İnsanlara hürriyət, millətlərə istiqlal!

İmtahanda yüksək bal toplayan məzun:“Bu günün işini sabaha saxlamadım” – FOTOLAR

960 02.08.2024 11:23 Gündəm A A

2023-2024-cü tədris ili sona çatıb. İmtahan nəticələrinin açıqlanması ilə bir çox məzun tələbə adını qazanmağın sevincini yaşayır, eyni zamanda gələcək üçün planlar qurur. Təhsildə uğur qazanan belə gənclərdən biri də Abşeron rayonu Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbin builki məzunu Nəzrin Seyun qızı Haqverdiyevadır. O, nizam-intizamına, dərsə davamiyyətinə, yaxşı nəticələrinə görə həmyaşıdlarından fərqlənib, məktəbi qızıl medalla başa vurub, buraxılış və qəbul imtahanlarında ümumilikdə 683 bal toplayıb.

Onunla söhbətləşib uğurlarının sirrini Medianews.az oxucuları üçün öyrəndik.

N.Haqverdiyeva məktəb həyatında yaşadığı çətinliklərin öhdəsindən necə gəldiyini, uğur qazanmaq üçün nələr etdiyini və gələcək hədəflərini dilə gətirdi: “Mən Abşeron rayonu Mehdiabad qəsəbə 1 nömrəli məktəbin 11 D sinfinin məzunuyam. Qəbul imtahanlarına birinci qrup üzrə hazırlaşmışam. Birinci ixtisas qrupuna hazırlaşmağım riyaziyyat fənninə olan sevgimdən qaynaqlanıb. Hələ ibtidai sinifdən riyaziyyat fənninə xüsusi maraq göstərmişəm. Məhz bu fənnə üstünlük verdiyim üçün də ağlımda yalnız birinci ixtisas qrupuna hazırlaşmaq hədəfi olub. Bu ixtisas qrupunda riyaziyyat yönlü fənlər də var. Bu da məni qane edirdi. Bu hədəfimə, qarşıma qoyduğum məqsədə çatmaq üçün isə məndən əzmkarlıq, qətiyyət, əziyyətə qatlaşmaq, ən nəhayət səbir tələb olunurdu. Belə də etdim. Hələ imtahanlara hazırlaşmazdan öncə məktəb dərslərini bacardığım qədər yaxşı oxumağa çalışmışam. 9-cu sinifdən məktəblərlə yanaşı, hazırlıqlara da getməyə başlamışam. Bundan öncə isə heç vaxt hazırlığa getməmişəm. Mən düşünürəm ki, məktəb dərslərini bir şagird yaxşı oxuyursa, təməli yaxşıdırsa lap əvvəlcədən hazırlığa başlamağın heç bir mənası yoxdur. Məndə də təməl məktəbdən qurulub. Məktəb dərslərini çox yaxşı öyrənmişəm, hər bir dərsdə fəal iştirak etmişəm. Məktəb dərslərinə çox önəm vermişəm”.

N.Haqverdiyeva deyib ki, əgər gələcəkdə imtahanlarla bağlı hər hansı bir uğur qazanmaq istəyiriksə, bunun təməli məktəbdə qoyulmalıdır: “Təbii ki, mənim də əldə etdiyim uğurların təməli məktəbdə qoyulub. Hazırlıqlar isə biliyimi daha da təkmilləşdirib. Hazırlıq dönəmlərinə xüsusilə diqqət etmişəm. Heç vaxt səhərin dərsini fikirləşmədən yuxuya gedə bilməzdim. Hazırlıq tapşırıqlarını son günə saxlamır, hər birini əvvəlcədən hazırlamağa başlayırdım. Onu da qeyd edim ki, buraxlış imtahanı çox vacibdir. Baxmayaraq ki, riyaziyyat, Azərbaycan dili, xarici dil bizim aşağı siniflərdən keçdiyimiz fənlərdir, yenə də təkrarlamaq, oxumaq, yaddaşı yeniləmək vacibdir. Əminəm ki, digər həmyaşıdlarım, eləcə də gələcək məzunlar bu məsələyə çox diqqətlə yanaşır, diqqətlə oxuyurlar. 9-cu sinfin buraxılış imtahanından sonra 11-ci sinfin buraxılış imtahanı ikinci rəsmi imtahandır, həyəcansız olmur. Düşünürəm ki, buraxılış imtahanına ciddi hazırlaşmaq, prosesə məsuliyyətlə yanaşmaq blok imtahanında uğurun başlanğıcıdır”.

N.Haqverdiyeva təhsildə əldə etdiyi uğurlara görə müəllimlərinə, ailə üzvlərinə minnətdar olduğunu dilə gətirib: “Bu yolda ailəm, müəllimlərim çox dəstək oldular. Ailəm maddi və mənəvi cəhətdən mənə həmişə dəstək olub. Valdeyinlərim nə istəsəm, nə qərar versəm hər zaman dəstəkçim olublar. Xüsusən də əsas uğurumu öz əziyyətlərimlə yanaşı, valdeyilərimə borcluyam. Məktəbimizin direktoru başda olmaqla, bütün müəllimlərimiz də eyni qaydada dəstək olublar, çox sağolsunlar. Məktəbi uğurla bitirməyimdə, yüksək bal toplamağımda ən böyük səbəbkarlar onlardır. Saatın necə olmasından aslı olmayaraq, hər zaman mənə vaxt ayırıblar, birlikdə çalışmışıq. Onların əziyyətini heç vaxt unutmaram. Bunula yanaşı, insanın özündən də çox şey asılıdır. Müəllimin öhdəliyinə 40% məsuliyyət düşürsə, şagirdə 60% məsuliyyət düşür. Məncə, məsuliyyətli olan, qarşısına qoyduğu məqsəd və hədəf uğrunda yorulmadan çalışan, yeni nələrsə öyrənməyə cəhd edən insanlar daim uğur qazanırlar. Mən də belə etməyə çalışdım. Birinci qrup üzrə, yəni riyaziyyat-informatika istiqaməti üzrə hazırlaşmışam. Düşünürəm ki, əgər bir insanın hədəfi varsa, qarşısında heç bir baryer qala bilməz”.

N.Haqverdiyevanın sözlərinə görə, hər kəsin öz xüsusiyyətinə, xarakterinə uyğun formalaşdırdığı dərs oxumaq, hazırlaşmaq metodu olur: “Hər zaman vurğulayırlar ki, səhər oyanın, sabahları beyin daha açıq olur, daha yaxşı oxumaq olur. Amma mən heç vaxt onu edə bilməmişəm. Hazırlıqdan gəldikdən sonra bir necə saat yatıb daha sonra gecə dərslərimi etmişəm. Hər kəs yatdıqdan, evdə sakitçilik olduqdan sonra dərslərimə hazırlaşmışam. Sabahları oyandıqda yuxulu olurdum. Bundan başqa, gecə oxuduğum dərs səhər oxuduğumdan daha yaddaqalan olurdu. Məncə əsas bir xüsusiyyət də odur ki, dərsimi etmədən yata bilmirdim. Ona görə də sabah sübh tezdən heç vaxt dərs etməmişəm. Məşhur məsəldə deyildiyi kimi, bu günün işini sabaha saxlamamışam. Yaxud başqa bir türk məsəlində deyildiyi kimi, indi görəcəyin işi nə üçün sabaha saxlayırsan, bu gün dünənin sabahı deyilmi? Hər kəs fərqli xarakterə malik olduğu üçün öyrənmə üsulları da fərqli olmalıdır. Bu üsulu da şəxsin özü müəyyən etməlidir. Bundan başqa, imtahan üçün hazırlaşan hər bir şagird tapşırıqları işləyərkən mütləq səhvlər, çətinliklər üzə çıxır. Bu səhvləri müəllimdən soruşmaq, eyni şəkildə bir necə müddətdən sonra həmin səhvlərə yenidən baxmaq, onları yenidən yazmağa çalışmaq vacibdir. Dəfələrlə olub ki, bir sualı müəllim izah edib, başa düşdüyünü deyən şagird 3-4 gündən sonra həmin sualları yaza bilməyib. Məncə, bu çox vacibdir ki, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi sualları, testləri, əvvəlki illərin qəbul sınaqlarının hamsını bir-bir işləmək çox vacibdir. Əgər məsuliyyət, nizam-intizam varsa, həqqiqətən uğura can atmaq istəyirsənsə, o zaman heç kəs qarşını kəsə bilməz”.

N.Haqverdiyeva gələcək planlarından da söhbət açıb: “Biz bəzən danışanda deyirik ki, həyatımızın böyük bir hissəsi bitdi, ancaq məncə bitməyib. Həyatın əsas böyük hissəsi bundan sonra başlayır. Mən riyaziyyat-informatika üzrə hazırlaşdığım üçün İnformasiya Texnologiyaları yönümlü ixtisaslar seçməyi düşünürəm. Hansı ki, hər biri gələcəyin ixtisası adlanır. Robotlaşan, kompüterləşən bu dövür üçün əsas ixtisaslar İnformasiya Texnologiyaları yönümlü sahələrdir. Onlardan birini seçəcəyəm – informasiya təhlükəsizliyi, informasiya texnologiyaları. Bakı Ali Neft Məktəbində təhsil almağı düşünürəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR