İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan bəşəriyyətə ŞOK təhdid – Kosmosda nüvə silahı...

1451 16.02.2024 19:33 Dünya A A

Ekspert: “Kosmosa nüvə bombası yerləşdirilsə, sivilizasiya yer üzündən silinə bilər”

Rusiya kosmosa nüvə bombası yerləşdirmək istəyir. Belə bir sensasion xəbəri ABC News özəl mənbələrə istinadən yayıb. Telekanal bildirir ki, Amerika kəşfiyyatının məlumatları da bunu sübut edir. Bilgilərə görə, mənbələr Rusiyanın kosmosa nüvə silahı buraxmaq istədiyini bildirir. Söhbət bu silahın Yerə atılmasından yox, başqa peyklərə qarşı mümkün istifadəsindən gedir. Qeyd olunub ki, ABŞ Konqresi bununla bağlı “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı təcili brifinq keçirəcək.

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Nümayəndələr Palatasının üzvlərinə şəxsən məlumat verəcəyini təsdiqləyib. Lakin o, hansı təhlükədən danışdığını dəqiqləşdirməkdən imtina edib.

Rusiya niyə məhz indi bu fikrə düşüb? Bəllidir ki, kosmosda Türkiyənin, Azərbaycanın, neçə-neçə başqa ölkənin də peyki var (Rabitə peykləri həm də döyüş əməliyyatları aparmaq üçün önəm kəsb edir). Rusiyanın belə bir planı reallaşarsa, aydındır ki, ABŞ, Çin, hətta İran da geri qalmayacaq, kosmos nüvə başlıqları ilə zibillənəcək.

Rəsmi Moskva sözügedən iddiaya cavab verib. Kreml bu məlumatı Ukraynaya yardımı təsdiqləmək üçün hiylə adlandırıb. ABŞ kəşfiyyatı Rusiyanın orbitə peykləri məhv edə biləcək nüvə silahı buraxmağı planlaşdırdığından şübhələnirdi. Konqres bu məsələni fevralın 15-də müzakirə edəcək. Rusiyanın kosmosa nüvə silahı buraxmaq planları ilə bağlı xəbərlər Vaşinqtonun hiyləsidir və Konqresi Ukraynaya yardımın ayrılması layihəsinə səs verməyə inandırmaq məqsədi daşıyır. Prezidentin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında deyib: “Bu barədə heç bir şərh verə bilmərəm. Gəlin bu brifinqi gözləyək, görək hər hansı məlumat olacaq. Ancaq açıq-aydın görünür ki, Ağ Ev pul ayırmaq üçün Konqresi qanun layihəsinə səs verməyə sövq etməyə çalışır, bu, göz qabağındadır. Ağ Evin hansı hiylələrdən istifadə edəcəyini görəcəyik" dedi.

Bəs bu başlıqlardan hər hansı birinə və ya bir neçəsinə nəzarət itirilərsə, Yer kürəsi fəlakətlə üzləşməzmi? Kim zəmanət verə bilər ki, onlar Yerə çırpılmayacaq? Bəs kosmosun zibillənməsi Yerin ekologiyasına, iqliminə hansı təhlükələri yaradır?

uzay-rusya-nukleer-silah-0zgd_co.jpg (170 KB)

Xatırladaq ki, raket və kosmos tarixinin özü hərbçilərin planetin istənilən nöqtəsinə yükü çatdıra biləcək nüvə bombası daşıyıcısına sahib olmaq istəyindən qaynaqlanır. Bununla belə, kosmosa ilk raket uçuşları dinc idi: ilk peyk, ilk heyvan, ilk insan.

İlk nüvə bombası 27 avqust 1958-ci ildə ABŞ tərəfindən yüksək hündürlükdə partladıldı. Təcrübə Argus adlanırdı. 1,7 kiloton trotil hasilatı olan döyüş başlığı Yer səthindən 170 km yüksəklikdə partladılıb. Məlum idi ki, nüvə partlayışı təkcə enerji və partlayış dalğası deyil, həm də elektromaqnit impuls yaradır ki, bu da rabitə və cihazların elektrik sistemlərində nasazlıqlara, habelə insan sağlamlığına təsir edən radioaktiv hissəciklərə səbəb ola bilər. Kosmosda atmosferin olmadığı yerdə partlayış dalğası əmələ gəlmir, lakin elektromaqnit dalğası potensial düşmənin raketlərinin elektrik cihazlarını sıradan çıxarmaq üçün əla üsul ola bilər. Beləliklə, kosmosda nüvə partlayışı Sovet raketlərinin qarşısını almağa və sıradan çıxarmağa, düşmənin danışıqlarını dayandırmağa və eyni zamanda yer üzündə dağıntı yaratmamağa imkan verəcəkdi. Bu hipotez təsdiqləndi. Qurğular sıradan çıxıb, partlayışdan 80 km aralıda isə rabitə olmayıb. Düzdür, təsir hərbçilərin gözlədiyi qədər güclü olmadı.

Daha sonra, eyni təcrübə zamanı zərərverici amilləri müqayisə etmək üçün üç gün fasilələrlə müxtəlif hündürlüklərdə (300 və 800 km) daha iki döyüş başlığı partladıldı. Nüvə sınağından əvvəl kosmosda radiasiyaya nəzarət etmək üçün Explorer 4 peyki buraxıldı. O, Yerin maqnit sahəsi ilə hərəkət edən radioaktiv hissəciklərin kəmərlərinin əmələ gəlməsini kəşf etdi. Buna görə də, auroralar cənub enliklərində və təkcə Conson Atoll yaxınlığındakı sınaq bölgəsində deyil, həm də Yerin əks nöqtəsində - Fici adasının yaxınlığında müşahidə edildi. İlk üç həftə “kəmərlər” aydın şəkildə qeyd edildi, lakin sonra onların intensivliyi zəiflədi. Partlayış qeyri-adi mənzərə-atəşfəşanlıq kimi qırmızı və bənövşəyi parıltılar yaradır. Bu parlaqlığın hətta korluğa səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırdı.

Həmçinin 1958-ci ildə bir sıra yer və atmosfer partlayışlarından sonra Birləşmiş Ştatlar nüvə sınaqlarının dayandırılmasına dair müvəqqəti moratoriuma qoşuldu. Bu 33 ay davam etdi. 1961-ci ildə Kubada baş verən münaqişədən sonra SSRİ rəhbərliyi müqavilədən çıxdı və sınaqlara başladı.

Kosmosda SSRİ-ə aid ilk bomba 27 oktyabr 1961-ci ildə partladı. R-12 ballistik raketi 150 km yüksəkliyə 1,2 kiloton TNT yükü atıb. Bir saat sonra eyni bomba 300 km yüksəklikdə partladıldı. Eksperimentə “K əməliyyatı” adı verildi. Nüvə partlamalarının təsiri Amerika təcrübəsinə yaxın idi. Vəziyyəti izləmək üçün Qaqarinin “Vostok” kosmik gəmisinin bazasında hissəcik detektorlarının əlavə edilməsi ilə yaradılmış “Kosmos-3” peyki orbitə buraxılıb. “K əməliyyatı” bununla bitmədi. Bir il sonra 300 kilotonluq daha güclü yüklər hazırlandı.

Bu partlayışları izləmək üçün “Kosmos-5” və “Kosmos-7” peykləri orbitə buraxılıb. Onlar vasitəsilə iyulun 9-da ABŞ-ın nüvə sınağının nəticələrini müəyyən etmək mümkün oldu. “Starfish Prime” kod adlı layihə çərçivəsində “Tor” daşıyıcı raketi 400 km yüksəkliyə 1450 kiloton gücünə malik bomba atıb.

Bu, həm keçmiş, həm də gələcək bütün digər kosmik partlayışlardan beş dəfə güclü olan dəhşətli partlayış idi. Eyni zamanda, heç bir səs, titrəmə yox idi. Lakin partlayışın yaratdığı parıltı hətta 6 min kilometr məsafədə göründü. Havayda bütün elektrik cihazları söndü. Sakit Okeanın demək olar ki, bütün ərazisində bir neçə gün ərzində Qütb parıltısı göründü. Radiasiya “kəmərləri” daha beş il ərzində qeydə alınıb.

Partlayış təkcə Yer kürəsində deyil, kosmosda da cihazların sönməsinə səbəb olub. Bütün mövcud peyklərin üçdə biri orbitdə sıradan çıxıb. Beləliklə, “Explorer-14”, “Traac”, “Tranzit 4B”, “Ariel-1” və hətta SSRİ-də gələcək sınaqları müəyyən etməli olan “Kosmos-5” peyki sıaradan çıxdı. Bu sınaqların nəticələrinin bu gün də ionosferdə elektrik boşalmaları və atmosferin yüksək təbəqələrində fon radiasiyasının kəskin artması şəklində müşahidə edildiyini iddia edən bir neçə elmi əsər var. Bu yerlərdə bombalarda istifadə olunan Cd-109 kadmiumunun konsentrasiyasında da artım qeydə alınıb.

1000 km yüksəklikdə başqa oxşar partlayış da planlaşdırılsa da, peyklərlə əlaqədar böyük problemlərin qarşısını almaq üçün Urraca adlı bu layihə ləğv edildi. ABŞ-ın növbəti uğurlu nüvə partlayışı Checkmate adlanır. Bu, daha kiçik bir yük idi - cəmi 7 kiloton. O, 1962-ci il oktyabrın 20-də 147 km yüksəklikdə partladılıb.

İki gün sonra, 1962-ci il oktyabrın 22-də sovet proqramı çərçivəsində üçüncü partlayış baş verdi və bu, SSRİ-də ən güclü partlayış idi. Bu partlayışın özəlliyi ondan ibarət idi ki, Qazaxıstanın çöl bölgəsində həyata keçirilib.

Yerli sakinlərin gözlərində yanmanın qarşısını almaq üçün partlayış ABŞ-da olduğu kimi gecə deyil, gündüz və buludlu havada həyata keçirildi. Flaş effekti hətta buludların arasından da nəzərə çarpırdı, lakin vizual müayinə aparılmadı. O vaxtdan bu günə kimi nüvə sınaqları keçirilməyib, lakin o zamankı sınaqların nəticələri bəzən indi də qeydə alınır.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya kosmosda təkcə, nüvə bombası yox, xüsusi meydança yaratmaq istəyir. Politoloqun sözlərinə görə, bu nüvə silahını yerləşdirmək üçündür: “Bu adi kosmik stansiya deyil. Rusiyanın buna nail olub-olmayacağı barədə indidən proqnoz vermək çətindir. Xeyli ağırlığı olan nüvə silahını, ona uyğun raketləri kosmosda yerləşdirmək çox böyük vəsait tələb edir.

Şəxsən mən bunun reallaşacağına inanmıram. Bildiyim qədər ABŞ 10 il öncə kosmosda nüvə silahını yerləşdirilməsinə dair kosmik aparatını quraşdırıb. Rusiya sadəcə olaraq ABŞ-yə çatmaq istəyir. Hər iki plan bəşəriyyəti tələb edən plandır”.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev “Yeni Müsavat” a açıqlamasında vurğuladı ki, bu məsələ illər əvvəl də gündəmdə olub:

photo_208095_1705692269-full.jpg (56 KB)

“Kosmosa nüvə silahı yerləşdirilməsi ilə bağlı xəbərlər əvvəllər də yazılıb. Dünyada bunu planlaşdıra biləcək qüvvə yoxdur. Nəyin sivilizasiya üçün təhlükə olub-olmadığını praktiki olaraq əsaslandıra bilmirlər. Hər dövlətin öz həqiqəti var. Antarktida elmi-tədqiqat işləri üçün nəzərdə tutulub. Amma kosmos üçün bu keçərli deyil. Hələ ki, kosmosla bağlı elmi məqalələrdə kosmosun zibillənməsi barədə yazırlar. Bütün bunlar kosmosa göndərilən aparatlara ciddi təhlükədir. Bəlkə də ABŞ hərəkətə keçib. Kim bilir? İstənilən halda digər ölkələr də bundan təsirlənəcək. Vaxtilə atom bombası bir neçə böyük ölkədə var idi, indi isə əksər ölkələr buna malikdir. Zamanla kiçik ölkələr də atom bombası əldə edə bilərlər. Bunun qarşısını almaq qeyri-mümkündür. Nəzarətsizlik sonda böyük faciələrə gətirib çıxara bilər. Pakistanın ərazisində nüvə qəbiristanlığı var. Deyilənə görə, bu əvvəlki sivilizasiyadan qalıb. Bu barədə Aristotel yazıb ki, biz 3-cü sivilizasiyayıq. Bəziləri hesab edir ki, bizdən öncəki sivilizasiyalar nüvə silahını əldə ediblər. Nəzarətsizlik ucbatından Yer kürəsində fəsadlar yaranıb və bütün sivilizasiyalar məhv olub. İnsan gec-tez öz yaratdığının qurbanı olur. Kosmosa nüvə bombası yerləşdirilsə, nəticə yaxşı olmaz. Bu yerdə deyil ki, nəzarət etmək mümkün olsun. İstənilən toqquşma nəhəng partlayışa səbəb ola bilər. Nüvə reaksiyası qarşısıalınmaz və fantastik qüvvəyə malikdir. Bu həqiqətən sivilizasiyanı yer üzündən silə bilər. Hətta 80-ci illərdə deyirdilər ki, SSRİ-nin planeti məhv etmək gücündə silahı var. Hazırda isə bir çox ölkənin dağıdıcı gücə malik silaha malik olduğu məlumdur. Hər bir halda faciədən sığortalanmamışıq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR