordusunun döyüş qabiliyyətinin artırılmasında böyük rol oynayacaq. Bunlar havaya qalxanda havada raketləri məhv etmək qabiliyyətinə malikdir. "F-16"lar hava hücumundan müdafiə sistemlərinə də kömək edə bilirlər. "F-16"ların verilməsindən çox şey asılı olacaq. Bu barədə isə hələ ki bir məlumat yoxdur. Müasir "F-16"ların verilməsi, əlbəttə, çox yaxşı olardı. Cavab atəşi üçün bunun önəmi böyükdür. Hərbi hava qüvvələri havaya qalxanda "F-16"lar da onlarla birlikdə döyüş apara bilirlər. Bunlar məşhur qırıcı təyyarələrdir. Amma bir məsələni də deyim. Yaxın vaxtlarda bu təyyarələrin Ukraynaya veriləcəyini zənn etmirəm. Çünki hələ ki bunlarda ekipajlar hazır deyil. Ola bilsin ki, bu ekipajlar hazır olmadığı üçün Amerika tərəfi Ukrayna pilotları ilə bərabər uçuşlar həyata keçirsin. Qısa zamanda "F-16" pilotlarını hazırlamaq çox çətindir. Bilirsiniz ki, pilotlar illərlə bir təyyarə üzərində işləyirlər, təcrübə qazanırlar. İndi bu hazırlığın hansı effektləri verəcəyini gələcək göstərəcək. Qısa müddətdə peşəkar pilotların hazırlanması qarşıya qoyulan çətin tapşırıqlardan biridir. Bu tapşırığın öhdəsindən gəlmək sözün həqiqi mənasında çox çətindir. Onların hansı səviyyədə uçuşlar həyata keçirməsini gələcək göstərəcək”.

 elxan-shukurlu-n-1-1024x830.jpg (77 KB)

Elxan Şükürlü: “Zelenskiyə indi vaxtı uzada bilmək ”F-16"lar qədər gərəklidir"

Politoloq Elxan Şükürlü bu barədə öz facebook profilində belə bir status paylaşıb: “Ukraynanın müqavimət simvollarından daha biri - Baxmut da artıq rusların nəzarətinə keçib. Gerçəklik artıq odur ki, Qərbin israr və təhriklərinə baxmayaraq, Zelenski mövcud imkanlarla əks-hücumun Ukraynanın məğlubiyyətinə gətirib çıxaracağını çox yaxşı bilir və ”F-16"ların verilməsi tələbi ilə bundan yayınmağa, vaxt qazanmağa çalışır.

Zelenski yaxşı görür ki, Qərbdə Ukraynanın əks-hücumunun nəticələrini əsas götürməklə Rusiya ilə sövdələşmə masası arxasına keçməyə hazırlaşanların sayı getdikcə artır.

Onu da yaxşı görür ki, əks-hücum uğursuz olarsa, bu, Zelenskinin nüfuzuna böyük zərbə vurmaqla, Ukraynanın daxilində də müharibə əleyhdarlarının mövqeyini gücləndirəcək və Rusiya ilə razılaşmaq istəyənlərin sayını artıracaq.

Siyasi nüfuzunun pik dövrünü yaşayan Zelenskiyə indi vaxtı uzada bilmək “F-16"lar qədər gərəklidir. Ona görə də, Yaponiyada keçirilən "G-7" sammiti zamanı da Qərbin qarşısında maksimum tələblərini qoydu.

Ukraynaya indiyədək kifayət qədər maliyyə və silah yardımı edən Qərb isə tələsir, çox tələsir... Çünki 2024-ə elə də çox vaxt qalmayıb..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR