Rusiya Xarici İşlər Nazirliyi (XİN) xarici ölkələrə nota göndərərək, diplomatlarını Kiyevdən təxliyə etməyə çağırıb.
Musavat.com "Kommersant" nəşrinə istinadən xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Qələbə Günü ərəfəsində hücum edəcəyi təqdirdə, Rusiya ordusunun Kiyevə zərbələr endirə biləcəyini bəyan edib.
M.Zaxarova vurğulayıb ki, Rusiya hərbçiləri Kiyevdəki "qərar qəbuletmə mərkəzləri"nə cavab zərbələri endirə bilər.
XİN rəsmisinin bəyanatında qeyd olunur ki, Rusiya təcavüzkar mövqedən deyil, qaçılmaz cavab tədbirləri mövqeyindən çıxış edir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qələbə Günü münasibətilə 8-9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib. Nazirlikdən bildirilib ki, Qırmızı Meydanda keçirilən Qələbə Paradı zamanı Ukrayna tərəfindən hər hansı hücum olarsa, Rusiya hərbçiləri Kiyevin mərkəzinə "cavab xarakterli, kütləvi raket zərbələri" endirəcək. Ukrayna prezidenti Volodimir Zelenski isə cavab olaraq 5 may gecə yarısından 6 may gecə yarısınadək cəbhədə "sükut rejimi" elan edib.
Musavat.com






