İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın BMT-dəki gözlənilməz davranışının sirri nədir? -RƏYLƏR

3203 17.08.2023 16:44 Siyasət A A

 

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclası zamanı dedi ki, iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar zamanı real kompromis, həll yolları təklif edilib və bu, nəzərə alınıb. Onun alternativ yol haqqında danışması diqqəti cəlb edib. Belə ki, Polyanski  mülki və qeyri-hərbi malların daşınması üçün Ağdam və Laçın vasitəsilə paralel dəhlizlərin açılmasını vurğulayıb.

SİTAT: “Bu, rəsmi Bakının səlahiyyətli nümayəndələri ilə Dağlıq Qarabağın erməni əhalisi arasında tez bir zamanda birbaşa dialoqun başlanması üçün lazımi ilkin şərtlər yaradacaq”.

Bəzi ekspertlər Rusiya nümayəndəsinin çıxışının balanslı olduğunu hesab etsələr də, bəziləri alternativ yola diqqət çəkilməsinin önəmli olduğunu hesab edirlər.

qabil-huseynli.jpg (23 KB)

Professor Qabil Hüseynli hesab edir ki, Rusiyanın BMT TŞ-nin iclasındakı mövqeyi konstruktiv idi. Musavat.com-a açıqlamasında politoloq qeyd etdi ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polanskinin çıxışı Azərbaycanın milli maraqlarına və obyektivliyə daha çox uyğun idi: “Bu, gözlənilməz sürpriz idi. Rusiya Ağdam –Xankəndi yolunun humanitar və digər daşımalar üçün daha müvafiq olduğu ifadə edildi.  Rusiyanın mövqeyini alqışlamalıyıq. Sözsüz ki, Ermənistanın belə bir addımı sülhyaratma prosesində müəyyən əngəllər yaradıb. BMT-nin iclasında bu proseslə bağlı fikirlər səsləndi, prosesin sürətləndirilməsinin zəruriliyindən söhbət açılıb. Zənnimcə, kifayət qədər olmasa da təmkinli, barışdırıcı, kompromisə çağırış mövqeyindən çıxış etməsi bundan sonra sülhyaratma prosesinin müdafiə edilməsi kimi qəbul edilməlidir. Oxları daşa dəymiş ermənilər bölgədəki reallıqları anlamaq üçün imkanlara malik olacaqlarını zənn edirəm. ABŞ, Avropa Birliyi Ermənistana kifayət qədər təzyiq etməyi bacarırlar. Azərbaycan isə mövqeyində hər zaman sülhə sadiqdir. Sülh sazişi gecikə bilər, amma proses gündəmdən çıxa bilməz. Bu günə qədər qət edilən yol sıfırlana bilməz.  Ermənilər nəticədən narazı qalıblar. Onlar hesab edirlər ki, günahkar Paşinyandır. Ermənistan daxilində müəyyən gərginlik müşahidə edilə bilər. Paşinyan hökuməti proseslərə nəzarət edir. Maraqlı olduğunu açıq göstərməsə də, Paşinyan hökuməti bundan sonra da sülhyaratma prosesində aktiv iştirak edəcək. Bu yolda hər hansı kənar təsirlərin olacağını düşünmürəm”.

fazil.jpg (146 KB)

Millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında bildirdi ki, Rusiya alternativ yolların açılması ilə bağlı mövqeyini təkrarlamış oldu. Millət vəkili vurğuladı ki, alternativ yolların açılması bəyanatda nəzərdə tutulan bütün istiqamətlərin açılması mənasına gəlir: “Rusiyanın mövqeyi Ermənistanı incitməmək, Azərbaycanın maraqlarına toxunmamağı ifadə edir. Bununla yanaşı, problemin həllinə kifayət qədər dəstək verməyi düşünmür. Rusiya üçün bilavasitə həll yolunun olmaması daha önəmlidir. Bunu açıq ifadə etməmək üçün dolaşıq ifadələrə üstünlük verir. Ermənistanın məsələni BMT müstəvisinə çıxarması ermənilərin özü üçün mənfi situasiya yaradır. Bu təzyiq formaları Azərbaycan üçün keçərli deyil. Çünki Azərbaycan problemin əhəmiyyətli hissəsini həll edib, buna görə problemin sərt formada həllinə maraq göstərmir, yumşaq diplomatiya ilə həll edilməsinin tərəfdarıdır. Ermənilər inadkarlığı davam etdirirlər. Nəzərə almaq lazımdır ki, Rusiya erməni probleminin tam şəkildə həllində maraqlı deyil. Onun məqsədi bölgədə qalmaqdır. Azərbaycan arxayın olub qəbul edilən qərarların girovuna çevrilə bilməz. Azərbaycan prinsipial maraqlarını qoruyacaq- Zəngəzur dəhlizi açılmayana qədər ermənilərin rahatlığı üçün güzəştə getməyə nəzərdə tutmur”.

nazim4c518b48c7de3b45e2.jpg (144 KB)

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Musavat.com-a bildirdi ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polanskinin çıxışında iki dəfə Laçın yoluna alternativ olaraq Ağdam yolunun təklif olunması diqqətçəkən məqam idi: “Çıxışın əvvəlində Laçın və alternativ yollar, daha sonra isə Laçın və Ağdam yollarının paralel açılması təklifi səsləndi. Lavrovun 25 iyul tarixindəki təklifində Laçın və Ağdam yolunun paralel açılması təklifi gündəmə gəlmişdi. Bu yolların paralel açılmasının Bakı ilə Qarabağdakı ermənilər arasında dialoq mühiti üçün əhəmiyyətli məsələ olduğunu vurğulaması da diqqətçəkən məqamdır. Bu, Rusiyanın yolun açılması ilə bağlı yanaşmasının müsbət olduğundan xəbər verir. Rusiyanın mövqeyi önəmlidir, çünki Ermənistan, eyni zamanda Qarabağ erməniləri üzərində siyasi, texniki imkanları olan, təhlükəsizlik məsələlərinin həllində önəmli yerə malikdir.

Rusiya tərəfinin açıqlamasını  bir neçə aspektdən dəyərləndirə bilərik. Dmitri Polanski BMT müstəvisinin daha məsuliyyətli istifadəsinin zərurətini qeyd etdi. O qeyd etdi ki, müzakirələr Rusiyanın Azərbaycan və Ermənistanla ikili münasibətləri çərçivəsində həll ola bilər. Bunun üçün də üçlü formatın, yəni 10 noyabr bəyannaməsi və bunun fonunda Azərbaycan Ermənistan və Rusiya liderlərinin görüşlərini vurğuladı. Bununla da əslində, iki məqamı ortaya qoymuş oldu: Ermənistanın məsələni BMT müstəvisinə çıxarması ilə bağlı narahatlığı ifadə etdi; Rusiyanın rolunu qabardıb, eyni zamanda məsələnin Ermənistanla Azərbaycan arasında həll olunması lazım olduğu nöqtəsindən hərəkət etdi. Həmçinin, çıxışda “biz maraqlı olan tərəflərlə əməkdaşlıq etməyə hazırıq” fikri səsləndi. Bunu Qərbə mesaj kimi dəyərləndirə bilərik. Rusiyanın Brüssel və Vaşinqton formatı ilə bağlı  gündəmə gələn cəhdlərə istiqamətlənmiş yumşaq neqativ yanaşması var. Düşünürəm ki, Rusiya nümayəndəsinin çıxışı həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün həssas məqamları ifadə edirdi. Qarabağ erməniləri ilə dialoq, Ağdam-Xankəndi yolunun açılması məsələlərində bizim tezislərimizi qəbul edən mahiyyət görünür. Ümumilikdə Rusiyanın mövqeyi balanslı idi”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR