Rusiyadakı yanacaq böhranı aviasiyaya da təsir göstərməyə başlayıb.
Musavat.com xəbər verir ki, Ukraynanın Rusiyada neft emalı zavodlarına rekord sayda zərbələrindən sonra bir neçə böyük hava limanı təyyarələrin yanacaq doldurulmasına məhdudiyyətlər tətbiq edib. Mahaçqala, Mineralnıye Vodı, Krasnodar, Həştərxan və Nijni Novqorod hava limanları pilotlara reaktiv yanacaq limitləri barədə bildirişlər göndərib. Yanacaq doldurulmasına yalnız müəyyən bir uçuş üçün tələb olunan həcmdə icazə verilir. Məsələn, Mahaçqala Dubaya uçuşlar üçün 8 ton, Minskə uçuşlar üçün isə 3,5 ton limit müəyyən edib.
Hələ may ayının sonlarında aviaşirkətlər təchizatçılardan Sankt-Peterburq, Yekaterinburq, Ufa və bir neçə digər şəhərdəki hava limanlarında müqavilə əsasında təyyarələrə yanacaq doldura bilmədikləri barədə məktublar alıblar.
Qiymətlər rekordlar qırır
Reaktiv yanacağın birja satışları faktiki olaraq dayandırılıb: 4 maydan bəri Sankt-Peterburq Əmtəə Birjasında heç bir reaktiv yanacaq müqaviləsi bağlanmayıb. Topdansatış qiymətləri martın əvvəlindəkindən 52 fsiz çox olan rekord həddə - 1 ton üçün 113.000 rubla yüksəlib. "Kommersant" qəzetinin mənbələrindən biri ticarət vəziyyətini belə təsvir edib: "1 iyunda ölkə daxilində yalnız üç sistern satılıb".
Səbəb və hökumətin reaksiyası
Problemlər neft emalı zavodlarına rekord sayda zərbələrdən sonra başlayıb: may ayında 16 zavoda zərbə endiridib və bu da Rusiyanın mərkəzi hissəsində neft emalını faktiki olaraq dayandırıb.
Energetika Nazirliyində keçirilən təcili iclasdan sonra hökumət daxili bazarı sabitləşdirmək üçün 1 iyundan 30 noyabra qədər reaktiv yanacağın ixracını qadağan etdi.
Bir neçə gün əvvəl Krasnodar diyarındakı yanacaqdoldurma məntəqələrində tələbatın artması və təchizatda fasilələr səbəbindən yanacaq satışı müvəqqəti olaraq dayandırılıb. Cənubdan gələn yanacaq böhranı artıq Sibirə yayılıb və Ukraynadan 5000 kilometr aralıda benzin rasionu tətbiq edilib.
Musavat.com






