Rusiyada yüzdən çox müddətli hərbi qulluqçunun zorakılıq və təzyiq altında Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edildiyi ortaya çıxıb.
Musavat.com xəbər verir ki, müxtəlif bölgələrdən olan 9 əsgərin valideynləri övladlarının məcburi şəkildə müqaviləyə cəlb olunması ilə bağlı Rusiya Hərbi Prokurorluğuna müraciət ediblər.
Hadisənin 2025-ci ilin dekabr ayında, çağırışçıların Primorsk diyarında yerləşən hərbi hissələrə qatarla aparıldığı zaman baş verdiyi bildirilir.
Valideynlərin sözlərinə görə, əsgərlər 8–15 dekabr tarixləri arasında, hələ qatarla yolda olduqları müddətdə birbaşa vaqonlarda müqavilə imzalamağa məcbur ediliblər. Söhbət 21634 və 16871 saylı hərbi hissələrə göndərilən çağırışçılardan gedir.
Yanvarın 22-də Müdafiə Nazirliyinin yoxlama qrupu 21634 saylı hərbi hissəyə gəlib. Lakin valideynlərin bildirdiyinə görə, yoxlamadan bir gecə əvvəl əsgərlər qərargaha çağırılaraq əvvəl verdikləri ifadələrdən imtina etməyə məcbur olunub.
Əsgərlər və onların ailə üzvləri bildiriblər ki, 7 gün ərzində zabitlər və serjantlar sistemli şəkildə gəncləri müqavilə imzalamağa vadar ediblər. Onlar döyülüb, yuxusuz saxlanılıb və turnikdə hərəkətlər etməyə məcbur edilib, fiziki və psixoloji təzyiqə məruz qalıblar. Bütün bunlar sənədləri imzalamağa razı salmaq məqsədi daşıyıb.
Məlumata görə, qatarda təxminən 300 çağırışçı olub və onlardan 100-dən çoxu öz iradəsi əleyhinə müqavilə imzalayıb. İndi isə həmin gənclərin yaxın vaxtlarda Ukrayna ilə sərhəd bölgələrə göndərilə biləcəyi ehtimal olunur.
Həmin qatarda olan və müqavilə imzalamağa məcbur edilən əsgərlərdən biri bildirib ki, bölmə komandiri, leytenant Artyom Xaritonov açıq şəkildə “müəyyən sayda adam toplamaq” tapşırığı aldığını deyib.
Əsgərin sözlərinə görə, komandir onları daim təhqir edib və cəzalar tətbiq edib:
“Bizə qışqırırdı. Hirslənəndə hamımız çömbəlməyə başlayırdıq. Sayırdım: bir, iki, üç, dörd, beş… Birdən deyirdi ki, yox, indi iki olacaq, yenidən başla. Hətta bəzi əsgərləri dişləyirdi. Doğrudan da dişləyirdi. Deyirdi ki, gəlin qarın əzələlərinizi yoxlayaq”.
Məlumata görə, müqavilə imzalayan gənclərin əksəriyyəti yaxın vaxtlara qədər məktəbli olub və hərbi xidmətə yeni başlayıblar.
Musavat.com






