Rusiya Federasiyasının daxili bölgələri və strateji şəhərləri bu gecə misli görünməmiş kütləvi hava hücumlarına məruz qalıb.
Musavat.com xəbər verir ki, gecə saatlarında Rostov şəhəri güclü zərbələrlə sarsılıb, hücumun əsas hədəfləri isə birbaşa mühüm dəmir yolu və liman infrastrukturu obyektləri olub. İlkin məlumatlara görə, strateji nəqliyyat qovşaqlarında ciddi dağıntılar qeydə alınıb.
Eyni vaxtda Belqorod şəhərində Rusiyanın əsas güc strukturlarının – Federal Təhlükəsizlik Xidməti (FSB) və Daxili İşlər Nazirliyinin (DİN) binaları birbaşa zərbələrə məruz qalıb. Hadisə şahidlərinin sözlərinə görə, güclü partlayış dalğasından sonra binalarda yanğın başlayıb və ətraf rayonlarda elektrik enerjisinin verilməsi tamamilə kəsilib.
Dəhşətli pilotsuz uçuş aparatlarının (PUA) hücumları təkcə sərhəd bölgələri ilə məhdudlaşmayıb. Rusiya daxilindəki Taqanroq, Yaroslavl və Penza şəhərlərində də ard-arda güclü partlayış səsləri ucalıb.
Rusiya ordusunun hava hücumundan müdafiə sistemlərinin kütləvi hücumun qarşısını almaqda çətinlik çəkdiyi bildirilir. Hazırda hücuma məruz qalan bütün regionlarda dağıntıların miqyası, strateji obyektlərə dəyən zərər və yaralananlar barədə məlumatlar dəqiqləşdirilir.
Musavat.com






